27 noyabr 2025 00:57
81

Azərbaycana 10 milyard dollardan çox yeni xarici investisiyalar yatırılacaq

Bəs ən çox sərmayə qoyan ölkə hansıdır?

Ölkə iqtisadiyyatının inkişafına ciddi şəkildə təkan verən amillərdən biri də şəffaf investisiya mühitinin yaradılması, eyni zamanda, rəqabət mühitinin sağlamlaşdırılmasıdır. Bu amillərdən səmərəli istifadə edən dövlətlər bu gün iqtisadi göstəricilərinə görə dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Azərbaycan dövləti də son 20 ildə investisiya mühitinin sağlamlaşdırılması istiqamətində ciddi islahatlar aparmış, müasir iqtisadi inkişaf texnologiyaları tətbiq etmişdir. Məhz bunun nəticəsidir ki, ötən 16 ildə ölkə iqtisadiyyatına 250 miyard dollardan çox sərmayə yatırılmışdır.

Qeyd edək ki, ölkəmizə investisiya yatırılması prosesinin sürətlənməsinin başlıca səbəbi bu sahənin  inkişafı üçün təkmil hüquqi bazanın yaradılmasıdır. Xüsusilə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin dövlət orqanlarında qeydiyyata alınması proseslərinin asanlaşdırılması məqsədilə  «Bir pəncərə» sistemi təbiq edilərək ölkəmizdə biznesə başlama prosedurları 15-dən 2-yə və bunun üçün sərf olunan vaxt 30 gündən 2 günə endirilmişdir Həmçinin fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyata alınması sistemi işlək vəziyyətdədir.  O cümlədən sərmayə yatıranlara vergilərdə bir xeyli güzəşt və azadolma mövcuddur.

Ölkəmizdə xarici investisiyaların qorunması məqsədilə  mövcud qanunlar davamlı olaraq təkmilləşdirilir.  Azərbaycanın investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya şuralarının təşkili, «İnvestisiya fəaliyyəti haqqında»  «Xarici investisiyaların qorunması haqqında», «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» qanunlarla və bir sıra normativ sənədlərlə tənzimlənir. Yəni, bu gün Azərbacanda xarici və yerli sahibkarın investisiyasına hər hansı təhlükə mövcud deyildir.

2025-ci ildə də ölkəmizdə investisiya yatırım sahəsində ciddi layihələrə imza atılıb. Belə ki, cari ilin  22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən  «Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi» mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda  müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər, biznes nümayəndələri, qlobal investorlar, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin, maliyyə institutlarının, beyin mərkəzlərinin, yerli və xarici medianın təmsilçiləri daxil olmaqla ümumilikdə 1000-ə yaxın iştirakçı yer almışdı. Tədbir çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur.

Yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı birgə müəssisənin yaradılmasına dair Sazişə əsasən ölkəmizə təqribən 700 mln. ABŞ dolları dəyərində xarici investisiya yatırılacaq. Sənəd «Daşkəsən Dəmir Filiz» MMC və «Fonte GreenMet Investments Fund OEIC Limited» investisiya şirkəti arasında imzalanıb.

Səudiyyə Ərəbistanının «ACWA Power» şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və istismarına dair dəyəri 407 milyon ABŞ dolları olan və xarici investisiya hesabına maliyyələşdirilən Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi imzalanıb. Bu layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir.

İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin «Modon Holding» şirkəti arasında «Şəhər daxilində şəhər» («City within a City») konsepsiyasının inkişafına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları təşkil edən konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.

İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında dövlət-özəl tərəfdaşlığı sahəsində potensialın artırılması, sözügedən nazirliklə  «MAN Truck & Bus SE» və «Improtex Trucks & Buses» şirkətləri arasında Azərbaycanda elektrik avtobuslarının istehsalı, İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi və «China Datang Overseas Investment Co» şirkəti arasında Azərbaycanda «Yaşıl Enerji Sənaye Parkı»nın yaradılmasına dair Anlaşma memorandumları, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Dünya İqtisadi Forumu arasında Assosiativ Mərkəz Əməkdaşlıq Sazişi, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və «Basalt Group» MMC arasında «Azerbazalt Elmi-İstehsalat Birliyi» MMC-yə dair Birgə İştirak Müqaviləsi, ABİF və «ARGS Holding» MMC arasında «AzerFloat» QSC-nin nizamnamə kapitalına investisiya qoyuluşuna dair Birgə İştirak Müqaviləsi, «EEL electric» MMC və «ABB Group» arasında Modulyar Panel Sistemlərinin Quraşdırılması üzrə Müqavilə imzalanıb.

Azərbaycanda fəaliyyət göstərən «See Breeze Resort» turizm zonası  ilə bir neçə ölkənin turizm və şəhərsalma şirkətləri arasında imzalanan sazişlər ümumilikdə ölkəmizə 500 milyon ABŞ dolları həcmində xarici investisiyanın cəlbini nəzərdə tutur.

Yuxarıda qeyd etdiyimiz Forum çərçivəsində imzalanan sənədlər və əldə edilən razılaşmalar Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Böyük miqyaslı sərmayələr Azərbaycanın investisiya cəlbediciliyini bir daha təsdiqləməklə yanaşı, innovasiya və texnologiya transferini sürətləndirir, dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda yeni imkanlar açır.

Digər mühüm məsələ isə SOCAR ilə «Italiana Petroli S.p.A.» və «MIP S.p.A.» arasında səhm alqı-satqısı Sazişi imzalanması oldu. Saziş Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunun möhkəmlənməsinə, Avropa bazarına birbaşa çıxış imkanlarının artmasına, dəyər zəncirinin genişlənməsinə və logistika üstünlüklərinin güclənməsinə mühüm töhfələr verəcək. Azərbaycanın beynəlxalq investor kimi artan gücünü nümayiş etdirən bu əməkdaşlıq SOCAR-ın dərin bilik və təcrübəsinə göstərilən etimadın bariz nümunəsidir.

Elçin Zaman, «İki sahil»