Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin satışı ilə bağlı növbəti elan verilib.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlaması zamanı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova deyib.
Onun sözlərinə görə, bu elan çərçivəsində agentliyin layihələri olan Hövsan yaşayış kompleksinin birinci mərhələsi, Hövsan yaşayış kompleksinin ikinci mərhələsi, Sumqayıt yaşayış kompleksi, Lənkəran yaşayış kompleksi və bu elan çərçivəsində ilk dəfə olaraq Binəqədi yaşayış kompleksi, Şirvan və Yevlax yaşayış kompleksləri üzrə ümumilikdə 627 mənzil satışa çıxarılıb.
“Mənzillərin satışına 3 dekabrda başlanılacaq və bu proses 12 dekabr tarixinədək davam edəcək. Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq mənzillərin seçiminə 9 dekabr tarixində başlanılacaq və 12 dekabr tarixinədək davam edəcək”, - deyə Diana Dadaşova vurğulayıb.
Qeyd olunub ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilərin əldə edilməsi elektron hökumət portalı üzərindən güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçilir. Yalnız güzəşli mənzil sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil seçimində iştirak edə bilərlər. Bu elan çərçivəsində qeyd edilən ümumilikdə 627 mənzil satışa çıxarılır və bütün mənzillər tam təmirli, mətbəx mebelli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacıları ilə təmin olmuş vəziyyətdə vətəndaşlara təklif olunur. Bu elan çərçivəsində satışa çıxarılan mənzilləri vətəndaşlar həm öz vəsaiti hesabına ödəniş üsulu ilə, həm də güzəştli ipoteka krediti vasitəsi ilə əldə edə bilərlər.
MİDA rəsmisinin sözlərnə görə, mənzilləri güzəşli ipoteka krediti vasitəsi ilə əldə etmək istəyən vətəndaşlar mütləq satış gününədək agent banklara yaxınlaşmalı və ilkin razılıq qərarını əldə edərək elektron kabinetlərində yerləşdirilməsini təmin etməlidirlər: “Yevlax yaşayış kompleksi istifadəyə tam hazırdır və burada gələcək sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Eyni zamanda, ərazidə istirahat guşələri və uşaq oyun meydançaları da tam hazırdır. Qeyd edim ki, bu elan çərçivəsində Yevlax yaşayış kompleksi üzrə 179 mənzil satışa çıxarılıb. Şirvan yaşayış kompleksi üzrə isə 216 mənzil satışa çıxarılıb”.
D.Dadaşova qeyd edib ki, hazırda yeni layihələrin də icrası həyata keçirilir. Belə ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 2,31 hektar torpaq sahəsində artıq yeni binaların tikintisində başlanılıb və sürətlə davam edir.
“Bununla yanaşı Hövsan qəsəbəsində 5,83 hektar torpaq sahəsində və eyni zamanda Abşeron Rayonunun Saray qəsəbəsində 4, 5 hektar torpaq sahəsində yeni yaşayış komplekslərinin tikintisində başlanılması üçün sənədləşdirmə işləri həyata keçilir. Bununla yanaşı, agentliyin növbəti layihələrindən birinin Naxçıvanda reallaşdırılması nəzərdə tutulub. Artıq Naxçıvanda yeni yaşayış kompleksinin inşasının həyata keçirilməsi üçün layihələndirmə işlərinə başlanılıb”, - deyə Diana Dadaşova qeyd edib.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı yerləşmə vasitələri ilə görüş keçirilib
Misir Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərə bilər