İşğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabr ayından 2025-ci il noyabrın 27-dək icra edilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 242 min 700 hektar ərazi təmizlənib, 169 min 972 ədəd partlamamış hərbi sursat, 39 min 728 ədəd piyada əleyhinə mina, 22 min 822 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov bildirib.
Onun sözlərinə görə, humanitar minatəmizləmə fəaliyyətində ən müasir avadanlıqlardan istifadə olunur: “Əməliyyatlarda maqnetik-lokator və detektorlardan, xüsusi təyinatlı məsafədən idarə olunan mexaniki minatəmizləmə vasitələrindən, “large-loop” adlanan geniş əhatəli metal detektorlardan, dərin axtarış cihazlarından, sahələrdə coğrafi koordinatların dəqiq əldə edilməsi üçün DGPS kimi avadanlıqlardan, təlimlərin keyfiyyətinin artırılması üçün müxtəlif təlim simulyatorlarından istifadə edilir. Bütün bu texnologiyalar bir-birini tamamlayaraq əməliyyatların dəqiq və təhlükəsiz icrasına şərait yaradır. Ərazinin çirklənmə səviyyəsi və relyefinə görə bəzən bir ərazidə bir neçə təmizləmə metodologiyası tətbiq edilir”.