11 dekabr 2025 02:33
277

Sağlam olmaq üçün belə yeriyin...

Geriyə doğru yerimək gündəlik idman rutininə dəyişiklik etmək və işlək olmayan əzələləri gücləndirmək istəyənlər üçün sadə, lakin təsirli üsullardan biridir. Mütəxəssislərin sözlərinə görə, bu, monoton hərəkət ardıcıllığını pozaraq daha effektiv məşq imkanı yaradır.

Nevada Universitetinin (Las-Veqas) biomexaniki, idmançı və tədqiqatçı Janet Dufek bildirir ki, geri hərəkət zamanı bədən tam fərqli biomexanik tələblərlə üzləşir. Onun sözlərinə görə, geri-geri yerimək hamstring (budun arxa hissəsi) əzələlərini dartır, daha az işlək olan əzələləri gücləndirir və beyni yeni hərəkətə uyğunlaşmağa məcbur edir.

Dufekin sözlərinə görə, insanların gəzmək üçün çox vaxt ayırmaqları əlbəttə yaxşıdır. Amma onlar hər gün eyni hərəkət mexanizmini təkrarlayırlar. Geriyə doğru yerimək isə bədən üçün bir növ çarpaz məşq təsiri yaradır.

Fərdi məşqçi Kevin Patterson geriyə doğru yeriyərək məşq etməyə yeni başlayanlara bunu ilk olaraq qaçış zolağında sınamağı tövsiyə edir. Onun sözlərinə görə, sürəti yavaş tənzimləmək və yan tutacaqlardan istifadə etmək yıxılma riskini xeyli azaldacaq. Bununla yanaşı, o, bəzi hallarda əzələlərin daha intensiv işləməyini təmin etmək üçün qaçış zolağını söndürərək müştərilərdən lenti öz qüvvələri ilə hərəkət etdirmələrini istədiyini bildirib.

Dufek geri yeriyərək məşq etməyə qısa intervallarla başlamağı məsləhət görür: 10 dəqiqəlik gəzintinin ardından 1 dəqiqəlik geri yerimək və zamanla müddəti artırmaq mümkündür. Daha təhlükəsiz olması üçün bunu tərəfdaşla etmək də təklif olunur. Biri geri, biri isə irəli yeriyərək qarşı tərəfi yönləndirə bilər.

Bərpa və reabilitasiya üçün də istifadə edilir

Fizioterapevtlər də geriyə doğru yeriməni əməliyyat sonrası reabilitasiya mərhələsində və diz zədələrini sağaltmaq üçün tətbiq edirlər. Dufekin sözlərinə görə, bu zaman ayaq yerə dabanla deyil, ön hissə ilə toxunur və diz oynağı daha az yüklənir. Bu xüsusiyyət, oynağı yormadan aktiv qalmağa imkan verir.

Geri-geri qaçmaq və geriyə doğru hərəkət bir çox idman növlərində, xüsusilə basketbol, futbol və amerika futbolunda istifadə olunan əsas bacarıqlardan biridir. Dufek deyir ki, basketbolçu olduğu dövrdə vaxtının təxminən 40 faizini müdafiədə geriyə doğru qaçaraq keçirib.

Şahnigar Əhmədova, "İki sahil"