15 dekabr 2025 16:30
168

“SOCAR Türkiyə” Orta Doğu Texniki Universiteti ilə yeni inkişaf proqramına start verir

Enerji sektorunda transformasiyanı sürətləndirmək və ixtisaslı insan kapitalının inkişafına töhfə vermək məqsədilə “SOCAR Türkiyə” Orta Doğu Texniki Universiteti (ODTÜ) ilə birgə yeni inkişaf proqramını həyata keçirir. Ankarada Türkiyənin ən iri birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə” tərəfindən Orta Doğu Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil edilən “Enerjidə Transformasiya və Strateji İnkişaf Sertifikat Proqramı”nın təqdimat mərasimi keçirilib.

Tədbirdə Türkiyə Respublikasının enerji və təbii sərvətlər nazirinin müavini Zafer Demircan, Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov və ODTÜ-nün prorektoru, professor Tülin Gencöz iştirak ediblər.

Enerji transformasiyası, rəqəmsallaşma və dayanıqlılıq

“Enerjidə Transformasiya və Strateji İnkişaf Sertifikat Proqramı” enerji transformasiyası, rəqəmsallaşma və dayanıqlılıq sahələrində çalışan və ya bu istiqamətlər üzrə ixtisaslaşmaq istəyən dövlət sektoru əməkdaşları üçün hazırlanıb. Sertifikat proqramı vasitəsilə iştirakçılara enerji transformasiyası, rəqəmsallaşma, dayanıqlılıq, süni intellekt, məlumatların idarə olunması, enerji təhlükəsizliyi, yaşıl maliyyə və karbon idarəetməsi kimi istiqamətlər üzrə müasir və bütöv yanaşma formalaşdırılması hədəflənir.

Ümumilikdə 32 saat davam edəcək proqramın təlimlərinin 90 faizi onlayn formatda, 10 faizi isə açılış və bağlanış tədbirlərindən ibarət əyani sessiyalar şəklində təşkil olunacaq. Təlimlər ODTÜ-nün akademik heyəti və “SOCAR Türkiyə”nin təcrübəli rəhbər və mütəxəssisləri tərəfindən keçiriləcək.

Universitet-özəl sektor əməkdaşlığının innovativ nümunəsi kimi diqqət çəkən proqram Türkiyədə özəl sektor tərəfindən dövlət qurumlarının əməkdaşları üçün hazırlanmış enerji yönümlü ilk sertifikat proqramı xüsusiyyətini daşıyır. Enerji sektorunun sürətlə dəyişən dinamikasına uyğunlaşa bilən səriştəli insan kapitalının formalaşdırılmasını hədəfləyən proqram, aktual bilik bazası ilə dəstəklənən əhatəli təlim modeli vasitəsilə yeni nəsil bacarıqların qazandırılmasını nəzərdə tutur.

Enerji sektorunun gələcəyinə yatırılan sərmayə

Təqdimat mərasimində çıxış edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər nazirinin müavini Zafer Demircan proqramla bağlı fikirlərini bölüşərək bildirib ki, nazirlik olaraq enerji sektorunun müxtəlif sahələri üzrə təşkil edilən çoxsaylı tədbirlərdə iştirak edirik: “Bu gün burada təqdim olunan proqramın bizim üçün xüsusi əhəmiyyəti var. Bir ölkənin təbii ehtiyatlara, faydalı qazıntılara və ya enerji potensialına malik olması, şübhəsiz ki, önəmlidir. Ancaq bütün bu imkanları gələcəyə daşıyacaq ən dəyərli amil insan kapitalıdır. İnsan resursları yeraltı sərvətlər kimi emal olunmalı, inkişaf etdirilməli və gələcəyin tələblərinə uyğun formalaşdırılmalıdır. Bu baxımdan ixtisaslı kadrların səriştələrinin artırılması, sektorun transformasiyasına töhfə verəcək bilik və bacarıqlarla təmin edilməsi strateji əhəmiyyət kəsb edir. Bu proqramı da dövlət sektorunda çalışan əməkdaşlarımızın enerji transformasiyası, rəqəmsallaşma və dayanıqlılıq kimi mühüm sahələrdə inkişafına töhfə verən, ölkəmizin gələcəyinə yönəlmiş dəyərli bir investisiya kimi qiymətləndiririk”.

Türkiyədə ixtisaslı insan kapitalının gücləndirilməsinə yönəlmiş strateji addım

“SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov isə çıxışında qeyd edib ki, sertifikat proqramı yalnız inkişaf təşəbbüsü kimi dəyərləndirilmir: “Bu proqram enerji sektorunun transformasiyasına, dövlət və özəl sektor arasında ortaq bilik istehsalına, həmçinin Türkiyədə ixtisaslı insan kapitalının gücləndirilməsinə yönəlmiş strateji addımdır. Proqramı enerji sektorunun gələcəyinə yatırılan sərmayə kimi qiymətləndiririk. İnanıram ki, bu təşəbbüs enerji transformasiyası, rəqəmsallaşma, dayanıqlılıq və məlumatların idarə edilməsi kimi kritik sahələrdə çalışan dövlət sektoru mütəxəssislərinin bilik və bacarıqlarını artıracaq, eyni zamanda, hamımıza yeni imkanlar qazandıracaq”.

İnteqrasiya olunmuş təlim modeli

ODTÜ-nün prorektoru, professor Tülin Gencöz isə proqramla bağlı çıxışında bildirib ki, sürətlə dəyişən dünyada enerji transformasiyası təkcə texnoloji yenilənmə prosesi deyil, eyni zamanda, çoxparametrli, məlumat tutumlu və fənlərarası xarakter daşıyan optimallaşdırma problemidir: “Bu səbəbdən universitetlərin rolu təkcə bilik istehsalı ilə məhdudlaşmır, eyni zamanda, bu transformasiyanın tələb etdiyi analitik infrastrukturun və sistemli düşüncə tərzinin cəmiyyətə qazandırılmasını da əhatə edən strateji missiyaya çevrilir. Bu kontekstdə ODTÜ olaraq sertifikat proqramını enerji səmərəliliyi, şəbəkə çevikliyi, rəqəmsal texnologiyaları, karbon idarəetməsi və enerji təhlükəsizliyi sahələrində dövlət qulluqçularının səriştələrinin gücləndirilməsi məqsədilə hazırlamışıq. Bu əməkdaşlıq sektordakı transformasiyanı yalnız izləyən deyil, transformasiyanın əsas parametrlərini müəyyən edən insan kapitalının yetişdirilməsinə xidmət edir. Enerji ekosisteminin gələcəyi düzgün məlumat idarəetməsi, düzgün modelləşdirmə yanaşmaları və elmi əsaslara söykənən siyasət formalaşdırılması ilə müəyyən olunacaq. Bu proqram məhz həmin prinsipləri mərkəzə alan inteqrasiya olunmuş təlim modeli təqdim edir”.

Təqdimat mərasimi çərçivəsində açılış çıxışlarından sonra təşkil olunan “Enerjidə Transformasiyada Liderlik” panelində “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov və “GAMA Enerji” şirkətinin İdarə Heyətinin üzvü və baş direktoru Tamer Çalışır məruzəçi qismində çıxış ediblər.

Orxan Vahidoğlu, “İki sahil”