Prezident cənab İlham Əliyevin 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı irəli sürdüyü təşəbbüslər dövlətçiliyimizin möhkəmləndirilməsinə, hüquqi-siyasi islahatların dərinləşdirilməsinə və humanist dəyərlərin təşviqinə xidmət edir. Bu mühüm təşəbbüslər sırasında amnistiyanın elan edilməsi xüsusi əhəmiyyət daşıyır. Amnistiya təşəbbüsü Azərbaycan dövlətinin hüquqi, sosial və humanist siyasətinin bariz nümunəsidir. Bu addım Konstitusiyamızın əsas prinsiplərinə – insan hüquq və azadlıqlarının qorunmasına, ədalət və mərhəmət anlayışlarının üstün tutulmasına əsaslanır.
Syasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanan Azərbaycan xalqının Liderinin rəhbərliyi ilə həyata keçirilən bu təşəbbüs cəmiyyətin sağlamlaşdırılmasına, sosial ədalətin möhkəmləndirilməsinə və insanların gələcəyə inamının artırılmasına yönəlib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi dövlətimizin suveren hüquqlarının tam bərpa olunması fonunda xüsusi rəmzi məna kəsb edir. Bu təşəbbüs bir daha göstərir ki, Azərbaycan güclü dövlət olmaqla yanaşı, eyni zamanda humanist və hüquqa əsaslanan idarəçilik modelinə sadiqdir.
Amnistiya aktı yalnız hüquqi qərar deyil, həm də sosial mahiyyət daşıyan addımdır. Ailələrin birləşməsi, sosial gərginliyin azalması, cəmiyyətin sağlamlaşması kimi mühüm nəticələr amnistiyanın praktiki təsirlərində öz əksini tapır. Eyni zamanda, bu qərar islah olunma yolunu seçmiş şəxslərə yeni həyat şansı verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, cəza siyasətinin humanistləşdirilməsi və vətəndaş hüquqlarının daha etibarlı təminatı amnistiya təşəbbüsünün məntiqi davamı kimi çıxış edir. Dövlət başçısının siyasi iradəsi hüquq sistemində balanslı, ədalətli və şəffaf mexanizmlərin formalaşmasına əsaslanır.
Beləliklə, Amnistiya aktı müəyyən kateqoriyadan olan şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsi yolu ilə onların cəmiyyətə reinteqrasiyasına imkan yaradır. Bu isə sosial sabitliyin qorunmasına, ailə institutunun möhkəmlənməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir. Bu addım ölkəmizin ədalətə, humanizmə və suverenliyə əsaslanan inkişaf yolunda qətiyyətinin növbəti təsdiqidir.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri