Martın 12-də Bakıda «Gülüstan» sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə «Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması» mövzusunda XIII Qlobal Bakı Forumu öz işinə başladı. Qeyd edək ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci ildə böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib.
Sözügedən beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunu oynayır. Müxtəlif regionlardan iştirakçıların qatılması Forumun genişmiqyaslı təsirini və beynəlxalq arenada əhəmiyyətini, ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirir. Bu, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi nüfuzunu artırır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumundakı çıxışında bildirdi ki, «Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir. Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm, bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir.»
Prezident İlham Əliyev çıxışında 30 ilik işğal dövrü ilə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarını da diqqətə çatdırdı. Bildirdi ki, «2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, müasir dedikdə son onilliklərdə nadir bir təcrübədir.»
Müzəffər Ali Baş Komandanımz Forumdakı çıxışında Azərbaycanın enerji təcrübəsindən də geniş danışdı: «Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır» deyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı, ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.»
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri