18 dekabr 2025 15:14
154

Beyini səssizcə məhv edən 6 əlamət - DİQQƏT EDİN!

Orta yaşda müşahidə edilən bəzi depressiya əlamətləri 20 ildən sonra beyniniz üçün ciddi risk yarada bilər

Yeni araşdırma demensiyanı proqnozlaşdıran altı kritik simptom aşkar edib. Depressiya və demans arasındakı əlaqə uzun müddətdir ki, tədqiqatçıların diqqət mərkəzindədir. Beləliklə, hansı simptomlara diqqət yetirməlisiniz və erkən müdaxilə həqiqətən fərq yarada bilərmi?

Önümüzdəki illərdə dünyada demans hallarının sürətlə artacağı gözlənilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər tədbir görülməsə, 2060-cı ilə qədər hər il 1 milyon yeni demans hadisəsi ilə üzləşə bilərik. Bu kontekstdə aparılan araşdırma həm fərdi məlumatlandırma, həm də sağlamlıq siyasətləri baxımından əhəmiyyətli nəticələr təqdim edir.

London Universitet Kollecinin tədqiqatçıları tərəfindən bu məsələ ilə bağlı araşdlrma aparılıb. Tədqiqatda əksəriyyəti kişi olmaqla 5811 orta yaşlı iştirakçının məlumatları təhlil edilib. 45-69 yaş aralığında və demans diaqnozu olmayan iştirakçılar anket vasitəsilə depressiya əlamətlərini qeyd ediblər. Onların sağlamlıq vəziyyəti daha sonra 25 il ərzində yaxından izlənilib.

Həmin dövrdə iştirakçıların təxminən 10 faizində demans inkişaf edib. Ətraflı təhlillər orta yaşda depressiya diaqnozu qoyulan fərdlərin demans inkişaf riskinin yüzdə 27  faiz daha yüksək olduğunu ortaya qoyub. Tədqiqatçılar müəyyən ediblər ki, bu təəccüblü artım xüsusilə 60 yaşdan kiçik insanlarda ortaya çıxan 6 depressiya simptomundan qaynaqlanır.

Həmin əlamətlər bunlardır:

1- Güvən itkisi

2- Problemlərin öhdəsindən gələ bilməmək

3- Başqalarına qarşı sevgi və mehribanlığın olmaması

4- Daim gərginlik hissi

5- Tapşırıqların yerinə yetirilməsindən narazılıq

6- Konsentrasiyada çətinlik

Xüsusilə, özünə inamın itirilməsi və problemlərin öhdəsindən gəlməkdə çətinlik çəkmə demans riskini 50 faiz artırır. Bunun əksinə olaraq, aşağı əhval-ruhiyyə, intihar düşüncələri və yuxu problemləri kimi digər depressiv simptomların demans ilə əhəmiyyətli əlaqəsi yoxdur.

Tədqiqat qrupu araşdırmanın məhdudiyyətlərini də qeyd edir. Xüsusilə, bu altı müəyyənedici simptomun qadınlara da aid olub-olmadığı hələ aydın deyil.

Demans üçün məlum bir müalicə olmasa da, mövcud müalicələr metodları xəstəliyin gedişatını yavaşlatmağa kömək edə bilər. Mütəxəssislər vurğulayırlar ki, orta yaşda ortaya çıxan depressiya əlamətlərinə erkən müdaxilə beyin sağlamlığının uzunmüddətli perspektivdə qorunması üçün kritik əhəmiyyət kəsb edir.

Vüsal Cahanov, “İki sahil”