Akademik Yusif Məmmədəliyev - 120
Türk dünyasının fəxri, akademik Yusif Məmmədəliyev yüksək insani keyfiyyətlərə malik nadir bir şəxsiyyət idi. Böyük alim olmaqla bərabər, həm də kasıb tələbələrə qayğı göstərən, onlara arxa duran gözəl insan idi. Onun yüksək keyfiyyətlərini şəxsi həyatında hiss etmiş tanınmış alimlərimizdən biri yetmiş illik xatirələrini həmişə yad edib.
Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) prorektoru vəzifəsində çalışmış professor, Əməkdar elm xadimi, politoloq İmran Cəfərzadə görkəmli alimi yaxından tanıdığını, insanpərvərliyinin şahidi olduğunu bildirmişdir. O, söyləyirdi ki, II Dünya müharibəsi başlananda atasını və anasını çox erkən itirərək ağır günlər, illər yaşamışdır. Babasının himayəsində qalmışdı. Həyatın hər cür yaman gününü görmüş babası hərdən balaca İmranı qucaqlayıb bağrına basır, titrək səslə deyirdi: Sən mənim oğlumun yeganə yadigarı, ocağımın çırağısan, ümidimsən. Sonra gözlərindən iki damla yaş sıçrayıb saqqalı aşağı süzürdü. Babanın çoxlu arı ailəsi vardı, ildə pətəklərdən bir tona qədər bal süzür, artığını bazarda satırdı. Həyətyanı sahəsində tonlarla kartof yetişdirir, qazandığı pullarla nəvəsinin sıxıntı çəkməsinə imkan vermirdi. Qoca düşünürdü ki, bununla da həyatdan vaxtsız gedən oğlunun və gəlininin ruhunu sevindirir.
Ata-ana nəvazişindən erkən məhrum olmuş, həyatdan küskün düşmüş İmran böyüyüb məktəbə getdi, mehrini kitablara saldı. Tay-tuşları oynamağa gedəndə İmran onlara qoşulmur, evdə dərslərini hazırlamaqla məşğul olurdu. Buna görə də həmişə bütün fənlərdən “5” qiymət alırdı. Bu, o zaman ən yüksək nəticə hesab olunurdu. İllər beləcə keçdi, 1952-ildə Ağdamda oxuduğu orta məktəbi qızıl medalla bitirdi. Medalçı kimi universitetdə bir imtahandan yüksək qiymət alaraq qəbul edildi. Aldığı yüksək qiymətlərə görə onu məşhur Lomonosov adına Moskva Dövlət Universitetndə təhsil almağa göndərdilər. Arzusu elektron cihazlar üzrə mühəndis olmaq idi.
İmran müəllim xatırlayırdı ki, babası hər ay ona pul göndərir, korluq çəkməyə qoymurdu. O da qaldığı tələbə yataqxanasında elmin sirlərinə dərindən vaqif olmağa çalışırdı. Oxumaqdan, öyrənməkdən yorulmurdu. Tələbə yoldaşları dərsdən sonra bəzənib-düzənib şəhəri gəzməyə gedəndə onu da səsləyirdilər. Lakin İmran hərdən bir bəhanə gətirərək heç yerə getmir, dərslərini hazırlayır, boş vaxtlarında dünya klassiklərinin əsərlərini mütaliə edirdi. Dostları onu özləri ilə aparmaq üçün dilə tutur, alınmayanda ona atmaca ilə təsir göstərməyə çalışır:- Ə, qızsan, niyə getmirsən?-deyirdilər. O isə-nə istəyirsiniz deyin, məni bura gəzməyə deyil, elm öyrənməyə göndəriblər-cavabını verirdi. Bu minvalla İmran Cəfərzadə universiteti fərqlənmə ilə bitirdi. Artıq o, məzun idi və doğma Ağdama qayıdıb orada maşın-hesablama idarəsində mühəndis işləyəcəkdi.
...Universitetdə məzunlarla vida görüşü keçirilirdi. Görüşdə əlaçı tələbə kimi İmran Cəfərzadəyə də söz verildi. Utancaq xarakterli məzun heç yana baxmadan tribunaya qalxdı. Tələbə həyatı və müəllimlərin qayğıkeşliyindən və tələbkarlığından danışdı. Rus dilində sərbəst və məntiqli çıxışı alqışlarla qarşılandı.
...Görüş bitmiş, məzunlar öz otaqlarına qayıtmışdılar. Məzmunlu və rəvan çıxışına görə tələbə dostları bir-bir gəlib onu təbrik edirdilər. Axı, o, maraqlı çıxışı ilə bütün azərbaycanlı tələbələrin üzünü ağartmışdı. Günortadan sonra dekanlıqdan bir nəfər gəlib İmrana bildirdi ki, Azərbaycan Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev rektorun otağında səni gözləyir.
İmran Cəfərzadə çaşqın vəziyyətə düşdü. Axı, dünya alimlərinin tanıdığı akademik Yusif Məmmədəliyev hara, o hara? O böyüklükdə alim onu nə tanıyır, haradan tanıyır, akademikin ona nə sözü ola bilər? Amma özünü toparlayıb getdi. Universitetin rektoru, akademik Nikolay Zelinski köməkçisi vasitəsi ilə onu dərhal qəbul etdi. İmran otağa daxil olub qapının yanında dayandı, içəri ani nəzər saldı. Ortada var-gəl edən bəstəboy, yaraşıqlı adamı bir baxışda tanıdı. Akademik Yusif Məmmədəliyev idi. O, İmranı yaxına çağırıb ona əyləşmək üçün yer göstərdi. Sonra sözə başladı:
-Bayaqkı çıxışını diqqətlə dinlədim, xoşuma gəldi. Düşünürəm ki, gedəcəksən rayona bir idarədə mühəndis işləyəcəksən, bəlkə də ömrün boyu elə orada batıb qalacaqsan. Amma mən səni elm adamı kimi görmək istəyirəm, düşünürəm ki, səndən yaxşı alim olar.
İmran Cəfərzadə susub diqqətlə akademiki dinləyirdi. Yusif müəllim rektoru göstərərək sözünə davam etdi:
-Mən Nikolay Dmitriyeviçdən xahiş edəcəm ki, burada qalmağına, təhsilinə lazımi şərait yaratsın. Özüm də sənə maddi yardım edəcəm. Sən valideynlərinlə məsləhətləş, fikrini mənə bildir.
İmran bir az düşünüb boğuq səslə cavab verdi:
-Hörmətli akademik, atamı-anamı uşaq ikən itirmişəm, məni qoca babam böyüdüb, onun fikri-zikri məni arzularıma çatdırmaqdır. Ona görə də mən sizin məsləhətinizi qəbul edirəm.
İmran müəllim nəql edirdi ki, Yusif Məmmədəliyev Nikolay Zelinsidən xahiş etdi ki, mənim aspiranturaya qəbul olunmağıma kömək etsin və aspirantların binasında mənə ayrıca mənzil versin. Əslində mənim imtahanlarda heç bir köməyə ehtiyacım yox idi.
Aspiranturaya qəbul imtahanlarından yaxşı qiymətlər alaraq aspirantların cərgəsinə qoşuldum. Orada iki il oxumalı idim, ancaq mən il yarım müddətində götürdüyüm elmi işi müdafiə edərək vaxtından əvvəl alimlik dərəcəsi aldım. Heç cür unuda bilmərəm ki, Moskvada qaldığım iki ildə Yusif Məmmədəliyev hər ayın 1-də mənə 300 manat pul göndərirdi. O pul mənə bəs edirdi, hələ artıq da qalırdı. Beləliklə, mən aspiranturanı bitirdim, Bakıya gənc alim kimi qayıtdım. Yolda düşünürdüm ki, Bakıda ilk növbədə Elmlər Akademiyasına gedib Yusif müəllimə öz minnətdarlığımı bildirəcəm. Düşündüyüm kimi də etdim. Ertəsi gün Elmlər Akademiyasına gedib prezidentin qəbul otağında gözlədim. Köməkçisi içəri keçib mənim gəldiyimi bildirdi. Çox gözləmədim, bir azdan köməkçi məni prezidentin otağına buraxdı. Yusif müəllim məni gülərüzlə qarşıladı:
-Gəl, İmran, keç əyləş-dedi.
Mən əyləşdim, minnətdarlıq etmək istədim. O, əlini qaldırıb:- Çöhrəsində razılıq hissi ilə- bilirəm nəyə gəlmisən, ancaq lazım deyil. İndiyədək sənin kimi yüzlərlə tələbəyə kömək etmişəm və bundan çox məmnunam. Elmə xidmətdən şərəfli heç nə yoxdur. Get, həyatda sən də mənim kimi ol, imkansız istedadlı tələbələrə təmənnasız kömək et.
Susub sakitcə dinləyirdim, ancaq böyük akademikin sözlərini indiyədək unutmamışam. Vəzifələrdə işlədiyim uzun illər ərzində mən də yüzlərlə tələbəyə təmənnasız kömək etmişəm. Kiminin oxumağına, kiminin maddi vəziyyətinin normallaşmasına, kiminin işə düzəlməyinə yardım əlimi uzatmışam. Onlardan yüksək vəzifələrdə işləyənlər var. İndi müdrik müəllilimimin müqəddəs ruhu qarşısında üzüm ağdır. Fəxr edirəm ki, mən görkəmil akademikin yolunu davam etdirmişəm. Bunu həyatda ən böyük uğurum və həyatımın mənası hesab edirəm.
Sonralar İmran müəllim dünya elminin bayraqdarlarından biri olan Yusif Məmmədəliyevin xeyirxahlıqları barədə yazdığı kitablarından birində şirin xatirələrini qələmə alıb. Həmin xatirələrdə akademikin nümunə olan digər məziyyətlərindən də danışılır. O, dünya elminin korifeylərindən biri olan alimin həyatını heykəlləşən ömür adlandırırdı.
Vəli İlyasov, “İki sahil”