1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə Ermənistanda azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınıb. Deportasiya və qırğınlardan əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcması doğma yurdlarından amansız şəkildə qovulanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməyə çalışır. Amma təcavüzkar ölkənin rəsmiləri bunu Ermənistana qarşı ərazi iddiası, həm də aqressiv və təhlükəli addım kimi hallandıraraq prosesə mane olmaqda davam edir.
Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Almaniyanın Hamburq şəhərində jurnalistlərlə görüşündə bildirib ki, Azərbaycanda bir tərəfdən "Qərbi Azərbaycan" ifadəsini dilə gətirirlər, digər tərəfdən Qarabağ ermənilərinin qayıdışı məsələsinə "ilişirlər". Bəri başdan qeyd edək ki, "Qərbi Azərbaycan" ifadəsini dilə gətirilməsi tamamilə təbiidir. Belə ki, Qarabağ ermənilərindən fərqli olaraq onlar öz yurdlarını könüllü tərk etməyiblər. Hətta Qarabağın erməni əhalisi ilə Azərbaycan hakimiyyətinin nümayəndələri arasında danışıqlar da aparılıb. Yəni, Azərbaycan Qarabağdan erməni əhalinin köçməsində heç zaman maraqlı olmayıb. Azərbaycanın istəyi bölgədə yaşayan erməni əhalinin reinteqrasiyasına nail olmaq, onları təxminən son 30 ildə Ermənistanın və qanunsuz separatçı xunta rejiminin girovluğundan qurtararaq, ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatına qovuşdurmaq olub. Təəssüf ki, onlar erməni daşnaklarının təsiri altında bölgəni tərk etməyə üstünlük veriblər. Bunu sübut edən faktlar da kifayət qədərdi.
Hətta Qarabağdan erməni əhalinin köçməsinin könüllü olması ilə bağlı “YouTube” video-hostinqində hayların özlərinin çoxlu etirafları var. Onlar etiraf edirlər ki, Azərbaycan onların gedişini arzulamırdı. Həmçinin bildirirlər ki, Bakı Qarabağın erməni sakinlərinə Azərbaycan vətəndaşlığını qəbul etməyi və orada qalmağı təklif edirdi. Bütün bunlar isə o deməkdir ki, heç bir erməni Azərbaycandan məcburi köçkünə çevirməyib.
Bu məqamda Prezident İlham Əliyevin çıxışlarının birində dediyi aşağıdakı sözləri xatırlatmaq yerinə düşər: “Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər”.
Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, Paşinyanın yuxarıda nəzərinizə çatdırdığımız müqayisəsi (Azərbaycanda bir tərəfdən "Qərbi Azərbaycan" ifadəsini dilə gətirirlər, digər tərəfdən Qarabağ ermənilərinin qayıdışı məsələsinə "ilişirlər") olduqca qüsurlurdur. Şübhəsiz, onun bu açıqlaması siyasi populizmə hesablanıb.
Bəli, Qərbi azərbaycanlılar tanklarla yox, şəxsi avtomobillərlə, yəni sülh yolu ilə həmin məkanlara qayıtmaq istəyirlər. Çünki Prezident İlham Əliyevin bəyan etdiyi kimi, nəyi deyiriksə, onu da edirik: “Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq”.
Yeri gəlmişkən, xatırladaq ki, bir zamanlar Ermənistan və onun havadarları bəyan edirdilər ki, guya Qarabağ münaqişəsinin hərbi həlli belə yoxdur. Amma İkinci Qarabağ müharibəsində, həmçinin lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində ədaləti, hüququ təkbaşına özü bərpa etdi. 30 ilə yaxın dövrdə əksər dünya güclərinin edə bilmədiklərini həyata keçirdi, torpaqlarımızı erməni daşnaklarından təmizlədi və Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bununla da rəsmi Bakı beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi. İndi də rəsmi Bakı Qərbi azərbaycanlıların qayıdışını təmin etməkdə israrlıdır. Ermənistan isə yenə də öz ampluasındadır. Amma Qarabağ münaqişəsini hərbi yolla həll edən rəsmi Bakının bu məsələni sülh yolu ilə həll edəcəyi gün o qədər də uzaqda deyil. Bu mənada Qərbi azərbaycanlıların yaxın gələcəkdə istəklərinə çatacaqları şəksizdir. Hadisələrin gedişatı da bunun sübutudur.
Qvami Məhəbbətoğlu, “İki sahil”