Müstəqil Azərbaycanın yaxın və uzaq tarixində baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrin mahiyyətinə nəzər salanda məlum olur ki, ölkəmiz bütün dönəmlərdə hərtərəfli inkişaf üçün böyük mübarizələr aparmışdır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması nəticəsində əldə etdiyimiz tarixi nailiyyətlər bu gün hər bir Azərbaycan vətəndaşı üçün iftixar mənbəyidir. Bununla yanaşı, tariximizdə ağrı-acılarımızın, itkilərimizin də sayı az olmayıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra qurulan yeni quruluşun qayda-qanunları xalqımızın inkişaf arzusunu qıra bilmədi. Sovet dövrü tarixin çox ziddiyyətli və mürəkkəb bir dövrüdür. Bu dövrdə inkişaf etmək üçün güclü liderə böyük ehtiyac var idi. XX əsrin 60-cı illərinin sonlarından başlanan tariximizdə tarix bizə Heydər Əliyev kimi dahi bir liderin fəaliyyəti sayəsində inkişaf etmək şansını verdi.
Keçmiş sovet imperiyasının yüksək kürsülərini məharətlə fəth edən görkəmli siyasət və dövlət xadimi Heydər Əliyev mənsub olduğu xalqın, ölkənin hərtərəfli imkişafı naminə əsl fədakarlıq göstərmişdir. Heydər Əliyevin uzaqgörənliyi nəticəsində müstəqilliyimiz əbədi olmuşdur.
Dünya dövlətlərinin idarəçilik tarixində siyasi varislik məsələsi həmişə aktuallıq kəsb edib. Çünki görülmüş və görüləcək işlərin davamlı olub-olmaması siyasi varislərdən çox asılıdır. Bu baxımdan Ulu öndər Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsinin əhəmiyyəti çox böyükdür.
Qloballaşan dünyada hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaq prinsipi ilə liderlik etmək, ölkəsini bütün dünyada tanıtmaq və dəyərləndirmək heç də asan məsələ deyil. Çünki müasir dünya maraq və məqsədlərin, arzu və istəklərin ciddi şəkildə toqquşduğu dünyadır. Azərbaycan isə bu dünyanın ərazi baxımdan kiçik bir ölkəsidir. Kiçik bir ölkənin böyük, nəhəng işlər görməsi, dünyaya ibrət dərsi keçməsi bəzən qısqanclıqla qarşılanır. Lakin möhtərəm Prezidentimizin güclü iradəsi və qətiyyəti sayəsində artıq beynəlxalq aləm Azərbaycan xalqının, Azərbaycan dövlətinin saf səmimiyyətinə tam inanır və ölkəmizə böyük maraq göstərir.
Cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət Azərbaycanda bütün sahələrin hərtərəfli inkişafına ciddi təkan verir. Dövlət başçısının imzaladığı müvafiq fərman, sərəncam və proqramlar, ölkədə aparılan geniş tikinti-quruculuq işləri, icra edilən mühüm ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni layihələr, çevik idarəetmə sisteminin yaradılması, kadr potensialının gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, xarici ölkə və təşkilatlarla baş tutan qarşılıqlı və faydalı görüşlər, milli və müasir dəyərlərə əsaslanan ideoloji-humanitar işlər Azərbaycan Respublikasının, Azərbaycan xalqının xoşbəxt gələcəyinə hesablanmış müdrik addımlardır. Bu addımlar bizi 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız möhtəşəm zəfərə, azad və müqəddəs torpaqlarımıza qovuşduran mübarək addımlardır.
Azərbaycan xalqının tarixi yaddaşında qalib bir lider kimi əbədi hək olunan Prezident İlham Əliyevin gördüyü misilsiz işlər hər bir azərbaycanlıda dərin ehtiram yaradır. Təbii ki, xalqımızın öz rəhbərindən gözləntiləri çoxdur. Çünki xalq öz rəhbərinə inanır. Bu inamla Azərbaycan xalqı daha böyük uğurlar qazanmağa və daha gözəl həyat yaşamağa daim can atır.
Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini