20 dekabr 2025 00:14
88

Lemkin İnstitutu Trampdan nə umur?

ABŞ-da fəaliyyət göstərən “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı qurum ermənipərəst mövqeyini davam etdirməkdədir. Bu, həmin Lemkin İnstitutudur ki, həmişə dezinformasiyalara əsaslanaraq ölkəmizə qarşı hədyanlar püskürüb. Məsələn, bu institut qısamüddətli lokal antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda olmuş BMT missiyasının Azərbaycan tərəfindən ermənilərə qarşı beynəlxalq hüquq normalarına zidd davranış hallarının daha doğrusu, “etnik təmizləmə”nin qeydə alınmadığını bildirməsindən sonra təşvişə düşmüşdü. Çünki bu hesabat sözügedən qurumun düşündüklərini özündə əks etdirmirdi. Halbuki rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, erməni əsilli sakinlərin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdilər. Bunun üçün onlardan yalnız Azərbaycan vətəndaşlığını qəbul etmək və  qanunlarımız çərçivəsində yaşamaq tələb olunurdu. Amma haylar bunu qəbul etmədilər və  Ermənistana üz tutmağa üstünlük verdilər. Rəsmi Bakı da onların sərbəst və təhlükəsiz keçidini təmin etdi.

Bu institut hazırda Azərbaycana və xalqımıza qarşı sülh və insanlıq əleyhinə cinayətlərə görə Bakıda mühakimə olunan qondarma separatçı rejimin sabiq nümayəndələrinin müdafiəsinə qalxıb. Hətta bu günlərdə institutun əməkdaşları ABŞ Prezidenti Donald Trampa açıq məktub yazaraq onu erməni məhbusların azad edilməsi üçün mümkün olan hər şeyi etməyə çağırıblar. Erməni mətbuatının yazdığına görə, açıq məktubda qeyd olunub ki, guya onların azad edilməsi Prezident Donald Tramp üçün böyük humanitar və geosiyasi qələbə olardı və Cənubi Qafqazda və Yaxın Şərqdə davamlı sülhün bərqərar olması səylərini gücləndirərdi. Hətta institut bu məsələ ilə bağlı konkret vaxt da “müəyyənləşdirib”. Belə ki, onlar Trampın seçki kampaniyası zamanı xristianları qoruyacağı vədini xatırladaraq bildiriblər ki, Erməni Apostol Kilsəsinin xristianları Milad bayramını 6 yanvarda qeyd edirlər. Odur ki, onlar Trampı Bakı həbsxanalarındakı erməni məhbusların evlərinə qayıtmasını təmin etmək üçün hər şeyin bu vaxta qədər edilməsinə çağırıblar. Onlar, həmçinin bildiriblər ki, guya Bakı həbsxanalarındakı erməni məhbuslar tam təcrid olunublar: heç bir müstəqil beynəlxalq təşkilat onları ziyarət etmir, onların saxlanması, sağlamlıqları və ya psixoloji vəziyyətləri barədə heç bir məlumat yoxdur. Bəri başdan qeyd edək ki, onların saxlanması, sağlamlıqları və ya psixoloji vəziyyətləri barədə kifayət qədər məlumat var.  Yaxşı olardı ki, institut məhkəmə prosesini izləsin. Bir sözlə, ölkəmizdə erməni məhkumların saxlanma şəraiti, tibbi yardımla təmin olunmaları və digər məsələlər diqqətdə saxlanılır. Ombudsman Aparatının əməkdaşları onlara mütəmadi baş çəkirlər. Bu mənada onların heç bir şikayəti yoxdur.

Bəli, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə çoxsaylə cinayətlər törətmiş həmin şəxslər törətdikləri qanlı əməllərə görə qanun qarşısında cavab verirlər. Artıq separatçıların məhkəməsi sona yaxınlaşmaq üzrədir. Yeri gəlmişkən, dekabırn 18-də keçirilən məhkəmə prosesində prokuror çıxışında qondarma xunta rejiminin “dövlət naziri”, təbii sərvətlərimizin qanunsuz istismarı ilə məşğul olan,  mülki əhalinin əzabını artıraraq bölgədəki vəziyyəti daha da gərginləşdirən, həmçinin beynəlxalq aləmdə çirkli pulların yuyulması sahəsində ad çıxaran Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.

Bəli, erməni separatçıları məhkəmə prosesində nə qədər yalan danışsalar da, onların cinayət əməlləri həm şahid ifadələri, həm də internet informasiya ehtiyatında olan məlumatlarla təsdiqini tapmaqdadır. Təqsirləndirilən erməni separatçıları cinayət əməllərini gizlədə bilmirlər. Bu isə o deməkdir ki, onlar ədalət məhkəməsindən heç yana qaça bilməyəcəklər. Təqsirli bilinən separatçıların günahları tam sübuta yetirildikdən sonra layiqli cəzalarını alacaqlar.

Sözügedən məktuba gəldikdə isə Lemkin İnstitutu anlamalıdır ki, belə bir çağırışa əsla ehtiyac yoxddur. Bir daha təkrar edirik: Çünki mühakimə edilən separatçılar konkret cinayətlərdə ittiham olunurlar: Qarabağda azərbaycanlıların kompakt yaşadığı kənd və şəhərlərdə soyqırımlar törədiblər, mülki insanları qətlə yetiriblər, etnik təmizləmə törədiblər. Şübhəsiz, ölkəsində separatizmə, cinayətkarlara qarşı sərt mübarizə aparan Tramp da yaxşı bilir ki, Azərbaycan ərazisində saxlanılan və mühakimələri davam etdirilən şəxslər sıravi dinc sakinlər deyil, konkret cinayətlər törətmiş, hərbi əməliyyatlarda iştirak etmiş şəxslərdir. Elə bu səbəbdən onların beynəlxalq normalar çərçivəsində cəzalandırılması labüddür. Konkret cinayət əməllərində ittiham edilən bu separatçıların hərbi əsir kimi təqdim edilməsinin isə heç bir hüquqi əsası ola bilməz.

İnstitutun “Onların azad edilməsi Prezident üçün böyük humanitar və geosiyasi qələbə olardı və Cənubi Qafqazda və Yaxın Şərqdə davamlı sülhün bərqərar olması səylərini gücləndirərdi” ifadəsinə gəldikdə isə onu qeyd edə bilərik ki, onsuz da Tramp  kifayət qədər nüfuz sahibidir. Amma institut unutmasın ki, separatçılarla sülh arasında  heç bir əlaqə yoxdur. Bu mənada demək olar ki, həmin fikir institutun xəstə təxəyyülündən başqa bir şey deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”