Livanın Əl-Litani çayından cənuba doğru bütün qeyri-hökumət qüvvələrinin silahlarının müsadirəsinin birinci mərhələsi tezliklə başa çatacaq.
"İki sahil" LBCI telekanalına istinadən xəbər verir ki, bu barədə Livanın Baş naziri Nəvaf Salam bildirib. Salam qeyd edib ki, silahların yalnız Livan dövlətinin əlində saxlanılması planının ilk mərhələsi bir neçə gün sonra başa çatacaq. Baş nazirin sözlərinə görə, bundan sonra Əl-Litanidən şimala doğru təhlükəsizliyin təmin edilməsini nəzərdə tutan əməliyyatın ikinci fazası başlayacaq.Regional mətbuat daha əvvəl qeyd edib ki, plan çərçivəsində hakimiyyət İsraillə həmsərhəd olan Livanın cənub rayonlarında "Hizbullah" hərəkatını tərk-silah etməlidir.
"Hizbullah" lideri Naim Qasem isə noyabrda hərəkatın silahdan imtina etmək niyyətində olmadığını bildirib və hökuməti Livanın cənubunda İsrailin hərbi iştirakına son qoymağa çağırıb.
Noyabr ayında ABŞ hərəkatın maliyyə və hərbi imkanlarını azaltmaq istiqamətində tədbirlər görmək üçün Beyruta iki ay vaxt verib.