21 dekabr 2025 00:19
81

Portuqaliya Ukraynanın Enerji Fonduna dəstək üçün 600 min avro ayıracaq

Portuqaliyanın Baş naziri Luiş Montenerqu ölkəsinin Ukraynanı dəstəkləmək üçün Enerji Fonduna ilk töhfə olaraq 600 min avro ayıracağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko "X"də paylaşım edib. Sviridenko qeyd edib ki, Portuqaliyanın xüsusilə PURL və SAFE vasitəsilə müdafiə dəstəyi Ukraynanın dayanıqlığının gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. O, həmçinin "Build in Ukraine" və "Build with Ukraine" təşəbbüsləri çərçivəsində birgə əməkdaşlıq imkanlarının, xüsusilə pilotsuz uçuş aparatlarının istehsalı sahəsində böyük potensialın olduğunu vurğulayıb.

Tərəflər hökumətlərarası sazişin imzalanması məsələsini də müzakirə ediblər. Bu saziş Portuqaliya investisiyalarının Ukrayna bazarına cəlb edilməsinə şərait yaradacaq. Sviridenko əlavə edib ki, Ukrayna Avropa İttifaqı liderlərinin 2026 və 2027-ci illərdə ölkəyə 90 milyard avro maliyyə ayırmaq qərarına görə minnətdardır.

"Bu, Ukrayna üçün inanılmaz dərəcədə vacib yardımdır", – Baş nazir fikirlərini yekunlaşdırıb.