23 dekabr 2025 00:14
92

Səlibçi AP-ın türkofob sifəti

Anti-Azərbaycan ritorikasından əl çəkməyən Avropa Parlamenti (AP) bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları kimi önəmli mövzudan öz məkrli məqsədləri üçün istifadəyə davam edir. Avropalı parlamentarilər torpaqlarımızın 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, dəhşətli Xocalı soyqırımına daim etinasız qalıb, bir milyon qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasını qulaqardına vuraraq əslində təcavüzkarla həmrəy olduğunu nümayiş etdirib. Üstəgəl, Avropa Parlamenti 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsinə Azərbaycan əleyhinə 10-dan artıq rüsvayçı qətnamənin qəbulu ilə cavab verib. Təkcə bu fakt AP-ın təşkilatın ölkəmizə xoş olmayan  münasibətini əks etdrir. Açıq görünür ki, ədalətsizlərin yığıncağı müharibə şəraitinin aradan qaldırılmasına, sülh razılaşmalarının əldə olunmasına qarşıdır. Ümumiyyətlə, təşkilat Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil.   

Vurğulamaq yerinə düşər ki, Avropa Parlamenti COP29 kimi mötəbər tədbirin keçirilməsi ərəfəsində Azərbaycana qarşı hücumlarda əsas alətlərdən biri kimi istifadə olunub. Bu da dəfələrlə sübuta yetirilib ki, Avropa Parlamentində qətnamələrin qəbulu prosesi konkret maraqlı qruplar tərəfindən məqsədli şəkildə idarə edilir. Müşahidələr göstərir ki, Avropa Parlamenti üzvlərinin əksəriyyətinin səs verdikləri qətnamə layihələrinin  mətninin mahiyyəti barədə xəbəri belə olmur. Yəni sənədlər gözüyumma qəbul olunur. Bu isə Avropa Parlamentinin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir. AP-ın Siyasi simasının bir sıra mənfi xarakterik cizgiləri Azərbaycanla bərabər, onun əsassız və cəfəng ittihamları ilə üzləşmiş çoxsaylı ölkələrə də yaxşı məlumdur. Bu qətnamə Avropa Parlamentinin iyrənc mahiyyətini açır və onun əsl niyyətlərini ifşa edir. Korrupsiyanın, dini təəssübkeşliyin və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən çoxsaylı faktların aşkar edilməsi bu mənfi tendensiyanın həmin qurumun gündəlik fəaliyyətinin mərkəzində dayandığını sübut edir. Müxtəlif maraq dairələrinə ödənişli xidmətlər göstərən Avropa Parlamentinin deputatları bir qayda olaraq maddi maraq müqabilində hərəkət edirlər. Bu, siyasi simasızlıq, mənəviyyatsızlıq və ikili standartdır.

Təəssüf doğuran digər məqam budur ki, müəyyən proseslərə ardıcıl surətdə səlibçilik mövqeyindən yanaşan Avropa Parlamenti islamofob və türkofob meyillərin ifadə olunduğu platformaya çevrilib. İslam və Türk dünyasının ayrılmaz parçası olan Azərbaycana qarşı bu cür qərəzli hücumlar Avropada eyni tendensiyaları idarə edən müəyyən qrupların əlavə siyasi dividend qazanmaq niyyəti özünü açıq göstərir. Bunun arxasında isə parlamentarilərin maddi maraqları dayanır.

Şeytan yuvasına çevrilmiş Avropa Parlamentinin məlum qətnaməsinin geniş miqyaslı bir planın tərkib hissəsi olduğu da şübhəsizdir. İndi isə bəlli olur ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sammiti, ABŞ Prezidenti Donald Trampın səmimi vasitəçiliyi nəticəsində Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş irəliləyiş bir sıra bədxah dairələrin maraqlarına cavab vermir, o cümlədən də Avropa Parlamentinin.  Müvafiq proseslərdə iştirak və müdaxilə imkanlarını getdikcə itirən həmin dairələr regionumuzda sülh, sabitlik və əməkdaşlığın təşəbbüsçüsü olan Azərbaycana qarşı belə bəsit addımlarla həmin prosesləri dolayı yolla əngəlləməyə cəhd edirlər. AP-ın bu barədəki cızmaqaralarında isə bunlara qanuni don geyindirməyə çalışırlar.

Beləliklə, bütün qeyd edilənləri nəzərə alaraq qətiyyətlə söyləmək olar ki, Avropa Parlamenti növbəti dəfə öz məkrli niyyətlərini heç bir əsası olmayan, birtərəfli və yalan iddialar üzərində qurulmuş arqumentlərlə pərdələməyə çalışır. Ancaq dəvəquşu başını kola soxsa da bədəni bayırda qalır və onun əməllərini hamı  görür. Ona görə də bütün yalanları bir-bir üzə çıxır. Dediyimiz kimi, məsuliyyəti böyük, özü cılız deputatlar ağıldan kasad olduqları üçün keşiyində durmalı olduqları insan haqq və hüquqlarını kobudcasına pozur, müstəqil dövlətlərə kağız üzərində təzyiq göstərir, özləri barədə pis imic formalaşdırırlar.  

Vəli İlyasov, “İki sahil”