23 dekabr 2025 00:35
80

İndi növbə qarşı tərəfindir...

44 günlük Vətən müharibəsindən və 23 saat davam edən lokal antiterror əməliyyatından sonra Cənubi Qafqazda de-fakto sülh təmin olundu. Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflandı, vacib razılaşmalar əldə edildi. Nəticədə etimad quruculuğu istiqamətində praqmatik addımlar atıldı və iki ölkənin vətəndaş cəmiyyətləri heç bir vasitəçi olmadan qarşılıqlı səfərlər etdilər.  Artıq Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi də davam edir. Belə ki, dekabrın 19-da Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən ilk dəfə olaraq 22 vaqona yüklənmiş 1220 ton yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Bir sıra ölkələrin rəsmiləri Azərbaycanın bu addımını təqdir ediblər. Hətta Azərbaycanın bu addımını Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı kimi qiymətləndiriblər. "Sülh indi reallıq olub" deyən baş nazir Nikol Paşinyan dekabrın 21-də Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Prezident İlham Əliyevə yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması və ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması ilə bağlı qəbul edilən qərara görə təşəkkür etməklə yanaşı, vurğulayıb ki, bu, regionda sülhün və sabitliyin bərqərar olunması çərçivəsində əldə edilmiş ilk və ən mühüm nailiyyətlərdən biridir.

Birmənalı şəkildə demək olar ki, Ermənistana neft məhsullarının tədarükü Azərbaycanın sülh gündəminə sadiq qalmasının növbəti təzahürüdür.  Bunu həm də regionda qarşılıqlı etimadın güclənməsinə töhfə kimi dəyərləndirmək olar. Şübhəsiz, sözügedən yük daşınması regional sülhün iqtisadi dayaqlar üzərində qurula biləcəyindən, Zəngəzur dəhlizinin və ümumilikdə regional kommunikasiya xətlərinin tezliklə gerçəkləşəcəyindən xəbər verir. Yeri gəlmişkən, Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırması sayəsində Qazaxıstan və Rusiyadan Ermənistana qatar vasitəsilə artıq bir neçə dəfə taxıl ixracı edilib. Bütün bunlar göstərir ki, Cənubi Qafqazda de-fakto sülhü bərqərar edən Azərbaycan sülh sazişinin bağlanması naminə bütün zəruri addımları atır.

İndi, necə deyərlər, növbə qarşı tərəfindir. Yəni, de-yure sülhün təmin olunması üçün Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarını özündə ehtiva edən konstitusiyasını dəyişməli, həm də ölkəmizə qarşı Avropa İttifaqı vasitəsi ilə saxta kampaniyalara son qoymalıdır. Yeri gəlmişkən, bu ayın əvvəlində Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində postmünaqişə dövrünün reallıqlarının təhrif edən, sülh gündəliyinə zidd olan məsələləri özündə əks etdirən "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəd imzalanıb. Bu isə hələ də Avropanın ayrı-ayrı strukturlarının, o cümlədən Avropa İttifaqı ilə yanaşı, ölkəmizə qarşı obyektivlikdən uzaq, siyasi motivli və qeyri-konstruktiv iddialarla çıxış edən Avropa Parlamentinin bəd əməllərindən əl çəkmədiklərini göstərir. Bu, bir daha göstəriri ki, sülh prosesində əldə olunmuş irəliləyiş onların maraqlarına cavab vermir. Odur ki, müxtəlif vasitələrlə əldə olunmuş razılaşmalara əngəl olmağa cəhd edirlər. Amma onlar unutmasınlar ki, nailiyyətləri ilə Cənubi Qafqazda yeni reallıqlar yaradan, beynəlxalq hüquq normaları çərçivəsində siyasət həyata keçirən Azərbaycan regionda sülhün əsas təşəbbüskarı və təminatçısı kimi mövqeyini qətiyyətlə qoruyacaq, öz yolundan dönməyəcək və yerləşdiyi məkanı sülh məkanına çevirməkdə inadla mübarizə aparacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”