Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin blokdan çıxarılması ilə bağlı qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Onun sözlərinə görə, hazırda baş verən konstruktiv dəyişikliklər region ölkələri üçün yeni imkanlar açır, iqtisadi dayanıqlığın möhkəmlənməsinə və regional kommunikasiyaların genişlənməsinə töhfə verir.
Baş nazirin bu sözləri ondan xəbər verir ki, Ermənistan otuz il blokadada yaşamağın ağırlığını öz çiynində hiss edib. Bu müddətdə regionda həyata keçirilən irimiqyaslı iqtisadi layihələrdən kənarda qalıb. İqtisadiyyatı zəifləyib, ordusu məhv olub, dünyada işğalçı kimi tanınıb.
Əslində Azərbaycan yüz illər boyu qonşuları ilə xoş münasibət saxlamağa can atıb. Hətta yeri-yurdu olmayan ermənilərə dövlət qurmaları üçün ərazi verib, dar günlərində onlara kömək əlini uzadıb. Qeyd etmək lazımdır ki, sadə ermənilərlə azərbaycanlılar dinc qonşuluq şəraitində yaşayıblar. Erməni qızları evimizin gəlini olublar. Bircə faktı vurğulayaq ki, bir neçə il əvvəl Ermənistanın müdafiə naziri postunu tutmuş general-polkovnik Mikael Arutyunyanın bacısı Zoya Arutyunyan altmış ildir Kürdəmidə yaşayır. Ailəsi, övladları, nəvələri, abad evi, təsərrüfatı var.
Tarixən çörək qıtlığı olan ağır dövrlərdə ermənilər azərbaycanlı dost-tanışlarına üz tutublar. Heç vaxt da əliboş yola salınmayıblar. Dünyada yeganə qohumluq əlaqəsi olan kirvəlik azərbaycanlı ailələri ilə erməni ailələri arasında yaranıb.
Yaşlı nəslin yaddaşında yaşamaqda olan “Hacı Qəmbər” tamaşasının mövzusu da vaxtilə bu xalqların isti münasibətlərini əks etdirir . Belə ki, o vaxtlar Qarabağın dağ yerlərində əkinə yararlı ərazilər az olduğuna görə ermənilər yazda gəlib azərbaycanlı bəylərin aran ərazilərində əkin-biçin işləri ilə məşğul olarmışlar. Qışlıq azuqələrini əldə edəndən sonra evlərinə qayıdarmışlar. Qıdı kirvə obrazı da real həyatdan götürülüb.
1970-1980-ci illərdə televiziya tamaşaçılarına təqdim olunan “Hacı Qəmbər” komediyasında Qıdı kirvənin Hacı Qəmbərin ailəsinə qonaq gəlməsi səhnəsi ən maraqlı epizoddur. Bu səhnədə kasıb erməni kəndlinin azərbaycanlılara dost münasibəti tamaşanın incə məqamlarından birini əks etdirir. O vaxtlar bütün Bakı və Qarabağ erməniləri də bu səhnəciyə böyük həvəslə baxırdılar. Bu və digər faktlar göstərir ki, ermənilər Azərbaycana çörək təknəsi kimi baxıblar. Deməli, tarix bu gün də təkrar olunur.
Bəs, bütün bunların fonunda ermənilərin azərbaycanlılara düşmənçiliyi nədən qaynaqlanırdı? Bəs Anastas Mikoyan, Stepan Şaumyan, generallar Qaregin Njde, Andronik Uzunyan, Azərbaycana müharibə elan edən akademik Viktor Hamparsumyan, yazıçı Silva Kaputikyan, yazıçı-həkim Zori Balayan, akademik Abel Aqanbekyan və onlarla bu cür tiplər bizə qarşı niyə düşmən münasibəti göstəriblər? Bu sualların cavabı birdir: Əsarətdə saxladığı xalqların dost olması çar imperiyasına sərf etmirdi. Bu şəxsləri şirnikləndirib azərbaycanlılara və Türkiyə türklərinə qarşı qoymaq. Yaddan çıxarmayaq ki, müstəbid çar I Pyotrun vəsiyyətlərində əsas yeri çalışıb xalqları qarşı-qarşıya qoymaq, sonra hər ikisini əzib ərazilərini və sərvətlərini əllərindən almaq idi. Nahaq qanların axıdılmasına səbəb olan bu vəsiyyət özündən sonra hakimiyyətə gələn çarlar və bolşevik hökuməti Azərbaycana olmazın pisliklərini ermənilərin əli ilə edirdilər.
Nəhayət, iki yüz ildən sonra Ermənistanda Azərbaycanla düşmənçiliyin mənasız olduğunu anlayanlar tapıldı. Ermənistanın baş naziri Nikol Paşinyan qonşu Azərbaycan və Türkiyə ilə düşmən münasibətin kiçik və zəif Ermənistana heç bir xeyir verməyəcəyini hamıdan yaxşı gördü və və cəmiyyətin ideya istiqamətini dəyişdirməyə cəhd etdi. Paşinyan qonşu Türkiyə və Azərbaycanla münasibətləri kökündən dəyişdirməyə, iqtisadi əlaqələr yaratmağa çalışır. Azərbaycandan Ermənistana yanacaq göndərilməsi, Qazaxıstan taxılının ölkəmiz ərazisindən tranzitinə icazə verilməsi müsbət tendensiyanı daha da gücləndirir.
Bu gün Ermənistan Azərbaycanla düşmənçiliyi qızışdıran dairələrdən uzaqlaşır. Bu uzaqlaşmanın apogeyi Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistanın sülh razılaşması oldu. Ancaq əks qüvvələr dayanmaq bilmirlər. Mürtəce kilsə mövhumatçıları, revanşistlər, daşnaklar və xarici dairələrin casusları Ermənistanı qarışdırmağa, Nikol Paşinyanı vəzifəsindən uzaqlaşdırmağa cəhd edirlər. Lakin onların məkrli niyyətləri alınmır. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevə ölkəsinə göstərdiyi kömək üçün təşəkkür etməsi əlaqələrimizin genişlənəcəyinə və daha da möhkəmlənəcəyinə açıq işarədir.
Vəli İlyasov, “İki sahil”