2020-ci il sentyabrın 27-də səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki Azərbaycan əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi.
Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terorrçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün dünya Ali Baş Komandanın başçılığı ilə ordumuzun işğala söykənən status-kvonu dəyişdirdiyinə şahid oldu. Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Qırx dörd gün ərzində Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa etdi. 30 illik torpaq nisgilinə, həsrətinə son qoyuldu. Mənfur düşməni torpağımızdan qovdu, milli ləyaqəti və tarixi ədaləti bərpa etdi, erməni faşizminin başını əzdi.
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin məntiqi nəticəsi kimi bu Zəfəri rəsmiləşdirən 2020-ci il 10 noyabr tarixli Bəyanat imzalandı. Azərbaycan, Rusiya prezidentlərinin və işğalçı dövlətin baş nazirinin imzaladıqları bu sənəd Ermənistanın kapitulyasiyası idi. Üçtərəfli Bəyanat uzun illər davam edən münaqişəyə son qoydu və Bəyanata uyğun olaraq, münaqişənin hərbi mərhələsi başa çatdı. Qırx dörd gün davam edən müharibədə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, və nəhayət, Şuşa şəhəri işğaldan azad edildi. Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən Azərbaycana qaytarıldı.
2020-ci il noyabrın 23-də Ağdama səfər edən Prezident İlham Əliyev şəhərdə Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidini ziyarət etdilər. Prezidentimiz Ağdam məscidinin qarşısında çıxış edərək, erməni vandalizminin mahiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ağdamın yenidən bərpa ediləcəyini bildirdi. Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır.
Bir zamanlar “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir. Prezidenti İlham Əliyevin dekabrın 23-də Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak etməai bunun əyani təsdiqidir. Ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində də geniş abadlıq işləri görülüb. Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.
Ölkəmizin başçısının həmin gün, həmçinin Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak etməsi mühüm əhəmiyyət daşıyır. Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.
Ölkə başçısının 2021-ci ildə imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir. Sahibkarlıq fəaliyyətinin inkişafı üçün burada dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edilib.
Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır.
Bu gün Ağdamda yalnız sənaye deyil, həm də yaşayış, nəqliyyat, sosial obyektlər, mehmanxanalar, təlim mərkəzləri inşa edilir, şəhər yenidən salınır. Qısa müddətdə əldə edilən uğurlar bir daha təsdiq edir ki, Ağdam tezliklə əvvəlki şöhrətini özünə qaytaracaq və cənnətə çevriləcək.
Zahid Rza, “İki sahil”