25 dekabr 2025 16:15
152

Anar Məmmədov Tərtərdə şəhid ailəsinin qonağı olub

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Qaynaq kəndində Vətən müharibəsi dövründə düşmən təxribatı nəticəsində həlak olan mülki şəhid Məmmədov Həsən Asif oğlunun ailəsini ziyarət edərək, onların qayğıları və məişət şəraiti ilə yaxından maraqlanıb. Ziyarətdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Tərtər rayon təşkilatının məsul əməkdaşı və şəhid ailələrinin üzvləri iştirak ediblər. 

“İki sahil” xəbər verir ki, görüş zamanı Anar Məmmədov bildirib ki, Azərbaycan dövləti hər zaman öz şəhidlərinin əziz xatirəsini uca tutur. O vurğulayıb ki, istər hərbi, istərsə də mülki şəhidlərimizin ailələri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunub. Deputat qeyd edib ki, Tərtər camaatı müharibə dövründə böyük mətanət göstərərək düşmən qarşısında əyilməyib və Həsən Məmmədov kimi mülki şəhidlərimizin fədakarlığı heç vaxt unudulmayacaqdır.

Səmimi keçən görüşdə şəhidin ailə üzvləri onlara göstərilən mənəvi dəstəyə və sosial qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Görüş zamanı ailənin qaldırdığı bəzi məsələlər deputat tərəfindən qeydiyyata alınıb və həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.

Qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır  artilleriya silahlarından atəşə tutmuşdur. Bunun nəticəsində 07 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndinin atəşə tutulması zamanı Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu şəhid olmuşdur.