26 dekabr 2025 00:15
80

Dünyanın ən uğurlu qayıdış proqramı

Böyük Qayıdış Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, uzun illər məcburi köçkün həyatı yaşayan bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar. Bununla da onlar həm çətin şəraitdən, həm də mənəvi əzablardan, illərin yükündən qurtulurlar. Həmişə də qürurla deyirlər ki, biz artıq məcburi köçkün deyilik, doğma torpaqlarımızdayıq. Bunun üçün Prezidentimizə, rəşadətli ordumuza minnətdarlıqlarını bildirirlər. Eyni zamanda şəhidlərimizə Allahdan rəhmət, qazilərə cansağlığı diləyirlər.

Yeri gəlmişkən qeyd edək ki, tarixi Zəfərimizdən keçən qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda intensiv məskulaşmaya start verilib. Təkcə dekabrın 25-də Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə - 83 nəfər, Xanyurdu kəndinə 12 ailə - 50 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə - 169 nəfər, Zəngilan rayonunun Məmmədbəyli kəndinə 29 ailə - 147 nəfər, Ağdam şəhərinə 83 ailə - 308 nəfər köçürülüb. Hazırda azad olunmuş ərazilərdə 60 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. Azərbaycan dövləti bütün imkanları ilə öz doğma yurdlarına qayıdanların yanındadır və bu torpaqlarda onların rahat, təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradıb. Yaşayış evləri tikilib, bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi də daim diqqət mərkəzindədir. Bir sözlə, hazırda azad edilmiş ərazilərə köç prosesi uğurla davam edir və məskunlaşmış əhalinin sosial adaptasiyası, iqtisadi fəallığının artırılması məqsədilə dövlət tərəfindən geniş dəstək mexanizmləri tətbiq olunur. Şübhəsiz, bütün bunlar əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafına xidmət edir.

Şübhəsiz, bu qayıdış 44 günlük Vətən müharibəsindən və 23 saat davam edən lokal antiterror əməliyyatından sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin nəticəsidir. Təkcə bir faktı qeyd edək ki, qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə müxtəlif obyektlərlə yanaşı, Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanları da istifadəyə verilib. Bu gün həmin hava limanlarına azad olunmuş şəhərlərimizdə keçirilən mötəbər beynəlxalq tədbirlərin iştirakçılarının, dünya liderlərinin gəldiyi təyyarələr eniş edir.

Mötəbər tədbirlər demişkən, gələn ilin mayında ölkəmizdə dövlət və hökumət başçıları səviyyəsində dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası keçiriləcək. Şübhəsiz, bu tədbir çərçivəsində xaricdən gələn qonaqlar işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın gördüyü işlərlə, daha doğrusu, Böyük Qayıdış Proqramının icrası ilə əyani surətdə tanış olmaq imkanı əldə edəcəklər. Onlar Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurla tətbiqindən, həmçinin yaxın illərdə bu bölgələrin təkcə Azərbaycanın deyil, bütün regionun inkişaf mərkəzinə çevriləcəyindən söz açacaqlar. Onlar bir daha əmin olacaqlar ki, Azərbaycan xalqı həqiqətən qurub-yaradan xalqdır.  Həm də əmin olacaqlar ki, heç bir ölkədən yardım almadan viran edilmiş şəhər, qəsəbə və kəndlərə yeni nəfəs verən Azərbaycan qüdrətli dövlətdir. 

Xatırladaq ki, Prezident İlham Əliyev artıq "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında da Sərəncam imzalayıb. 2027-2030-cu illəri əhatə edəcək bu proqram çərçivəsində yüz minlərlə əzəli torpaqlarına qayıdacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”