26 dekabr 2025 02:37
193

Milli birliyin və vətənpərvərliyin təcəssümü

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutan, ümummilli birlik və həmrəyliyi ifadə edən əlamətdar tarixdir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını  ortaq tarixi yaddaş, milli kimlik, dil, mədəniyyət və Vətən sevgisi ətrafında birləşdirir. Həmrəylik Günü yalnız bir bayram deyil, eyni zamanda azərbaycançılıq ideologiyasının, milli şüurun və dövlətçilik təfəkkürünün parlaq təzahürüdür.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması XX əsrin sonlarında baş  verən ictimai-siyasi proseslərlə sıx bağlıdır. 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında 31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması haqqında qərar qəbul edilmiş, sonradan bu tarix ümummilli bayram səviyyəsinə yüksəlmişdir. Bu  mühüm təşəbbüsün müəllifi Ümummilli Lider Heydər Əliyev olmuşdur. Məhz onun uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət  siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir.

 Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir  Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi.

 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birlik, bərabərlik və vətənpərvərlik ruhunun parlaq ifadəsidir. Bu gün hər bir azərbaycanlıya harada yaşamasından asılı olmayaraq, vahid xalqın nümayəndəsi olduğunu xatırladır. Milli həmrəylik Azərbaycan dövlətinin güc mənbəyidir və bu birlik qorunduqca ölkəmizin gələcəyi daha parlaq olacaqdır.

Leyla Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü