26 dekabr 2025 02:11
195

Dünya azərbaycanlılarının həmrəyliyi...

Azərbaycanın çox zəngin dövlətçilik tarixi var. Xalqımızın birliyi dövlətimizin güclənməsinə, daha mətin addımlarla irəliyə getməsinə səbəb olur. Cəmiyyətimiz tarixən birliyə, həmrəyliyə maraq göstərib və bu yolla irəliləyən cəmiyyətlərdən biri olub.

Həmrəylik daxildə formalaşan elə bir müqəddəs hissdir ki, onu heç bir sənədlə, göstərişlə tənzimləmək mümkün deyil. Bu hiss cəmiyyətə sirayət edirsə,  böyük nəticə verir. Söz yox ki, birlik, bərabərlik, həmrəylik hisslərinin formalaşmasında xalqımızın böyük övladlarının xüsusi rolu, əməyi olub. Müstəqil Azərbaycan dövlətinin formalaşmasında müstəsna xidmətləri olan xalqımızın böyük oğlu Heydər Əliyevin miras qoyduğu dövlətçilik daha da möhkəmlənir, həmrəylik ənənələri bu gün uğurla davam etdirilir.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixə düşüb və dünyanın hər yerində yaşayan azərbaycanlılar öz birlik, bərabərlik bayramlarını hər il qeyd edirlər. Dünya azərbaycanlıları Azərbaycanı o səviyyədə təmsil etməlidir ki, bu, xalqımızın, dövlətimizin başının ucalmasına səbəb olsun. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi hər zaman maraq çəkir. İllərdən bəri bu məsələ çözülür və bu barədə yüzlərlə məqalə, araşdırma mövcuddur. Azərbaycandan kənarda yaşamaq, fəaliyyət göstərmək çox çətin, çətin olduğu qədər də məsuliyyətlidir. Azərbaycanlı adı daşıyan, damarlarında ulu babalarımızın qanı axan hər bir soydaşımız çiyninə götürdüyü yükün məsuliyyətini və necə şərəfli olduğunu dərk etməlidir. Özünü tanımalıdır ki, özünün olanlara sahiblənə bilsin. Xaricdə azərbaycanlıların diaspor tarixi elə də böyük olmasa da, qısa zaman ərzində böyük bir təşkilatlanma yolu keçməyə müvəffəq olublar. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-birilə üzvü surətdə bağlı olan, qırılmaz vəhdət təşkil edən əsas məsələdir. Hər üç məfhumu bir-birindən ayrılıqda təsəvvür etmək mümkünsüzdür. Bilirik ki, keçmiş SSRİ məkanına daxil olan respublikalarda,  Avropada, Amerikada, habelə digər ölkələrdə çox güclü Azərbaycan diaspor qurumları fəaliyyət göstərir. Bu gün Azərbaycan tamam başqa bir Azərbaycan olduğu üçün, onun canından qopan övladlarının da diaspor fəaliyyəti tamam yeni bir istiqamətdə qurulub. Müasir Azərbaycan uğurla addımlayan, öndə olan bir dövlətdir. Dünya azərbaycanlılarının vətəni olan Azərbaycan qürurla addımlayan, sürətli yüksəliş yolu keçən və təbii sərvətlərlə bol bir ölkədir. Müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında həmrəylik güclüdür və onlar Azərbaycan dövlətinin maraqlarına xidmət edir. Azərbaycanlıların xarici ölkələrdə yaşaması və burada çox ciddi şəkildə lobbiçilik fəaliyyəti ilə məşğul olması artıq onların vətən naminə həmrəy olduqlarına dəlalət edir.

Xarici ölkələrdə diaspor quruculuğuna, həmvətənlərimizin lobbiçilik fəaliyyətinə, başlıcası isə, həmrəy olmasına stimul verən Heydər Əliyev olub. Bu da faktdır ki, siyasi baxışından asılı olmayaraq, indiki, müasir vətəndaş cəmiyyətinin hər bir üzvü etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri sayıla bilər. Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini müvəffəqiyyətlə davam etdirib, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırıb. O da bəllidir ki, Heydər Əliyevin Azərbaycan Respublikası tarixində möhtəşəm izləri yalnız müasir, müstəqil dövlət quruculuğu və onun siyasi-iqtisadi əsaslarının möhkəmləndirilməsi ilə yekunlaşmır. Heydər Əliyevin həm də bütün dünya azərbaycanlılarının milli birliyinin oyanışında, quruculuğunda və təşkilatlanmasında əvəzolunmaz xidmətləri olub. Heydər Əliyev milli dövlət quruculuğunun, dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində əməli iş görmək, fəaliyyətini milli mənafe kontekstində qurmaq üçün var gücü ilə çalışıb, xalqı səfərbər etməyə müvəffəq olub. Bu bir fövqəladə dövlət tarixidir və bu tarix heç vədə yaddan çıxmayacaq. Əlbəttə, bu sahədə Heydər Əliyevin gördüyü misilsiz işlər öz bəhrəsini verir. Bilirik ki, xaricdə yaşayan azərbaycanlılara münasibət həmişə isti olub və dövlət səviyyəsində soydaşlarımızın qeydinə qalınıb. Xaricdə yaşayan azərbaycanlılarla bağlı bəlli dövlət siyasəti həyata keçirilir. Qanunvericiliyə görə, "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-in və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş, hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə, onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir.

Heydər Əliyevin təşəbbüsü ilə hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması da soydaşlarımızın mütəşəkkilləşməsi prosesində müstəsna rol oynayıb. Həmin əlamətdar tarix bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd olunur. Bu həmrəyliyin başlıca qayəsi vətənə bağlılıq, dövlətçilik hissləri, milli-mənəvi dəyərlərə hörmət, bir sözlə, azərbaycançılıq ideyasını təbliğ etməkdir.

1993-cü ildə Heydər Əliyevin xalqın israrlı təkidi və tələbi ilə müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra diaspor quruculuğu prosesində yeni bir dövr başlanıb. Dünya azərbaycanlılarının möhkəm birlik və həmrəyliyini təmin etmək məqsədilə ümummilli liderimiz 2001-ci il may ayının 21-də Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalayıb. Həmin il noyabr ayının 9-10-da keçirilən ilk qurultay soydaşlarımızın həmrəyliyinin təmin edilməsi və azərbaycançılıq ideyalarının təbliği istiqamətində tarixi hadisəyə çevrildi. Milli birlik ideyalarının inkişafında mühüm rol oynayan bu mötəbər tədbir dünya azərbaycanlılarının Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesini sürətləndirdi. Qurultayda Azərbaycan dövlətilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, soydaşlarımız arasında milli birlik və həmrəyliyin təmin edilməsi, ana dilinin, mənəvi dəyərlərin qorunub saxlanması və s. məsələlər müzakirə edildi. Dünya azərbaycanlılarının mötəbər yığıncağından sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Heydər Əliyev 5 iyul 2002-ci ildə "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Bu tarixi fərman xaricdəki Azərbaycan cəmiyyətlərinin vahid mərkəzdən koordinasiya olunmasına və onların fəaliyyətinə dövlət qayğısını yönəltmək üçün real zəmin yaratdı. 2002-ci il dekabr ayının 27-də isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunun qəbulu dünya azərbaycanlılarının təşkilatlanmasını sürətləndirərək, soydaşlarımızın öz tarixi vətəni ilə əlaqələrinin daha da genişləndirilməsinə təkan verdi. Əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən diaspor quruculuğu, milli dövlətçilik tariximizin öyrənilməsi, azərbaycançılıq ideyalarının təbliği və milli həmrəyliyin möhkəmləndirilməsi işində çox böyük nailiyyətlər əldə edilib. Hazırda azərbaycanlıların milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin, azərbaycançılıq ideyalarının qorunub saxlanması, mədəniyyət mərkəzlərinin yaradılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu gün beynəlxalq birliyə qətiyyətlə inteqrasiya edən Azərbaycanda dinamik inkişaf sürətlə davam edir. Bu amil xarici ölkələrdə yaşayan azərbaycanlıları daha da fəal olmağa sövq edərək, diaspor quruculuğu işinə yeni məzmun verir. Bu gün özlərinin milli varlıq və mənsubiyyət hisslərini daxilən dərk edən soydaşlarımız getdikcə bir-birinə daha çox yaxınlaşır və onlara dayaq duran Azərbaycan dövlətini hər an özlərinə etibarlı arxa sayırlar.

Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri diasporumuz tərəfindən uğurla təbliğ edilir. Elə bir tədbir yoxdur ki, orada Azərbaycanın elm və mədəniyyəti, dövlətçilik tarixi, adət-ənənələri yada salınmasın. Xalqımızın milli birliyi Azərbaycan dövlətini daha da sarsılmaz edir. 

Ülvi Abbasov,
YAP Xətai rayon təşkilatı əməkdaşı