25 dekabr 2025 09:46
58

Milli birliyin və dövlətçilik ideyasının təntənəsi

Dünya azərbaycanlılarının həmrəyliyi günü Azərbaycan xalqının milli yaddaşında və müasir tarixində mühüm yer tutan əlamətdar hadisələrdən biridir. Bu gün yalnız təqvimdə qeyd edilən rəsmi bayram deyil, eyni zamanda milli kimliyimizin, mənəvi bütövlüyümüzün və dövlətçilik ideallarımızın təcəssümüdür. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş bir ənənəyə çevrilmişdir.Bu əlamətdar gün bütün dünyaya səpələnmiş azərbaycanlıları vahid məqsəd, vahid amal ətrafında birləşdirir, onların qəlbində Vətən sevgisini, milli qüruru və gələcəyə inamı daha da möhkəmləndirir. Həmrəylik ideyası Azərbaycan xalqının tarixi taleyindən, mübarizə yolundan və milli özünüdərkindən qaynaqlanır.

Azərbaycan xalqının tarixi zəngin, eyni zamanda mürəkkəb və keşməkeşlidir. Müxtəlif dövrlərdə işğallara, siyasi təzyiqlərə və ədalətsizliklərə məruz qalan xalqımız öz milli kimliyini, dilini, mədəniyyətini və mənəvi dəyərlərini qoruyub saxlamağı bacarmışdır. XX əsrin sonlarında milli azadlıq hərəkatı bu tarixi mübarizənin məntiqi davamı kimi meydana çıxmışdır.Məhz həmin dövrdə azərbaycanlıların həmrəyliyi, birliyi və milli özünüdərki daha qabarıq şəkildə üzə çıxmışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanda baş verən hadisələrə biganə qalmamış, milli maraqlar naminə səsini ucaltmışdır. Bu proses Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının formalaşmasına güclü təkan vermişdir.

Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində bu ideya dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmiş, həmrəylik anlayışı təsadüfi çağırışdan məqsədyönlü və sistemli fəaliyyət səviyyəsinə yüksəlmişdir.

Müstəqil Azərbaycan – dünya azərbaycanlılarının mənəvi dayağı

Dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşayır, işləyir və fəaliyyət göstərir. Onlar yaşadıqları ölkələrin ictimai-siyasi, elmi, mədəni və iqtisadi həyatında fəal iştirak etsələr də, milli-mənəvi varlıqlarını yaşadan yeganə ünvan müstəqil Azərbaycan dövlətidir.

Ümummilli Liderin vurğuladığı kimi, dünya azərbaycanlılarının milli kimliyini, dilini, dinini və mədəni irsini qoruyan əsas amil məhz Azərbaycan dövlətçiliyidir. Müstəqil Azərbaycan Respublikası bütün soydaşlarımız üçün etibarlı dayaq, güvənc yeri və mənəvi mərkəz rolunu oynayır.Dövlət müstəqilliyinin bərpasından sonra diaspor quruculuğu sahəsində ardıcıl və məqsədyönlü addımlar atılmış, dünya azərbaycanlılarının təşkilatlanması, birgə fəaliyyətinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Bu siyasət milli maraqlarımızın beynəlxalq aləmdə daha dolğun şəkildə ifadə olunmasına xidmət etmişdir.

Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının əsasını Azərbaycan dövlətçiliyinə sədaqət, ana dilinə sevgi, milli-mənəvi dəyərlərə hörmət və ümumbəşəri prinsiplərə bağlılıq təşkil edir. Həmrəylik yalnız eyni etnik mənsubiyyəti bölüşmək deyil, eyni zamanda ümumi məsuliyyəti dərk etmək, milli maraqlar naminə birgə mövqe sərgiləməkdir.Bu baxımdan Dünya azərbaycanlılarının həmrəyliyi günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Bu gün insanları bir amal ətrafında birləşdirir, gələcəyə olan inamı möhkəmləndirir, milli ruhu daha da gücləndirir. Həmrəylik ideyası milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qloballaşan dünyada milli kimliyin qorunması, milli maraqların müdafiəsi getdikcə daha aktual məsələ kimi çıxış edir. İnformasiya müharibələri, siyasi manipulyasiyalar və mədəni təsirlər fonunda dünya azərbaycanlılarının birliyinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Müasir Azərbaycan dövləti bu çağırışları nəzərə alaraq diasporla əlaqələrin genişləndirilməsinə, dünya azərbaycanlılarının vahid platforma ətrafında birləşdirilməsinə xüsusi önəm verir. Bu siyasət Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin uğurlu davamıdır.

Dünya azərbaycanlılarının həmrəyliyi günü Azərbaycan xalqının milli birliyinin, mənəvi bütövlüyünün və dövlətçilik ideyasına sədaqətinin rəmzidir. Bu gün milli azadlıq mübarizəmizin tarixi nəticəsi olmaqla yanaşı, gələcəyə yönəlmiş strateji əhəmiyyət daşıyır.

Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında formalaşan həmrəylik anlayışı bu gün də aktuallığını qoruyur və Azərbaycan dövlətinin güclənməsinə, xalqımızın dünya miqyasında layiqli təmsil olunmasına xidmət edir. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi müstəqil Azərbaycan Respublikasının ən böyük mənəvi və siyasi dayaqlarından biri olaraq daim yaşayacaqdır.

Turanə Əmiraslanova,
YAP Xətai rayon təşkilatının fəalı