Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli kimliyinin, birlik və bərabərliyinin simvoluna çevrilmiş əlamətdar tarixi gündür. Hər il 31 dekabr tarixində qeyd olunan bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını eyni amal – Vətən sevgisi, milli dəyərlərin qorunması və Azərbaycanın maraqlarının müdafiəsi ətrafında birləşdirir. Bu bayram təkcə təqvimdə qeyd olunan gün deyil, eyni zamanda xalqımızın tarixi yaddaşının, milli ruhunun və gələcəyə inamının ifadəsidir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ideyası müasir Azərbaycan tarixinin mürəkkəb və taleyüklü dövründə formalaşmış, zaman keçdikcə ümummilli məna kəsb edərək dövlətçilik ideologiyasının mühüm tərkib hissəsinə çevrilmişdir.Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 1989-cu ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasında baş verən tarixi hadisələrlə bağlıdır. Həmin dövrdə sovet rejiminin süqutu fonunda xalqın milli azadlıq ideyaları güclənmiş, sərhədlərin süni şəkildə bölməsi ilə barışmayan azərbaycanlılar Araz çayı boyunca sərhəd maneələrini sökərək milli birlik iradəsini nümayiş etdirmişdilər.
1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edildi. Məhz bu tarixi qərar Azərbaycan diasporunun formalaşması və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi baxımından mühüm dönüş nöqtəsi oldu.
Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyinə xüsusi önəm vermiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Onun fikrincə, güclü Azərbaycan dövləti yalnız ölkə daxilində deyil, xaricdə yaşayan azərbaycanlıların da fəal dəstəyi ilə möhkəmlənə bilər.Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Qurultayları keçirildi, diaspor təşkilatlarının fəaliyyəti sistemləşdirildi və onların dövlət siyasətinə dəstəyi təmin olundu. Bu siyasət nəticəsində dünya azərbaycanlıları milli maraqların müdafiəsində daha fəal mövqe tutmağa başladılar.Prezident İlham Əliyevin rəhbərliyi dövründə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yeni məzmun və strateji əhəmiyyət qazanmışdır. Dövlət başçısının həyata keçirdiyi diaspor siyasəti nəticəsində Azərbaycan diasporu daha güclü, daha təşkilatlanmış və təsirli mövqeyə sahib olmuşdur.
Xüsusilə Vətən müharibəsi dövründə və antiterror tədbirlərindən sonra dünya azərbaycanlılarının vahid mövqedən çıxış etməsi, beynəlxalq ictimaiyyətdə Azərbaycanın haqq səsinin çatdırılması bu siyasətin uğurlu nəticəsidir. Diaspor təşkilatları sosial şəbəkələrdə, beynəlxalq platformalarda və mediada fəal çıxış edərək milli həmrəyliyin real nümunəsini nümayiş etdirmişlər.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar yaşadıqları cəmiyyətlərin fəal üzvləri olmaqla yanaşı, milli kimliklərini də qoruyub saxlayırlar. Onların əsas vəzifəsi Azərbaycanın dövlət maraqlarını müdafiə etmək, mədəniyyətimizi, tariximizi və həqiqətlərimizi dünya ictimaiyyətinə düzgün şəkildə çatdırmaqdır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu baxımdan həm də məsuliyyət günüdür. Bu gün hər bir azərbaycanlıya xatırladır ki, milli birlik yalnız şüarlarla deyil, əməli fəaliyyətlə möhkəmlənir.
Müasir dövrdə Həmrəylik Gününün əhəmiyyəti
Qloballaşma şəraitində milli kimliyin qorunması xüsusi əhəmiyyət kəsb edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu baxımdan milli dəyərlərin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühüm ideoloji platformadır.
Bu gün həm də Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və tarixi ədalətin bərpası yolunda nümayiş etdirdiyi qətiyyəti təcəssüm etdirir. Suverenliyini tam bərpa etmiş Azərbaycan bu birliyi gələcək nəsillərə ötürmək əzmindədir.Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli şüurunun, dövlətçilik ənənələrinin və ümummilli ideyalarının təntənəsidir. Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını bir amal – güclü, müstəqil və suveren Azərbaycan naminə birləşdirir.
Milli həmrəylik bizim ən böyük gücümüzdür. Bu gücü qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatı məsləhətçisi