27 dekabr 2025 00:14
86

“Tramp marşrutu” 2026-cı ildə istifadəyə veriləcək

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin praktiki mərhələsinin 2026-cı ildə başlayacağını açıqlayıb. Nazirlik bu açıqlamanı “Sputnik Ermənistan”ın sorğusuna cavabında verib.

XİN bildirib ki, layihənin icrası üçün hüquqi çərçivə və tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə ABŞ-dan olan tərəfdaşlarla intensiv danışıqlar aparılır. ABŞ rəhbərliyi nəqliyyat dəhlizinin açılması üçün lazımi dəstək veriləcəyini bildirib. Prezident Donald Tramp avqustun 8-də Vaşinqtonda Ermənistan və Azırbaycan rəhbərlərinin sülh razılaşması mərasimində bu nəqliyyat kommunikasiyasının açılmasında maraqlı olduğunu vurğulayıb.

Ermənistan tərəfi "Tramp marşrutu"nu hökumətin "Dünyanın Kəsişmə Yolları" təşəbbüsünün tərkib hissəsi kimi qiymətləndirir. 

Xatırladaq ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan layihəni həyata keçirmək üçün Ermənistan-ABŞ birgə müəssisəsi olan "TRIPP Company"nin qeydiyyatdan keçiriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, bu şirkət dəmir yolu, avtomobil yolları, neft və qaz boru kəmərləri, həmçinin fiber-optik kabellər üçün lazım olan infrastrukturu inkişaf etdirmək hüququna malik olacaq. Onun sözlərinə görə dəhlizə nəzarət həmin şirkətə 99 il müddətinə veriləcəkdir. Belə olan halda dəhlizin işinə əngəl törətmək istəyən qüvvələr öz qarşılarında ABŞ-ı görəcəklər. Onlar bunun nə ilə başa çatacağını bildikləri üçün geri çəkilməli olublar. İddiaçılardan biri olan İran əvvəllər buranı özünün “qırmızı xətti” elan etsə də ABŞ-ın oraya gələcəyini biləndən sonra səsini çıxarmır. Molla rejimi başa düşür ki, Zəngəzur dəhlizi onun üçün “arı yuvasına” çevrilə bilər. Ancaq digər iddiaçı olan Rusiya orada “ayağına yer eləmək” üçün müəyyən tələblər irəli sürür. Təbii ki, ABŞ və Ermənistan başqalarını burada özlərinə şərik kimi görmək istəmirlər. O baxımdan inamla demək olar ki, ABŞ Rusiyanın dəhlizdən pay almasına imkan verməz. “Pay”ın gələcəkdə Ermənistana nə ilə başa gələcəyini söyləmək çətindir. Çünki hazırda bu ölkələr bir-birləri ilə demək olar ki, kəskin qarşıdurma vəziyyətindədirlər.

Bu arada məlum olub ki, ABŞ Zəngəzur dəhlizi ilə bağlı qəti hərəkətə keçib. 2026-cı ilin fevral ayında ABŞ-ın çox yüksək vəzifəli bir məmurunun Ermənistana səfəri gözlənilir.  Ermənistan KİV-nə istinadən xəbər verilir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan yazıb. O xatırladıb ki, Ermənistanda indiyə qədər ən yüksək vəzifəli Amerika məmuru Nümayəndələr Palatasının spikeri və dövlət katibi olub. Jurnalist Jirayr Voskanyan isə qeyd edib ki, onda olan məlumata görə, ABŞ-ın vitse-prezidenti Ceyms Vens 2026-cı ilin fevral ayında Ermənistana səfər edəcək. Voskanyan bildirib ki, Mehridə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlqoyma mərasimi gözlənilir. Mümkündür ki, ABŞ-ın vitse-prezidenti Ceyms Vens TRIPP layihəsinin təməlqoyma mərasimində iştirak etsin. Bəzi maraqlı ölkələr bu səfərin necə başa çatacağını gözləyir.

Nazirliyin məlumatına inanası olsaq onda düşünmək olar ki, Zəngəzur nəqliyyat dəhlizi ən geci gələn ilin sonuna qədər istismara hazır olacaq. Bununla da regionda böyük iqtisadi-siyasi layihə Cənubi Qafqazda geosiyasi nizamı dəyişdirəcək.

Vəli İlyasov, “İki sahil”