29 dekabr 2025 10:53
114

Azərbaycanın idman siyasəti

Azərbaycanın beynəlxalq idman oyunlarında,Olimpiya yarışlarında və dünya çempionatlarında ardıcıl və yüksək səviyyədə təmsil olunması ölkəmizin idman sahəsində qazandığı mühüm nailiyyətlərdəndir. Bu uğurlar eyni zamanda dövlətlərarası dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə də əhəmiyyətli töhfə verir. Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi tanınması və bu sahədə əldə olunan nəticələr məqsədyönlü və davamlı dövlət idman siyasətinin nəticəsidir. Sözügedən siyasətin əsası Ulu Öndər tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən isə ardıcıl və uğurla davam etdirilmişdir.

Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları nailiyyətlər təkcə fərdi uğurlar deyil, bütövlükdə xalqın qürur mənbəyidir. Bu nəticələr ölkəmizin dünya səviyyəsində layiqincə təmsil olunduğunu açıq şəkildə nümayiş etdirir. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəldərək dövlətimizin adını daim ön sıralarda qərarlaşdırırlar. Onların əzmi, vətənpərvərliyi və yüksək məsuliyyət hissi gənc nəsil üçün nümunə və motivasiya rolunu oynayır, milli qürur duyğusunu daha da gücləndirir.

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı Azərbaycanın idman sahəsində həyata keçirdiyi məqsədyönlü və ardıcıl dövlət siyasətinin real nəticələrini əks etdirdi. Dövlət başçısının səsləndirdiyi faktlar və vurğuladığı prioritetlər göstərir ki, idman artıq sosial inkişafın, gənclər siyasətinin, beynəlxalq imicin və milli həmrəyliyin mühüm tərkib hissəsinə çevrilmişdir.

Dövlət başçımızın qeyd etdiyi kimi, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda rekord sayda medal qazanmışdır. 2000-dən artıq medal, o cümlədən təqribən 600-dən çox qızıl medal ölkəmizdə idmanın inkişaf dinamikasının yüksək səviyyədə olduğunu təsdiqləyir. Medalların sayında əvvəlki illərlə müqayisədə artım dövlətin idmana göstərdiyi sistemli diqqətin və uzunmüddətli strategiyanın məntiqi nəticəsidir. Bu göstəricilər ardıcıl dövlət siyasətinin məhsuludur.

Azərbaycan Respublikasında idmanın inkişafının dövlət siyasəti səviyyəsinə qaldırılması bu sahədə əsaslı infrastrukturun formalaşdırılmasına imkan vermişdir. Son illərdə idman infrastrukturu faktiki olaraq yenidən qurulmuş, bölgələrdə müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri istifadəyə verilmişdir. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində yeni komplekslərin açılması ilə bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman komplekslərinin sayı 46-ya çatmışdır. Bu, regionlarda idmanın əlçatanlığını təmin etməklə yanaşı, sosial bərabərliyin və balanslı inkişafın da mühüm göstəricisidir.

Prezident İlham Əliyev çıxışında sağlam gənc nəslin yetişdirilməsinin ölkənin gələcək inkişafı üçün həlledici amil olduğunu xüsusi vurğulamışdır. Dövlət başçısının yanaşmasına görə, idman təkcə yarış və nəticə anlayışı ilə məhdudlaşmır, o, gənclərin fiziki sağlamlığının, mənəvi dayanıqlığının və sosial fəallığının formalaşmasında əsas vasitələrdən biridir. Uşaqlıqdan idmana marağın təşviq edilməsi gələcəkdə peşəkar idman uğurlarının bünövrəsini qoymaqla yanaşı, sağlam cəmiyyət modelinin formalaşmasına xidmət edir.

Çıxışda xüsusi diqqət çəkən məqamlardan biri də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məsələsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərdə Vətən sevgisinin, milli məsuliyyət hissinin və sağlam ruhun formalaşdırılmasıdır. İdman bu baxımdan mühüm ideoloji və tərbiyəvi rol oynayır. Gənclərin həm fiziki hazırlığı, həm də mənəvi saflığı vəhdət təşkil etdikdə ölkənin davamlı və uğurlu inkişafı təmin olunur.

Azərbaycan idmançılarının beynəlxalq arenalarda Dövlət Bayrağını yüksəltməsi milli qürurun və dövlətin artan nüfuzunun rəmzinə çevrilmişdir. Son beş il ərzində Azərbaycanın bayrağının qalib ölkə kimi beynəlxalq yarışlarda ucaldılması artıq davamlı tendensiya xarakteri almışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2020-ci ildə qazanılmış şanlı Qələbə idmançıların üzərindəki məsuliyyəti daha da artırmış, onları müzəffər xalqın nümayəndələri kimi çıxış etməyə sövq etmişdir.

2025-ci ilin ölkə miqyasında ən mühüm idman hadisəsi isə MDB ölkələrinin Üçüncü Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili olmasıdır. Bu Oyunların bir neçə şəhəri, o cümlədən Gəncə və Xankəndini əhatə etməsi Azərbaycanın təşkilati imkanlarını, regional potensialını və təhlükəsizliyini nümayiş etdirmişdir. Minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilən bu mötəbər yarışlar ölkəmizin idman diplomatiyasının uğurlu nümunəsinə çevrilmişdir. Azərbaycan idmançılarının komanda hesabında ikinci yerə layiq görülməsi isə bu tədbirin həm təşkilati, həm də idman nəticələri baxımından uğurla yekunlaşdığını təsdiqləyir.

İlk dəfə olaraq ölkəmizdə UFC üzrə beynəlxalq turnirin keçirilməsi Azərbaycanın idman sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərən əlamətdar hadisədir. Dünya miqyasında ən populyar və kommersiya baxımından ən güclü idman layihələrindən biri olan UFC turnirlərinin əsasən ABŞ-da və digər inkişaf etmiş ölkələrdə təşkil olunduğunu nəzərə alsaq, Bakının bu siyahıya daxil edilməsi ölkəmizin təşkilati, təhlükəsizlik və infrastruktur potensialının beynəlxalq səviyyədə qəbul edildiyini sübut edir. Minlərlə xarici qonağın iştirakı və dünya mediasının diqqəti ilə müşayiət olunan bu turnir Azərbaycanın qlobal təqdimatı baxımından mühüm platformaya çevrilmişdir. Turnir təşkilatçılarının Bakının inkişaf səviyyəsi və şəhərsalma mədəniyyəti ilə bağlı səsləndirdiyi müsbət rəylər ölkəmizin beynəlxalq imicinin güclənməsinin bariz göstəricisidir.

Prezident İlham Əliyevin çıxışında Formula 1 yarışlarının ölkəmizə verdiyi töhfələr xüsusi vurğulanmışdır. Birinci Formula 1 yarışından sonra xarici turistlərin sayının 20 faiz artması idman tədbirlərinin turizm sektoruna birbaşa təsirinin real göstəricisidir. Formula 1 artıq Azərbaycanın beynəlxalq tanıtım brendinə çevrilmişdir. Şəhər yarışı formatında keçirilən Bakı mərhələsi öz unikallığı ilə seçilərək dünya miqyasında fərqli model formalaşdırmışdır. Yarım milyardlıq televiziya auditoriyası qarşısında həm yarışın, həm də Bakı şəhərinin təqdim olunması ölkəmizin mədəni, estetik və urbanistik üstünlüklərini nümayiş etdirir. Biletlərin əvvəlcədən tam satılması və əlavə tribunalara ehtiyac yaranması Formula 1-ə olan marağın davamlı xarakter daşıdığını göstərir.

Son illərdə Azərbaycanın beynəlxalq idman yarışlarının keçirildiyi əsas mərkəzlərdən birinə çevrilməsi dövlət siyasətinin ardıcıllığını təsdiqləyir. Xüsusilə Qusarda, Şahdağ Xizək Kurortunda ilk dəfə keçiriləcək Xizək üzrə Dünya Kuboku ölkəmizin qış idmanları sahəsində beynəlxalq idman təqviminə daxil olmasını təmin edəcək. Şahdağ Xizək Turizm Mərkəzinin hər il genişlənən infrastrukturu, yeni trasların istifadəyə verilməsi və özəl sektorun artan marağı regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir, minlərlə yeni iş yerinin yaradılmasına şərait yaradır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, idman infrastrukturu təkcə paytaxtla məhdudlaşmır. Dəniz, dağ və qış turizmi zonalarının inkişafı, müasir yollar, dəmir yolu şəbəkəsi və 9 beynəlxalq hava limanının fəaliyyəti ölkə daxilində və regionlar arasında bağlantını gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və infrastruktur layihələri idman tədbirlərinin də bu ərazilərə inteqrasiyasına imkan yaradır.Suqovuşan və Köndələnçay su anbarlarında yarışların keçirilməsi, gələcəkdə Sərsəng su anbarında avarçəkmə üzrə yarışların təşkili perspektivi ölkəmizin idman coğrafiyasının genişləndiyini göstərir.

Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək beynəlxalq qiymətdir. Bu status ölkəmizin son illərdə idman infrastrukturuna, idman diplomatiyasına və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətin nəticəsidir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu şərəfli adı layiqincə daşımaq həm məsuliyyət, həm də yeni imkanlar yaradır.

Eyni zamanda, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması dövlət-idman münasibətlərində formalaşmış sağlam ənənənin göstəricisidir. Azərbaycanın idman şöhrətini yüksəldən insanların əməyinə verilən ədalətli və sistemli qiymət idmanın davamlı inkişafını stimullaşdıran əsas amillərdən biridir.

Beləliklə, Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı Azərbaycanın idman sahəsində formalaşdırdığı uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticələrini aydın şəkildə ortaya qoyur. İdman artıq ölkəmiz üçün milli maraqlara xidmət edən strateji alət, beynəlxalq etimadın möhkəmləndirilməsi və müasir Azərbaycanın təqdimatı vasitəsinə çevrilir. Qlobal miqyaslı idman yarışlarının Azərbaycanda keçirilməsi, regionların bu prosesə fəal şəkildə cəlb olunması, gənclərin sağlam və vətənpərvər ruhda formalaşdırılması idman siyasətinin çoxşaxəli və sistemli xarakter daşıdığını təsdiqləyir.

Dövlətin yaratdığı güclü infrastruktur,beynəlxalq təcrübəyə əsaslanan idarəetmə modeli və idmançılara göstərilən davamlı diqqət Azərbaycanın dünya idman məkanında mövqeyini daha da möhkəmləndirir.Bu baxımdan, Azərbaycanın idman siyasəti milli maraqlara söykənən, beynəlxalq nüfuzu gücləndirən və ölkəmizin davamlı inkişafına xidmət edən strateji dövlət xətti kimi gələcəkdə də uğurla davam etdiriləcəkdir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini