29 dekabr 2025 15:03
89

Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər

Dekabrın 28-də Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləşən “Türk Dünyası” rəsm qalereyasında “Rənglərdə yaşanan 10 il” mövzusunda sərgi keçirilib. Mərkəzin 10 illik yubileyi ərəfəsində təşkil olunan sərgidə 6–30 yaşarası tələbə-rəssamların və müəllim heyətinin rəssamlığın rəngarəng texnikalarından istifadə edərək hazırladıqları əl işləri nümayiş etdirilib.

“İki sahil” xəbər verir ki, sərgidə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Arzu Əliyeva və Alena Əliyeva mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, sərgilənən əl işlərinə baxış keçirib, qonaqlar və sərgi iştirakçıları ilə şəkil çəkdiriblər.

Gənc rəssamların rəngkarlıq, heykəltaraşlıq, taxta üzərində yandırma, kvillinq-art, batika, ebru, alcohol ink, qrafika, wood-art, mixed media art (dekorativ-tətbiqi sənət) kimi müxtəlif mövzularda hazırlanmış işləri böyük maraqla qarşılanıb.

Tədbiri Zirə Mədəniyyət Mərkəzinin rəhbərliyi adından Ləman Əliyeva açaraq mərkəzin fəaliyyəti və sərgi haqqında ətraflı məlumat verib. Daha sonra Art Studiyanın rəhbəri Məzahir Rüstəmov çıxış edərək Art Studiyanın 10 illik inkişaf yolu, əldə olunan nailiyyətlər və gənc rəssamların yaradıcılıq uğurları barədə məlumat verib.

Sərginin fəxri qonağı Xalq rəssamı Ömər Eldarov iştirakçıları təbrik edib, onların yaradıcılıq fəaliyyətlərinə yüksək qiymət verərək gələcək işlərində uğurlar arzulayıb.

Tədbirin davamında Eko-Parkın moda studiyasında hazırlanmış Azərbaycanın milli geyimlərindən, eləcə də üzərində rəsm və digər əl işləri olan müasir geyimlərdən ibarət moda sərgisi nümayiş etdirilib.

Sonda təqdim edilən “Ağ çiçəyim” rəqsi tədbirə xüsusi estetik gözəllik və rəng qatıb.

Tədbirin yekununda isə Zirə Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibətilə Eko-Park heyəti və tələbə-rəssamlar birlikdə tort kəsib, bu əlamətdar günü xatirə şəkilləri ilə yaddaşa köçürüblər.