Müasir dövrdə hər bir dövlətin gücü və gələcək inkişaf perspektivləri bilavasitə onun insan kapitalının səviyyəsi ilə ölçülür. İnsan kapitalının əsas göstəricilərindən biri isə fiziki və mənəvi cəhətdən sağlam gənc nəslin formalaşdırılmasıdır. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün vacibdir. Bu baxımdan Azərbaycanda gənclərin sağlam böyüməsi, onların idmana cəlb olunması və sağlam həyat tərzinin təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində idmanın inkişafı üçün geniş imkanlar yaradılmış, gənclərin idmanla məşğul olması üçün zəruri şərait təmin edilmişdir. Bu siyasət yalnız idman uğurlarının qazanılmasına deyil, eyni zamanda sağlam cəmiyyətin formalaşmasına xidmət edir.
Sağlam gənclik – güclü dövlətin təməli
Sağlam gənc nəslin yetişdirilməsi hər bir ölkənin strateji məqsədləri sırasında mühüm yer tutur. Çünki fiziki cəhətdən sağlam olmayan cəmiyyətin davamlı inkişafından danışmaq mümkün deyil. Gənclərin sağlamlığı iqtisadi inkişaf, sosial sabitlik və milli təhlükəsizlik üçün əsas şərtlərdən biridir. Bu baxımdan Azərbaycan dövləti gənclərin sağlamlığının qorunmasına və möhkəmləndirilməsinə xüsusi önəm verir.
Sağlam gənc nəsil yalnız gələcək idman nailiyyətlərinin deyil, eyni zamanda ölkənin intellektual, iqtisadi və sosial potensialının əsasını təşkil edir. İdmanla məşğul olan gənclər daha intizamlı, məsuliyyətli və fəal vətəndaş kimi formalaşır. Bu keyfiyyətlər isə dövlət quruculuğunda və cəmiyyətin inkişafında mühüm rol oynayır.
Düzgün siyasət və idmanın inkişafı
Azərbaycanda idmanın inkişafı düzgün və düşünülmüş dövlət siyasətinin nəticəsidir. Dövlət tərəfindən qəbul edilən proqramlar, strategiyalar və layihələr idmanın kütləviləşdirilməsinə, gənclərin idmana marağının artırılmasına yönəldilmişdir. İdman infrastruktunun inkişafı, yeni idman obyektlərinin inşası və mövcud bazanın modernləşdirilməsi gənclərin idmanla məşğul olmasını daha da asanlaşdırmışdır.
Dövlətin bu sahəyə göstərdiyi diqqət gəncləri idmana həvəsləndirir və onları sağlam həyat tərzinə yönəldir. Bu, olduqca önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. İdman uğurları isə yalnız müntəzəm məşq, sağlam həyat tərzi və düzgün fiziki inkişaf nəticəsində qazanıla bilər.
Gənclərin idmana cəlb olunması və erkən yaşlardan formalaşma
İdman vərdişlərinin formalaşması, əsasən, uşaqlıq dövründən başlayır. Uşaqlıqdan idmana göstərilən maraq gələcəkdə böyük idman uğurlarına yol açır. Bu səbəbdən Azərbaycanda məktəblərdə bədən tərbiyəsi dərslərinin səviyyəsinin yüksəldilməsi, idman bölmələrinin yaradılması və uşaqların idman klublarına cəlb olunması xüsusi diqqət mərkəzindədir.Erkən yaşlardan idmanla məşğul olan uşaqlar fiziki cəhətdən daha sağlam, psixoloji baxımdan daha dayanıqlı və məqsədyönlü olurlar. Bu isə onların gələcək həyatında həm peşəkar idmançı kimi, həm də cəmiyyətin fəal üzvü kimi uğur qazanmasına şərait yaradır. Dövlət tərəfindən yaradılan şərait valideynləri də uşaqlarını idmana yönəltməyə təşviq edir.
Azərbaycanda idman yalnız peşəkar nailiyyətlərlə məhdudlaşmır, eyni zamanda sağlam həyat tərzinin əsas komponenti kimi təqdim olunur. Kütləvi idman tədbirlərinin təşkili, müxtəlif yaş qrupları üçün idman yarışlarının keçirilməsi və maarifləndirici layihələr gənclər arasında idmana marağı artırır.Sağlam həyat tərzinin təbliği gənclərin zərərli vərdişlərdən uzaq durmasına, sosial problemlərin azalmasına və ümumi sağlamlıq səviyyəsinin yüksəlməsinə xidmət edir. Bu isə uzunmüddətli perspektivdə ölkənin sosial və iqtisadi inkişafına müsbət təsir göstərir.Sağlam gənc nəsil Azərbaycanın gələcək inkişafının əsas təminatıdır. Fiziki cəhətdən sağlam, mənəvi baxımdan güclü və vətənpərvər gənclər ölkənin sabahını formalaşdıracaq əsas qüvvədir. Dövlətin idmana və gənclərə göstərdiyi diqqət uzunmüddətli strateji məqsədlərə xidmət edir.Bu gün atılan addımlar, həyata keçirilən proqramlar və yaradılan imkanlar gələcək nəsillərin daha sağlam, daha güclü və daha rəqabətqabiliyyətli olmasına yönəlib. Uşaqlıqdan idmana göstərilən maraq və yaradılan şərait Azərbaycanın idman uğurlarının davamlı olmasını təmin edəcəkdir.Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır. Düzgün aparılan dövlət siyasəti idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Sağlam gənc nəsil olmadan nə böyük idman uğurlarına nail olmaq, nə də güclü və dayanıqlı dövlət qurmaq mümkündür.Azərbaycan dövləti bu həqiqəti əsas götürərək gənclərin sağlamlığına, idmana cəlb olunmasına və sağlam həyat tərzinin təşviqinə xüsusi önəm verir. Şübhəsiz ki, bu siyasət gələcəkdə də öz bəhrəsini verəcək, Azərbaycan həm sağlam cəmiyyət, həm də idman uğurları ilə seçilən ölkə kimi mövqeyini daha da möhkəmləndirəcəkdir.
Pərvanə Əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı