30 dekabr 2025 01:58
86

Mikroplastiklər kişilərin ürəyini riskə atır! - Gizli təhlükə

Yeni tədqiqatın nəticələrinə əsasən, mikroplastik hissəciklər damar divarlarına yerləşərək xüsusilə kişilərdə ürək xəstəliklərinin yaranmasını sürətləndirə bilər.

Ölçüsü təxminən millimetrin mində birindən 5 millimetrədək dəyişən bu xırda plastik hissəciklər hazırda hər yerdə- qidalarda, suda və havada mövcuddur. Onların qan dövranına daxil olduğu, hətta həyati orqanlarda toplandığı da artıq məlumdur.

Mikroplastiklər hormonal pozuntular, reproduktiv problemlər, sinir sistemi zədələnmələri, xərçəng və ürək-damar xəstəlikləri ilə əlaqələndirilir. Lakin indiyə qədər bu hissəciklərin ürək xəstəlikləri zamanı damarları birbaşa zədələyib-zədələmədiyi, yoxsa sadəcə mövcud xəstəliklərlə yanaşı müşahidə edildiyi tam aydın deyildi.

Kaliforniya Universitetinin biotibbi elmlər üzrə professoru, "Environment International" elmi jurnalında dərc olunan tədqiqatın müəllifi Çançenq Cou bildirib ki, araşdırma mikroplastiklərin birbaşa ürək-damar xəstəliklərinin inkişafında rol oynaya biləcəyini göstərir.

Tədqiqatda diqqətçəkən məqamlardan biri mikroplastiklərin cinsiyyətdən asılı olaraq təsir fərqinin dəyişməsi olub. Belə ki, bu hissəciklər kişilərdə damar zədələnməsinə səbəb olduğu halda, qadınlarda eyni təsir müşahidə edilməyib. Alimlər bu fərqin kişi və qadın orqanizmlərində mövcud olan qoruyucu mexanizmlərlə bağlı ola biləcəyini düşünürlər.

Araşdırma çərçivəsində damar sərtliyinə genetik meyilli siçanlar üzərində təcrübə aparılıb. Həm erkək, həm də dişi siçanlara az yağlı və az xolesterinli, sağlam insan qidalanmasına bənzər pəhriz tətbiq edilib. Bununla yanaşı, 9 həftə ərzində onlara bədən çəkisinin hər kiloqramına təxminən 10 milliqram mikroplastik verilib.

Alimlər bu dozanın insanların çirklənmiş qida və su vasitəsilə məruz qala biləcəyi səviyyələrə uyğun seçildiyini bildiriblər. Nəticələr göstərib ki, mikroplastik qəbulu siçanlarda çəki artımına və ya xolesterin səviyyəsinin yüksəlməsinə səbəb olmayıb. Buna baxmayaraq, arteriya zədələnməsi qeydə alınıb.

Şahnigar Əhmədova, "İki sahil"