30 dekabr 2025 16:11
117

Beynəlxalq arenalarda üçrəngli bayrağımızın ucaldığı anlar hər bir vətəndaş üçün qürur mənbəyidir

İlin sonu ərəfəsində ölkənin sosial, siyasi və humanitar həyatında əldə olunan nailiyyətlərə nəzər salmaq, görülən işləri dəyərləndirmək və gələcək perspektivləri müəyyənləşdirmək artıq formalaşmış bir ənənəyə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı təkcə idman sahəsinin nəticələrinin təqdimatı deyil, bütövlükdə dövlət siyasətinin fəlsəfəsini, ardıcıllığını və strateji hədəflərini əks etdirən proqram xarakterli çıxış kimi dəyərləndirilməlidir.  Bu siyasətin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub, hazırda isə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir. Belə ki, bu, ilk növbədə dövlətin idmana verdiyi siyasi və mənəvi dəstəyin nümayişidir . İdmanın cəmiyyətdəki rolu yalnız fiziki güc və estetik görünüşlə məhdudlaşmır. Bu, həm də bir millətin mənəvi saflığının, intellektual potensialının və sarsılmaz birliyinin göstəricisidir. Müasir dünyada idman artıq sadəcə fiziki yarış meydanı deyil. O, xalqların özünüifadə formasına, dövlətlərin nüfuz göstəricisinə və cəmiyyətin mənəvi-psixoloji sağlamlığının təməl daşına çevrilmişdir.

Prezident çıxışında qeyd etdi ki, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq arenalarda rekord nəticələr əldə etmişlər. İl ərzində 2000-dən çox medalın, o cümlədən 600-dən artıq qızıl medalın qazanılması ölkə idman tarixində mühüm göstəricidir. Bu nailiyyətlər idmançılarımızın yüksək peşəkarlığının, məşqçilərin əzmkarlığının və dövlətin idmana göstərdiyi hərtərəfli qayğının bariz təzahürüdür. Medalların sayının ildən-ilə artması aparılan siyasətin düzgünlüyünü bir daha sübut edir. Dövlət başçısı vurğuladı ki, idmanın inkişafı Azərbaycanda prioritet dövlət siyasətidir. Son illər ərzində ölkədə idman infrastrukturu demək olar ki, sıfırdan qurulmuş və bu gün ən yüksək beynəlxalq standartlara cavab verir. Regionlarda idmanla məşğul olmaq üçün geniş imkanlar yaradılmışdır. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatmışdır. Bu, idmanın yalnız paytaxtda deyil, bütün ölkə üzrə əlçatan olmasını təmin edir. Ölkə rəhbərinin çıxışında xüsusi yer tutan məsələlərdən biri sağlam gənc nəslin formalaşdırılmasıdır. Prezident haqlı olaraq qeyd edir ki, sağlam gənclik olmadan nə idman uğurlarını, nə də dayanıqlı inkişafı təmin etmək mümkündür. Uşaqlıqdan idmana marağın formalaşdırılması, məktəblərdə və gənclər arasında idmanın təşviqi gələcək böyük qələbələrin təməlini qoyur. Bu siyasət eyni zamanda əhalinin ümumi sağlamlıq səviyyəsinin yüksəldilməsinə, sağlam həyat tərzinin təşviqinə xidmət edir. Azərbaycan idmançılarının beynəlxalq arenalarda üçrəngli Dövlət Bayrağımızı ucaltdıqları anlar hər bir vətəndaş üçün sonsuz qürur mənbəyidir. Son beş ildə Azərbaycanın qalib ölkə kimi tanınması, xüsusilə Vətən müharibəsində əldə olunan tarixi Qələbə idmançılarımızın məsuliyyətini daha da artırıb. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara çıxır, bu amil isə onların çıxışlarına əlavə ruh və güc verir.

2025-ci ilin əsas idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının Azərbaycanda keçirilməsi oldu. Bu mötəbər yarışların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkili ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini, regionlarda yaradılmış müasir infrastrukturun səviyyəsini nümayiş etdirdi. Minlərlə xarici qonağın iştirak etdiyi bu tədbir Azərbaycanın qonaqpərvərliyini, bölgələrinin gözəlliyini və potensialını dünyaya tanıtdı. Komanda hesabında ikinci yerə layiq görülməyimiz idmançılarımızın peşəkarlıq səviyyəsinin və hazırlığının göstəricisi oldu. Eyni zamanda ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir məhz Azərbaycanda keçirildi. Həmçinin yarım milyard auditoriyası olan Formula 1 yarışları da Bakının təqdimatında böyük maraqla qarşılanıb.  Təsadüfi deyil ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artıb.

Gələcək planlar da xüsusi diqqət çəkir. 2026-cı ildə Qusarda, Şahdağ Xizək Kurortunda ilk dəfə Xizək üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanın qış idmanları sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Şahdağ Xizək Mərkəzinin sürətli inkişafı, yeni trasların istifadəyə verilməsi və turizm sektoruna verdiyi töhfələr regionun sosial-iqtisadi inkişafına mühüm təsir göstərir.

Dövlət başçısının diqqət çəkdiyi mühüm məqamlardan biri də Qusarda, Şahdağ Xizək Kurortunda ilk dəfə Xizək üzrə Dünya Kubokunun keçirilməsi perspektividir. Bu hadisə Azərbaycanın artıq qış idmanı sahəsində də beynəlxalq idman təqviminə daxil olduğunu göstərir.

Sonda dövlət başçısı idmançıların və idman mütəxəssislərinin mükafatlandırılmasının artıq gözəl bir ənənəyə çevrildiyini qeyd edərək, Azərbaycanın idman şöhrətini ucaldan insanların fəaliyyətinin hər zaman dövlət tərəfindən layiqincə qiymətləndiriləcəyini bildirdi.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri