Son illərdə özünü dünya miqyasında etibarlı tərəfdaş kimi təsdiqləyən Azərbaycanın neft və qeyri-neft məhsulları üzrə xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi ilə yanaşı, idxal-ixrac əməliyyatlarının coğrafiyasının genişlənməsi də diqqətəlayiq məqamdır. Bu, ölkəmizə, milli iqtisadiyyatımızda “Made in Azerbaijan” brendi ilə buraxılan məhsullara inamın artmasının ifadəsidir.
Qlobal iqtisadi qeyri-müəyyənliklərin və ticarət zəncirlərində baş verən dəyişikliklərin fonunda Azərbaycanın ixrac strategiyasında qeyri-neft sektorunun rolu getdikcə möhkəmlənir. Dövlət tərəfindən həyata keçirilən institusional islahatlar, ixracın təşviqi mexanizmləri və istehsal potensialının genişləndirilməsi qeyri-neft ixracının həcminə və coğrafiyasına müsbət təsir göstərir. 2025-ci ilin yanvar–noyabr aylarının nəticələri də bu istiqamətdə əldə olunan irəliləyişlərin davamlı xarakter daşıdığını nümayiş etdirir.
Yeyinti məhsulları və aqrar ixracda əhəmiyyətli yüksəliş
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın dekabr sayına əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 3,3 milyard ABŞ dolları təşkil edib. Bu göstərici qeyri-neft sektorunun ölkə iqtisadiyyatında artan payını və ixracın şaxələndirilməsi strategiyasının effektivliyini təsdiqləyir.
Cari ilin on bir ayında yeyinti məhsullarının ixracında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, yeyinti məhsulları üzrə ixrac 19,4 faiz artaraq 1,1 milyard ABŞ dollarına çatıb. Xüsusilə aqrar və aqrarsənaye məhsullarının ixracı qeyri-neft ixracının əsas hərəkətverici qüvvələrindən biri olaraq qalmaqdadır.
Hesabat dövründə ixrac olunan əsas məhsullar arasında şəkərin ixracı 52,4 faiz və ya 19,6 milyon ABŞ dolları, meyvə-tərəvəz ixracı 28,6 faiz və ya 179,6 milyon ABŞ dolları artıb. Alüminium və ondan hazırlanan məmulatlar üzrə ixrac 16,8 faiz (30,6 milyon ABŞ dolları), kimya sənayesi məhsulları üzrə ixrac 13,9 faiz (36,9 milyon ABŞ dolları), pambıq iplik üzrə ixrac 13,3 faiz (3,6 milyon ABŞ dolları) yüksəlib. Eyni zamanda çay, bitki və heyvan mənşəli piylər və yağlar üzrə ixracda da artım müşahidə olunub.
2025-ci ilin yanvar–noyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,1 faiz artaraq 892,1 milyon ABŞ dolları, aqrarsənaye məhsulları üzrə ixrac isə 0,3 faiz artaraq 288,2 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,4 faiz artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.
Qeyri-neft ixracında əsas məhsullar
Qeyri-neft sektoruna aid ixrac mallarının strukturunda qızıl 297,4 milyon ABŞ dolları ilə birinci yerdə qərarlaşıb. Pomidor (tomat) ixracı 175,4 milyon ABŞ dolları ilə ikinci, karbamid isə 163,4 milyon ABŞ dolları ilə üçüncü pillədə yer alıb. 2025-ci ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac edilən məhsullar sırasında xurma 40,9 milyon ABŞ dolları ilə lider olub. Onu meşə fındığı (26,2 milyon ABŞ dolları) və emal olunmamış, aşqarlanmamış alüminium (23 milyon ABŞ dolları) izləyib.
İxracın coğrafiyası da genişlənməkdədir. Cari ilin on bir ayında Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 546,1 milyon ABŞ dolları, İsveçrəyə 315,3 milyon ABŞ dolları, Gürcüstana 306,1 milyon ABŞ dolları, Ukraynaya isə 190,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub. Təkcə noyabr ayında Rusiyaya 109,7 milyon ABŞ dolları, Türkiyəyə 59,8 milyon ABŞ dolları, Gürcüstana 32,6 milyon ABŞ dolları, İsveçrəyə 26,9 milyon ABŞ dolları, Ukraynaya isə 18,8 milyon ABŞ dolları həcmində ixrac həyata keçirilib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider, “SOCAR Polymer” MMC, SOCAR-ın Qaz İxrac İdarəsi isə…
Dövlətə məxsus şirkətlər arasında isə qeyri-neft ixracı üzrə liderliyi SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qoruyub saxlayır. Siyahıda həmçinin “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-Dalğıc” MMC, “İstisu” Mineral Su Zavodu MMC, “Azərbaycan Dəmir Yolları” QSC və Naxçıvan MR Dövlət Energetika Xidməti yer alıb.
Qeyri-dövlət ixracatçı subyektlərin 2025-ci ilin yanvar–noyabr ayları üzrə reytinqində ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “Export Stream” MMC, “STP Alüminium” MMC, “TABATERRA” QSC, “UYTROP” MMC, “KHAN-EL” MMC və “PAQRO” MMC təmsil olunublar.
Peyk xidmətlərinin ixracında əsas bazarlar
Xidmət ixracının şaxələndirilməsi istiqamətində yeni nəsil xidmətlər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan peyk telekommunikasiya xidmətləri mühüm yer tutur. 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” tərəfindən dünyanın 41 ölkəsinə 16,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu göstərici agentliyin ümumi gəlirlərinin 66 faizini təşkil edib. Təkcə noyabr ayında “Azərkosmos” 35 ölkəyə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixracı həyata keçirib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətləri ixracında ilk beşlikdə Birləşmiş Krallıq (4,2 milyon ABŞ dolları), Lüksemburq (3,2 milyon ABŞ dolları), İsveç (1,1 milyon ABŞ dolları), Türkiyə (772 min ABŞ dolları) və Nigeriya (759,8 min ABŞ dolları) qərarlaşıb.
Beləliklə, 2025-ci ilin yanvar–noyabr aylarının nəticələri göstərir ki, qeyri-neft sektoru üzrə ixracın həcmi və strukturu balanslı şəkildə genişlənir, aqrar sahə və yüksək texnoloji xidmətlər isə bu artımın əsas dayaqlarına çevrilir.
Orxan Vahidoğlu, “İki sahil”