05 yanvar 2026 14:30
365

3,2 milyon dollara BALIQ OLAR? - YENİ İL HƏRRACINDA REKORD

Yaponiyanın paytaxtı Tokioda yerləşən Toyosu Balıq Bazarı ənənəvi Yeni il balıq hərracına ev sahibliyi edib.

Müxtəlif bölgələrdən ovlanan qiymətli balıqların satışa çıxarıldığı hərracda Aomori prefekturasının Oma qəsəbəsi sahillərində tutulmuş 243 kiloqramlıq mavi üzgəcli orkinos 510,3 milyon yenə (təxminən 3,2 milyon ABŞ dolları) satılaraq rekord qiymətə alıcı tapıb. Ən yüksək təklifi verən “Kiyomura Corp.” şirkəti nəhəng mavi üzgəcli orkinosu hər kiloqram üçün 2,1 milyon yen (təxminən 13 min ABŞ dolları) ödəməklə əldə edib.

Şirkət balığın rekord qiymətinə baxmayaraq, onun “Sushizanmai” restoranlar şəbəkəsinin filiallarında xüsusi qiymət tətbiq olunmadan, adi menyu qiymətləri ilə müştərilərə təqdim ediləcəyini açıqlayıb. “Kiyomura Corp.”un rəhbəri Kiyosi Kimura Yeni ilin ilk orkinosunun şirkətə uğur gətirəcəyinə ümid etdiyini bildirərək, mümkün qədər çox insanın bu balığın dadına baxa bilməsini arzuladıqlarını deyib.

Qeyd edək ki, Tokioda keçirilən ənənəvi Yeni il hərracında əvvəlki rekord 2019-cu ildə qeydə alınmışdı. Həmin il 278 kiloqramlıq mavi üzgəcli orkinos 333,6 milyon yenə (təxminən 2,1 milyon ABŞ dolları) satılmışdı.

Orxan Vahidoğlu, “İki sahil”