06 yanvar 2026 10:54
296

Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır

Azərbaycan 2026-cı ilə bütün sahələrdə böyük uğurlarla qədəm qoydu. Ötən 2025-ci il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu. Ötən il respublikamızda iqtisadi və sosial sferada mühüm nailiyyətlər əldə edildi.  

Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin artıq ənənəyə çevrilən yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan və ABŞ münasibətlərinin inkişafına, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev  cəmiyyətimizin hər bir üzvünün daha çox diqqət yetirdiyi dövlətin sosial siyasəti məsələlərinə böyük yer ayırıb. Qeyd edilib ki, bu hər zaman dövlətimizin siyasətinin ana xəttini müəyyən edən istiqamətdir. Bu siyasətin mərkəzində əlbəttə ki, Azərbaycan vətəndaşı dayanır. Ölkənin bütün siyasəti həm həm sosialyönümlüdür, həm də investisiyayönümlüdür.

Son 20 ilin statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda minimum əməkhaqqı 40 dəfədən çox artıb. Azərbaycan dövləti bu illər ərzində geniş iqtisadi islahatlar həyata keçirib, böyük neft-qaz layihələri icra edilib və  əldə edilən gəlirlər sosial sahəyə yönəldilib. Bunu qeyd edən dövlətimizin başçısı deyib: “İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur”.

Vaxtilə bu sahədə olan pozuntuların, ədalətsizliklərin aradan qaldırıldığını, şəffaf mexanizmin tətbiq olunduğu qeyd edən Azərbaycan Prezidenti bildirib: “Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir”.

Vurğulanıb ki, işğal dövründə 300 mindən çox məcburu köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, 100-dən çox şəhərcik inşa olunub. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Ölkədə maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.

Bir neçə ildir ki, ölkədə özünüməşğulluq proqramı tətbiq edilir və artıq 100 mindən çox insan bu proqramla əhatə olunub.  Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər. Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla hər yerdə yeni iş yerləri yaradılır.   

Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib. bu prosses bu gün də davam edir. müharibə  zamanı əlil olmuş hərbiçilər dövlət tərəfindən ən müasir protezlərlə təmin edilir. Artıq beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Həmin kateqoriyadan olan insanlara minik avtomobilləri verilir. Dünyanın heç bir ölkəsində bu sahəyə ölkəmidəki kimi diqqət və qayğı yoxdur.

Həmçinin son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib. Beləliklə bu, Azərbaycan dövlətinin siyasəti, o cümlədən iqtisadi siyasətinin ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq”.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü