06 yanvar 2026 11:16
208

Zəngəzurun hekayəsini dünyaya necə çatdırmalı?

Post-modern dünyada reallıq faktiki amillərlə yanaşı narrativlər, başqa sözlə hekayə quruculuğu əsasında formalaşır. 2021-ci ildə dövlətimizin başçısı tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, faktiki xarakter daşıyan halın təsdiqi ilə birgə cəmiyyətimiz üçün yeni narrativin ötürücüsü olmuşdur. Ölkəmizin mövcud geosiyası reallığı və yerləşdiyimiz coğrafi regionun şərtləndirdiyi ekzogen amillər bu cürə narrativlərin məhz Azərbaycan və azərbaycanlılar tərəfindən formalaşdırılmasını labüd edir. 

Çox da uzaq olmayan tariximizdən çıxara biləcəyimiz “dərslər” bu məsələlərin əhəmiyyətini bildirir. SSRİ-nin son dövründə Qarabağ münaqişəsi ətrafında Qorbaçovun yaxın ətrafındakı erməni əsilli rəsmilərin yaratdığı narrativ, yaxud da, bənzər formada erməni lobbisinin  təxəyyülünün məhsulu olan narrativlər əsasında ABŞ konqresi tərəfindən 1992-ci ildə qəbul edilmiş 907-ci düzəliş bunun bariz nümunələrindəndir. 

Qeyd olunan tarixi hallar onu sübut edir ki, hüquqi olaraq faktiki reallıq ölkəmizin xeyrinə olsa da, narrativ quruculuğu anti-Azərbaycan dairələri tərəfindən pro-aktiv qaydada işlənildiyindən Azərbaycan çoxsaylı ədalətsizliklərlə üzləşmişdir. Hətta zaman-zaman Azərbaycanla fərqli materiklərdə yerləşən ölkələrdəki azsaylı erməni icmalarının təhrif edilmiş faktlar əsasında ərsəyə gətirdikləri filmlər, kitablar və s. ictimai materiallar vasitəsilə həmin cəmiyyətlərə təlqin etdikləri narrativlər ictimai rəyə təsirsiz ötüşməmişdir. İctimai rəy isə dövlət siyasəti üzərində birbaşa və ya dolayı təsirlərə malikdir. 
Bütün bunlara baxmayaraq, Azərbaycan 2020-ci ildən başlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strategiyası sayəsində Cənubi Qafqazdakı mənzərəni dəyişməyə nail oldu. Çoxəsrlik tariximizin son 200 illik kəsiyində, ilk dəfə itki yerinə haqlı qazanc əldə edən Azərbaycanımız dünyanın geosiyasi və geoiqtisadi fəzasında regional güc kimi öz layiqli yerini tutdu. Bu yeni reallığı isə Azərbaycanın yaratmalı olduğu narrativdə yeni çalarların vurğulanması zərurətini labüd edir. Nəzərə almaq lazımdır ki, artıq Qarabağ problemi özünün ədalətli həllini tapıb və dövlətimiz strateji maraqlarını tarixi torpaqlarımız olan Zəngəzurda ifadə etmək iqtidarında olduğunu bəyan edir. Lakin bu heç də Azərbaycanın qonşu dövlətə ərazi iddiası kimi qələmə verilməli deyil. Azərbaycan xalqı tarixən ədalətsiz narrativlərin formalaşdırdığı hərbi-siyasi aktların qurbanı olsa da, daim sülhpərvər mövqedən çıxış edib. İndi isə azərbaycanlıların öz dədə-baba yurdlarına ləyaqətli qayıdışın təminatı üçün ləngimədən, Zəngəzur adlı hekayəmizin ilk növbədə başda dost və müttəfiq ölkələrin cəmiyyətləri olmaqla, dünya ictimaiyyəti ilə məqsədyönlü qaydada kommunikasiya edilərək legitimləşdirilməsini həyata keçirməliyik.

Ölkəmiz istər elmdə, istər incəsənətdə, istərsə də populyar mədəniyyətdə Zəngəzur mövzusunda öz mənafeyini “yumşaq” mesajlarla ötürməyi bacarmalı, başqa sözlə öz narrativini formalaşdırmalıdır. Burada isə qəlibləşmiş “Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır!” devizindən müasir dövrün şərtləndirdiyi amillər nəzərə alınmaqla, bunun necə və hansı kanallar vasitəsilə həyata keçirilməsinin müzakirəsi fazasına keçid edilməlidir. 
Film istehsalı yönümündən hekayəmizin yaradılması nəzərdə tutularsa insan həyatının 15-20 saniyəlik çərçivələrə sığışdırıldığı sosial media erasında sözügedən ekran əsərinin bədii xəttinin ehtiva etdiyi diskursun, habelə müvafiq tematik mesajların beynəlxalq aləmdə yayılmasına fokuslanmaq müstəsna əhəmiyyət kəsb edir. Qardaş Türkiyənin timsalındakı nümunədə, son 15 ildə istehsal olunmuş tarixi teleseriallar onlarla ölkədə yüz milyonlarla tamaşaçının diqqətini cəlb etməyi bacarmışdır. Sosial şəbəkə seqmentində trendə çevrilən serial personaj və epizodları qardaş ölkənin imici üçün müsbət bir narrrativ inersiyasının formalaşmasına, başqa sözlə Latın Amerikasından tutmuş uzaq Şərqə qədər popular mədəniyyətdə onun yerinin nəzərəçarpan dərəcədə möhkəmlənməsinə gətirib çıxarmışdır. 

Hipotetik cəhətdən, Azərbaycanın bənzər trayektoriya üzrə hərəkəti mahiyyət etibarilə Zəngəzur ətrafında tarixi-mədəni narrativimizin məktəbinin formalaşması ilə nəticələnə bilər. Bir sıra qrantlar və maliyyələşmə mənbələrinin Zəngəzur üzrə popular mədəniyyət üçün ayrılması isə təkcə yaxın mənzildəki hədəflər üçün deyil, kökü kökümüzdən dili dilimizdən olan digər soydaşlarımızın məsələləri ətrafında Azərbaycanın “hekayəsinin” beynəlxalq arenada ifadə olunması kimi strateji hədəflər üçün də zəmin hazırlaya bilər. Çünki yazının əvvəlində vurğulandığı kimi, reallıq, faktlarla yanaşı, həm də pro-aktiv qaydada ötürülən mesajların məhsuludur.

İyirmi birinci əsrin üçüncü onilliyinə doğru irəliləyən məğrur Azərbaycanımızın reallıqları artıq total dəyişikliyə uğrayıb. Ölkəmiz geosiyasi təlatümlərin obyektindən subyektinə çevrilməklə artıq post-Sovet periferiyasının komponenti olmayıb, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən əhəmiyyətli iqtisadi, siyasi və mədəni bir hab kimi öz yerini tapıb. Bu reallığın faktoloji aspektidir. Bundan sonra isə dövlətimizin başçısının illərlə addım-addım ərsəyə gətirdiyi bu fövqəladə faktın milli hekayəmiz formasında dünyaya tanıdılması vəzifəsi ictimaiyyətin incəsənət, ədəbiyyat və elm sferasındakı qüvvələrinin üzərinə düşür.

Asif Muradzadə,
“Ayrılığın sonu varmış” tarixi romanının müəllifi və “qerbiazerbaycanim.com saytının ideya və layihə müəllifi