06 yanvar 2026 22:14
194

Tarixi köklərimizin canlı ifadəsi olan lüğət

Son dövrlərdə Türk dünyasında türk birliyi strategiyasının genişləndirilməsi istiqamətində mədəni- siyasi baxımdan xeyli məqsədyönlü fəaliyyətlər həyata keçirilməkdədir. Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY kimi təşkilatlar bu sahədə önəmli rol oynayır. Bu  qurumların təşkilatçılığı ilə ortaq dil, ortaq əlifba, ortaq ədəbiyyat, ortaq tarix və ortaq mədəniyyətin öyrənilməsi istiqamətində fəaliyyətlər, tədqiqatlar genişləndirilməyə başlanmışdır. Bu fəaliyyətlərin təşkili və həyata keçirilməsində ön cərgəsində şübhəsiz, Türkiyə Cümhuriyyəti gedir. Son vaxtlar Türkiyədəki araşdırmalarda Şimal-Şərqi Anadolu, eləcə də Qafqaz mövzusu aktuallıq qazanmışdır.

Bildiyimiz kimi, Qafqaz Türk dünyasının mərkəzlərindən biri  kimi öz geosiyasi əhəmiyyəti ilə həmişə böyük önəm kəsb etmişdir. Qafqazın mərkəzi bölgələrindən birini də tarixən Qars vilayəti təşkil etmişdir.Bu bölgə Qərb türkləri ilə Şərq türkləri arasında körpü rolunu oynamışdır. Ona görə də Qarsın etnogenetik xüsusiyyətləri, adət-ənənələri, folkloru, şivə xüsusiyyətləri həmişə elm adamlarının diqqətini cəlb etmişdir. Qars bölgəsində Cənubi Qafqaz, xüsusilə Azərbaycan ədəbi-mədəni mühiti hər zaman özünü aydın hiss etdirmiş, aparıcı mövqedə olmuşdur.

Məlumdur ki, türk dialekt və şivələri qədim türk dili, folkloru, mifologiyası, tarixi, etnogenez və etnoqrafiyasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Dilçiliyin bu mühüm qolunun, sahəsinin araşdırılmasına Azərbaycanda keçən əsrin 20-30-cu illərindən, Türkiyədə isə 40-cı illərindən başlanılmışdır. Türkiyədə dialektoloji tədqiqatların bir elm şəklini almasında İstanbul universitetinin professoru, həmyerlimiz professor Əhməd Cəfəroğlunun mühüm rolu və yeri olmuşdur. Onun hələ nəşr olunmamış araşdırmalarını da nəzərə alsaq 15 cilddən artıq dialaektologiyaya aid əsərləri elmi ictimaiyyətin istifadəsinə verilmişdir. Bu araşdırmaların içərisində Qars vilayətinə aid dialektoloji materialların da öz yeri vardır. Onu da qeyd edək ki, Türkiyə Cumhuriyyətinin bir çox vilayətlərinin dialekt və şivələri geniş şəkildə tədqiq edilsə də, təəssüf ki, bu fikri Qars və ətrafının şivələri haqqında söyləmək mümkün deyil. Ə.Cəfəroğlunun və Ə.B.Ercilasunun bəzi tədqiqatları xaricində indiyədək Qars şivələri haqqında kifayət qədər araşdırma aparılmamışdır. Bu baxımdan bu yaxınlarda Bursa şəhərində “Təkə akademi” nəşriyyatında nəşr edilən “Kars ve yöresi ağızları sözlüyü” adlı kitab diqqəti cəlb edir. 660 səhifəlik bu kitabın müəllifləri əslən qarslı olan Bursa Uludağ Universitetinin professoru Çingiz Alyılmaz və Trabzon Qaradəniz Texnika Universitetinin professoru Bahadır Günəşdir. Giriş, sözlük və biblioqrafiyadan ibarət olan bu kitab Qars vilayətinin tarixi, mədəniyyəti və şivələri haqqında yazılmış ən dəyərli tədqiqat əsərlərindən biri kimi diqqəti cəlb edir. Kitabdakı təxminən 90 səhifəlik giriş bölümünün özünü də  Qarsın coğrafi mövqeyi və tarixi və Qars və yörəsi şivə qruplarının  əsas xüsusiyyətləri yarımbaşlıqları şəklində iki qismə ayırmaq olar.

Müəlliflərin göstərdiyi kimi, dəniz səviyyəsindən 1768 metr hündürlükdə qərar tutan və Türkiyənin şimal-şərqində yerləşən bu tarixi məkan Ərzurum, Ardahan, İğdır vilayətləri və Ermənistan Respublikası ilə həmsərhəddir. Vaxtilə indiki Ardahan və İğdır vilayətlərinin də daxil olduğu Qars vilayəti indi 7 rayon (Akyaka, Arpaçay, Diqor, Susuz, Səlim, Sarıkamış və Kağızman) və 382 kənddən ibarətdir.Tarixi türk yurdu olan Qarsın qədim tarixi var. Miladdan öncə bu bölgə sakların, hunların məskəni olmuş, daha sonra Bizans hakimiyyəti mövcud olmuş, 1080-ci ildən Səlcuq dövlətinin tabeliyinə keçmiş, 1537-ci ildən Osmanlı dövlətinin tərkibində olmuş, 1877-1878-ci il Rus-Osmanlı müharibəsi sonucunda təzminat olaraq çar Rusiyasına verilmiş,bu işğal 40 il davam etmişdir. İşğalçıların, onlara arxalanan erməni vandallarının yerli əhaliyə etdiyi zülmlər o dövrün söz ustaları tərəfindən təsirli bir dillə ədəbiyyatda öz əksini tapmış, həmin materiallar bu günə qədər gəlib çıxmışdır.

Bütün bunlar haqqında “Kars və yöresi  ağızlarının sözlüyü” əsərində ətraflı şəkildə məlumat verilmişdir. Burada o dövrün Qars şəhərinə aid arxiv sənədlərinin, fotoşəkillərin verilməsi də diqqəti cəlb edir. Məlumdur ki, I Dünya müharibəsi zamanı rus qoşunları Osmanlı dövlətinin  ərazisinin böyük bir hissəsini işğal etmişdi. Ənvər paşa Qarsı işğaldan azad etmək üçün hazırlıq görmüş, ancaq bu bölgədə Sarıqamış faciəsi baş vermiş, türk əsgərləri əsir alınaraq Bakı yaxınlığındakı Nargin (Böyük Zirə) adasındakı həbsxanalarda saxlanılmış, Azərbaycan türkləri onlara əllərindən gələn köməyi əsirgəməmişlər. Müharibə dövründə Bakıdakı xeyriyyə cəmiyyətləri “Qardaş köməyi” adlı təşkilat yaratmış,aclıq və səfalətlə üz-üzə qalmış Anadolu insanına, xüsusilə Qars bölgəsindəki türklərə yardımlar etmişlər. Bu yardımların toplanması və müharibə qurbanlarına, zərərdidələrə çatdırılmasında böyük Azərbaycan şairi Əhməd Cavad da fəal iştirak etmişdir ki, bu barədə də kitabda geniş şəkildə bəhs edilmişdir.

 Qars bölgəsinin məskunlaşma tarixi, etnogenetik proseslər, onun bir müddət rus işğalında qalması, daha sonra Qafqazdan Azərbaycan türklərinin köç edib  bölgəyə yerləşməsi bu şivələrin lüğət tərkibində geniş şəkildə yansımışdır. Ona görə də bu şivələrin leksik-qrammatik xüsusiyyətlərinin lüğət səviyyəsində araşdırılması türk dillərinin tarixinin, dil əlaqələrinin tarixinin öyrənilməsi baxımından böyük önəm kəsb edir. Kitabda “Kars və yöresi ağız qruplarının əsas xüsusiyyətləri” bölməsində bölgə şivələrinin Anadolu şivələri içərisində yerini müəyyən etməyə təşəbbüs göstərilmiş,eyni zamanda Qars və çevrəsində 5 şivə qrupu müəyyən edilmişdir. Müəlliflər doğru olaraq Qars və yörəsinin(bu təsnifata Ardahan və İğdır şivələri də daxil edilmişdir) şivələrini aşağıdakı  qruplara ayırmışlar: 1.Qars yerli şivəsi. 2.Ardahan-Posof yerli şivəsi. 3.Hanak türkmən şivəsi. 4.Azəri şivəsi. 5.Tərəkəmə şivəsi

Kitabda diqqəti cəlb edən məziyyətlərdən biri ondan ibarətdir ki,burada akademik tədqiqatlar üçün xarakterik olan  elmilik, sistemlilik prinsipləri yüksək səviyyədə gözlənilmişdir. Bu kitabda ilk dəfədir ki, Qars və ətrafının şivələrinin öyrənilməsi tarixi geniş şəkildə ələ alınmışdır.Bu problemə aid kitab və monoqraiyalar, dissertasiyalar, elmi məqalələr qruplaşdırılaraq onlar haqqında müfəssəl məlumat verilmişdir. Kitabda eyni zamanda Qars şivələrindəki ədəbi dildən fərqli fonetik vahidləri,səs dəyişmələrini düzgün şəkildə ifadə etmək üçün istifadə edilmiş diakritik işarələrin siyahısı verilmişdir.

Haqqında bəhs etdiyimiz lüğət kitabında leksik vahidlər maddəbaşı sözlərin əlifba sırasına görə verilmişdir. Kitabda verilmiş leksik vahidlərin dil mənsubiyyəti də müəyyən edilərək göstərilmişdir.Bəzən hətta bu leksik vahidin orijinal dildə əsl yazılışı, onların morfoloji tərkibi izah edilmişdir. Omonim sözlər I, II və III rəqəmləri ilə ifadə edilmişdir. Məsələn, çədənə I-çətənə, II.zəif, çəlimsiz, sısqa. Kitabda qənaət prinsipinə əməl edilərək xüsusən isimlər maddə başı kimi verilmiş, ardınca onun derivatları da qeyd edilmişdir. Məsələn, dil maddə başı sözü. Müəlliflər bu söz əsasında düzələn  frazeoloji birləşmələri də  şivələrindən toplamış, dil maddə başının altında izahları ilə birlikdə vermişlər. Bu leksik vahidlə əlaqəli olan dil demək, dil deyip ağlamaq, dil otu yemək, dil töhmək, dilə dişə tüşmək, dilə gəlmək, dilə gəti(r)mək, dili dolaşmaq, dili tutulmaq,dilində tüy bitmək, dilini kəsmək, dilini bağlamaq, dilinnən qurtulmaq, dilinə vurmaq və s. ifadələrini misal göstərmək olar. qulaq leksik vahidinə aid material da eyni qaydadada lüğətdə öz əksini tapmışdır. Məsələn, qulaq asmaq, qulağı cınqıldamaq, qulağına çatmaq, qulağı səsdə olmaq və s.

Lüğətdə Qars və ətrafı şivələrində Azərbaycan türkcəsi ilə səsləşən  xeyli sayda leksik vahidlərə təsadüf edilir.Azrbaycan dilində işlənən bu leksik vahidlərin bir qismi alınma sözlərdən ibarətdir. Məs.farsonka (sobanı yandırmaq üçün istifadə edilən truba); qorneş(az.qarniz)-pərdəni hərəkət etdirən metal və ya plastik əşya; bafat etmək-vəfat etmək; xezeyin-sahibkar, ağa, patron. Maraqlıdır ki,Qars və ətrafındakı şivələrdə gözə çarpan leksik vahidlərin böyük əksəriyyəti bu gün də Azərbaycan dilinin dialekt və şivələrində işlənməkdədir. Məsələn, düymə-döymə (nərddə oyun adı); əpbəy-çörək; umacax-ummaq; urvat-dəyər, önəm, etibar; dingiləxoş-uşaq oyununun adı; hənir, hənirti -səs; hədiy-uşaq ilk diş çıxaranda verilən buğda yeməyi; xəfə-rütubətli yer; həgər-əgər; xəkənqaz-xəkəndaz; xıl-topa,dəstə; xeyləy-çox,xeyli; odax-hodəy(cüt sürmədə köməkçi oğlan uşağı); oroşdux-ramazan ayı;öpkə-ağciyər; öedeh-əvədəyə düşmək-arxası  üstə düşmək; salığ-məlumat, xəbər; dızdız-tez-tez və çox ağlayan uşaq; dəvəgözü –obsidan,təbii şüşə; dəsdər-əl dəyirmanı; havar çəkmək-bağırıb kömək istəmək;anırı-kənar, yan tərəf; araşqın-qədim baş geyimi; düdəy-tütək; düyünçə-kiçik boğça; kirtiy-bir tikə,bir parça; qıdıx-qidih (keçi  balası). Azərbaycan türkcəsindən keçmiş sabit söz birləşmələri, ifadələr də bu şivələrdə gözə çarpmaqdadır. Məs. ölüm itim dünyesi; öyrəncəli olmaq-adətkərdə olmaq; xeyrə qarşı, sarı yağ-əridilmiş kərə yağı.Qars şivələrində Azərbaycan türkçəsindən keçmiş arqo və jarqon tipli sözlərə də təsadüf edilir: dəyyus; oğraş-kobud, pis adam; dıydıx-ağılsız, şıltaq, ərköyün; heyvərə-pis, kobud, danışqan.

Bu qiymətli tədqiqat əsərində şivələrdə işlənən, istifadə olunan oyun və rəqs adları,oyun havalarının,saz havalarının adları və onların izahı da verilmişdir. Məsələn: sarı çiçək; sarı yaylığ; sarı camış;sarı gəlin;sarı qız;sarı köynək; sala toyu-çalğısız toy; hekari-xalq oyununun adı; dəvə badağı-uşaq oyununun adı; hel hel-saz və oyun havalarından birinin adı; Ardahan barı-bir xalq rəqsinin adı;Ardahan gözəlləməsi- oyun havasının adı; Araz araz- xalq rəqsinin adı; Araz qırağı-bir oyun havasının adı; Arap oyunu-toyda böyüklərin oynadığı rəqsin adı.

Beləliklə, Bursa Uludağ Universitetinin professoru Cengiz Alyılmaz və Trabzon Qaradəniz Texnik Universitetinin professoru Bahadır Günəşin birgə ərsəyə gətirdikləri “Kars ve yöresi ağızlarının sözlüyü” kitabı Türk dünyasının ortaq dil, ədəbiyyat və mədəniyyətinin tarixi köklərini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir və türkologiyaya layiqli bir töhfədir.

Əbülfəz Quliyev,
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü