2026-cı il Azərbaycan üçün təkcə növbəti təqvim ili deyil, ölkənin beynəlxalq arenada mövqeyini, siyasi çəkisini, iqtisadi potensialını, humanitar və mədəni təsir imkanlarını nümayiş etdirən çoxşaxəli və kompleks bir mərhələ kimi xarakterizə olunur. Bu il ərzində Bakının və ümumilikdə Azərbaycanın siyasi, iqtisadi, ekoloji, humanitar və idman sahələrini əhatə edən nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ölkənin regional aktordan qlobal dialoq platformasına çevrildiyini açıq şəkildə göstərir. Sözügedən tədbirlərin miqyası, mövzuların aktuallığı və iştirakçı kontingentinin səviyyəsi Azərbaycanın beynəlxalq etimad qazandığını, təhlükəsiz, sabit və proqnozlaşdırılan tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir.
Qlobal platformaya aparan yol
Cari ildə Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası xüsusi əhəmiyyət daşıyır. WUF13 ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində təşkil olunmaqla urbanizasiya və şəhərsalma mövzusunun artıq texniki deyil, strateji və siyasi məsələ kimi qəbul edildiyini nümayiş etdirir. Forum çərçivəsində dayanıqlı şəhər modelləri, ağıllı şəhərlərin qurulması, iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri, urbanizasiyanın sosial nəticələri və müasir infrastrukturun inkişafı kimi mövzuların müzakirəsi Azərbaycanın özünün də bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı layihələrlə üst-üstə düşür. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması və müasir şəhərsalma yanaşmaları Bakının bu Forum üçün təsadüfi seçim olmadığını göstərir.
Ekoloji diplomatiyanın yeni mərhələsi
Bakı, həmçinin iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu, Azərbaycanın ekoloji diplomatiyada artan rolunun göstəricisidir. Qlobal iqlim çağırışlarının kəskinləşdiyi, karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrinə keçid və ekoloji məsuliyyətin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə bu tədbirin Bakıda təşkili mühüm mesaj daşıyır. Azərbaycan son illər yaşıl enerji sahəsində irimiqyaslı layihələrə start verməklə, Xəzər dənizinin külək enerjisi potensialından istifadə planları ilə və regionda ekoloji balansın qorunmasına yönəlmiş təşəbbüslərlə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Bu kontekstdə Ümumdünya Ətraf Mühit Gününün Bakıda qeyd olunması ölkənin qlobal iqlim gündəliyində fəal iştirakını daha da gücləndirir.
İslam dünyası ilə iqtisadi körpülər
Bu il daha bir mötəbər beynəlxalq tədbirin - İslam İnkişaf Bankı (İsDB) Qrupu 16-19 iyun tarixlərində Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək. Bu, Azərbaycanın islam dünyasında iqtisadi və maliyyə əməkdaşlığında mərkəzi mövqeyini möhkəmləndirəcək. Tədbir çərçivəsində keçiriləcək assambleya və iclaslar investisiya imkanlarının genişləndirilməsi, ticarət əlaqələrinin dərinləşdirilməsi və maliyyə mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm platforma rolunu oynayacaq.
Şübhəsiz, Azərbaycan bu cür tədbirlərlə yalnız maliyyə axınlarını cəlb edən ölkə kimi deyil, eyni zamanda, təşəbbüskar, dialoq yaradan və regional iqtisadi əməkdaşlığı təşviq edən aktor kimi çıxış edir.
Avrasiya miqyasında artan təsir
2026-cı ildə, həmçinin BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası Bakıda keçiriləcək. Bu tədbirin paytaxtımızda keçirilməsi Azərbaycanın coğrafi sərhədlərdən kənar təsir imkanlarının artdığını göstərir. ESCAP kimi geniş regional qurumun tədbirinə ev sahibliyi etmək ölkəmizin Avropa ilə Asiya arasında körpü rolunu daha da gücləndirəcək və Azərbaycanın nəqliyyat-logistika, enerji və ticarət sahələrində artan əhəmiyyətini beynəlxalq gündəmə çıxaracaq.
Bundan əlavə, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik iclasının Azərbaycanda keçirilməsinin planlaşdırılması da regional iqtisadi əməkdaşlıq və infrastruktur maliyyələşdirilməsi sahəsində Bakının etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir.
Bakı Forumu: Dialoqun ünvanı
Bu ilin mart ayında keçiriləcək XIII Qlobal Bakı Forumu artıq formalaşmış beynəlxalq brend kimi Azərbaycanın "yumşaq güc" siyasətinin əsas alətlərindən biridir. Bu ənənəvi Forumda sabiq və fəaliyyətdə olan dövlət və hökumət başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin və nüfuzlu ekspertlərin iştirakı Bakını qlobal problemlərin müzakirə olunduğu intellektual mərkəzə çevirir. Müasir beynəlxalq münasibətlərdə etimad böhranı, təhlükəsizlik çağırışları və geosiyasi qarşıdurmalar fonunda Qlobal Bakı Forumu dialoq və qarşılıqlı anlaşma üçün nadir platformalardan biri kimi çıxış edir.
Maliyyə təhlükəsizliyi və...
Dünya ölkələrinin maliyyə kəşfiyyat orqanlarını birləşdirən Eqmont Qrupunun 32-ci plenar iclası da Bakıda təşkil ediləcək. Bu, Azərbaycanın maliyyə şəffaflığı, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara sadiqliyinin göstəricisidir. Bu tədbir ölkəmizin maliyyə təhlükəsizliyi sisteminin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyacaq.
Təhlükəsizlik və etimad gündəliyi
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirinin (AQEM/CICA) növbəti zirvə toplantısının oktyabr ayında Bakıda keçirilməsinin planlaşdırılması Azərbaycanın təhlükəsizlik və etimad quruculuğu sahəsində artan diplomatik rolunu bir daha nümayiş etdirəcık. Regional sabitliyin təşviqi, siyasi dialoqun gücləndirilməsi və qarşılıqlı etimad mexanizmlərinin inkişafı bu platformanın əsas mahiyyətini təşkil edir və Bakı bu baxımdan ideal məkandır.
Multikulturalizm siyasətinin davamlılığı
Bu il çağdaş tariximizə Bakı prosesi kimi daxil olmuş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yenidən Bakıda təşkili Azərbaycanın multikulturalizm siyasətinin davamlı və ardıcıl xarakter daşıdığını göstərir. Sayca VII olacaq bu Forum mədəniyyətlərarası dialoq, tolerantlıq və humanitar dəyərlərin təşviqi ölkəmizin beynəlxalq imicinin ayrılmaz hissəsinə çevrilib və bu forumlar vasitəsilə Azərbaycan qlobal humanitar gündəlikdə fəal iştirakını davam etdirir.
İdman diplomatiyasının geniş coğrafiyası
İdman sahəsində cari ilin zəngin təqvimi Azərbaycanın idman diplomatiyasının geniş miqyasını ortaya qoyur. Azərbaycanın onuncu dəfə "Formula 1" Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. Bu, Bakının qlobal idman xəritəsində möhkəm yer tutduğunu təsdiqləyir. Bundan əlavə, Cüdo üzrə dünya çempionatı, qadınlar arasında voleybol üzrə Avropa çempionatı, Sumo üzrə dünya çempionatı və SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi ölkənin idman infrastrukturu, təşkilatçılıq bacarığı və beynəlxalq etimadı baxımından mühüm göstəricilərdir.
Tarixi yaddaş və elmi irs
Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin sərəncamı ilə Birinci Türkoloji Qurulyatın 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq. Bu, Azərbaycanın elmi, mədəni və tarixi irsə verdiyi önəmi göstərir. Bu yubiley çərçivəsində keçiriləcək beynəlxalq elmi konfranslar və akademik forumlar Azərbaycanın Türk dünyasında intellektual mərkəz rolunu daha da gücləndirəcək.
Strateji mərhələnin yekunu
Beləliklə, 2026-cı il Azərbaycan üçün təkcə tədbirlərlə zəngin il deyil, ölkənin qlobal sistemdə mövqeyini möhkəmləndirən, siyasi etimadı artıran, iqtisadi imkanları genişləndirən və humanitar təsir gücünü dərinləşdirən strateji mərhələ kimi qiymətləndirilir. Bu miqyasda və müxtəlif sahələri əhatə edən tədbirlərə ev sahibliyi etməsi Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının, balanslaşdırılmış xarici siyasətinin və güclü institusional potensialının məntiqi nəticəsidir.
Nigar Orucova, "İki sahil"
Daxili və xarici siyasətimizin aydın təsəvvür tablosu: Ölkə başçısı son müsahibəsində hansı nüanslara toxundu?
Strateji İşçi Qrupu və Strateji Tərəfdaşlıq Xartiyası: Azərbaycan–ABŞ münasibətlərinin yeni institusional mərhələsi