06 yanvar 2026 23:47
193

Erməni Apostol Kilsəsi xislətini dəyişə biləcəkmi?..

Baş nazir Paşinyan artıq bütün ermənilərin katolikosunun istefasını tələb edən yepiskopların iştirakı ilə kilsədə islahatların aparılması ilə bağlı yol xəritəsinə dair bəyannamənin mətnini qəbul edib

Bir müddət əvvəl baş nazir Nikol Paşinyanilə Ermənistan Apostol Kilsəsi arasında açıq müstəviyə keçən, bu ölkənin daxili gündəmini zəbt edən qareşıdurma son zamanlar daha kəskin xarakter almağa başlamışdı. Bu qarşıdurmada baş nazirin geriyə addım atmaması, israrlı mövqeyi artıq öz bəhrəsini verir. II Qaregini (Ktriç Nersisyan) demək olar ki, dalana dirəyən, onu və tərəfdarlarını belə demək mümkünsə, tərkisilah edən Paşinyan bu günlərdə artıq kilsə islahatlarına başlanıldığını elan edib. Baş nazir artıq bütün ermənilərin katolikosunun istefasını tələb edən yepiskopların iştirakı ilə kilsədə islahatların aparılması ilə bağlı yol xəritəsinə dair bəyannamənin mətnini qəbul edib. Bəyannaməyə görə, onlar Ermənistanın Apostol Kilsəsində islahatlar üzrə proqramın icrasına hazırlaşırlar. Bu proqrama əsasən, ilk addım kimi islahat proqramının ictimai elan edilməsi nəzərdə tutulur, bundan sonra katolikos vəzifəsindən kənarlaşdırılmalıdır.

Ardınca, proqramda göstərildiyi kimi, katolikosun yerini müvəqqəti icra edəcək şəxsin seçkiləri keçirilməli, daha sonra isə “müəyyən edilmiş prinsiplərin qorunub saxlanılması mexanizmlərini, maliyyə şəffaflığının təmin olunmasını və ruhanilərin lazımi davranış normalarını” təsbit etməli olan kilsə nizamnaməsi qəbul edilməlidir. Bəyannaməyə əsasən, yekun mərhələdə “təsbit olunmuş prosedura uyğun olaraq” bütün ermənilərin katolikosu seçkiləri keçirilməlidir.

Bir məsələni xüsusi ilə diqqətə çatdırmaq lazımdır ki, Paşinyan və tərəfdarları, eləcə Ermənistan cəmiyyətinin sağlam, güclü düşüncəli insanları daim bildirirlər ki, erməni kilsəsi sülhə deyil, xaosa, qarşıdurmaya xidmət edir, insanları etnik nifrətə təhrik edir. II Qaregin isə Koçaryan-Sarkisyan cütlüyünün cərgəsində yer alaraq baş naziri Azərbaycana güzəştli siyasət yürütməkdə ittiham edir. Paşinyan isə kilsəni xarici kəşfiyyat orqanları ilə işbirliyində, “dövlət işlərinə qarışmaqda” və “hakimiyyəti ələ keçirməyə çalışmaqda” günahlandırımışdı. Tanınmış erməni jurnalist Natali Aleksanyan bildirmişdi ki, vəziyyətin normallaşması üçün Ermənistan konstitutsiyasında kilsə ilə bağlı müddəalara dəyişiklik edilməlidir:
“Bütün bu vəziyyətin kökündə Ermənistan konstitusiyası dayanır. Konstitusiya Erməni Apostol Kilsəsi ilə dövlət arasında xüsusi münasibətləri təsbit edir və onları faktiki olaraq bərabərhüquqlu tərəfdaşlara çevirir. Nəticədə, kilsə böyük imtiyazlar əldə edir, məsuliyyətdən azad olunur və faktiki olaraq “dövlət içində dövlət”ə çevrilir. Özünə yalnız dövlətə məxsus olan səlahiyyətləri mənimsəyir”. N. Aleksanyan, həmçinin bildirmişdi ki, kilsə daxili qərarlarına əsaslanaraq özünü Ermənistan ərazisində hüquqi şəxs elan edir, özəlləşdirmə və kommersiya fəaliyyəti hüququ qazanır, lakin vergi ödəmir və digər qanuni öhdəlikləri yerinə yetirmir.

Bir müddət əvvəl katalikosun kilsədən uzaqlaşdırılması  proseslərinə şəxsən rəhbərlik edəcəyini bildirən Paşinyan II Qareginin devrilməsi ilə bağlı hazırladığı fəaliyyət planını dərc etmişdi: “Patriarxın iqamətgahının Ktriç Nersisyandan azad edilməsi, ilk növbədə, mənəvi gündəmdir, kilsəmizin yenilənməsinin gündəmidir və kilsənin, dövlətimizin və cəmiyyətimizin vasitəsilə özümüzün yenilənməsi, dövlətimizdə mənəvi həyat səviyyəsinin bərqərar olması üçün bir gündəmdir. İndiki rəhbərliklə Erməni Apostol Kilsəsinin sosial və mənəvi standartlarna çevrilməsi çətin, hətta qeyri-mümkündür. Kilsə rəhbərliyi əcdadlarımızdan bizə ötürülən standarta əməl etməzsə, bu, eyni zamanda vətənsizliyin nəticəsi olacaq. Bizim vəzifəmiz Ktriç Nersisyanı öz əhdini pozmuş başqa bir keşişlə əvəz etmək ola bilməz, çünki bu, siyasi bir sui-qəsd olardı. Mən başa düşürəm ki, bununla məsələni çətinləşdirirəm, amma Nersisyanı dəstəkləmək niyyətində deyiləm. Nersisyanın əvəzinə katolikosluğun taxt-tacına sonradan iddia edə bilməyən hər hansı bir evli keşiş müvəqqəti olaraq təyin edilir., sonra yeni qaydalarla seçkilər baş tutur”.

Bütün bunlar öz yerində. Ən əsası isə odur ki, Paşinyan artıq bütün ermənilərin katolikosunun istefasını tələb edən yepiskopların iştirakı ilə kilsədə islahatların aparılması ilə bağlı yol xəritəsinə dair bəyannamənin mətnini qəbul edib. İnanmaq istərdik ki, yüz illər boyu dini-mənəvi dəyərlərini itirərək terror yuvasına çevrilən erməni kilsəsi nəhayət, Paşinyanın güclü iradəsi sayəsində həqiqi ibadət evi kimi fəaliyyət göstərərək, sülhün, əmin-amanlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, bəşəri dəyərlərin təbliğinə xidmət edəcək…

Zahid Rza, “İki sahil”