Prezident İlham Əliyev: Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir
Əhalinin bütün təbəqələrinə qayğı ilə yanaşılması, hər bir vətəndaşın etibarlı sosial təminatı Azərbaycan dövlətinin prioritetlərindən biridir. İldən-ilə iqtisadi sahədə əldə olunan artımlar, maliyyə imkanlarının yüksəlməsi həm də vətəndaşların sosial rifahında özünü göstərib. Hər il olduğu kimi, ötən ilin mənzərəsi də sübut etdi ki, respublikamızda sosial islahatlar davamlıdır. Əhalinin rifah halının daha da yaxşılaşdırılması, o cümlədən həssas qrupdan olan vətəndaşlarımıza dövlət dəstəyinin daha da gücləndirilməsi istiqamətində çoxsaylı islahat tədbirlər həyata keçirilib.
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bir daha qeyd edib ki, sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır”.
Dövlət başçısı bildirib ki, əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb: “Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yəni biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur. Yəni bu, niyyətimizi əyani şəkildə göstərir və bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır”.
Qeyd edək ki, dövlət başçısının 2018-2025-ci illər ərzində reallaşdırdığı 5 sosial islahat paketi çərçivəsində imzaladığı Fərman və Sərəncamlarla, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Ümumilikdə 5 sosial paket 4 milyondan çox vətəndaşı əhatə edib. Prezidentin imzaladığı Fərman və sərəncamlara əsasən, bu dövrdə sosial ödənişlərdə əhəmiyyətli artımlar baş verib. Belə ki, minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox artırılıb. Bundan əlavə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan sosial siyasət nəticəsində 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 2025-ci ildə 16,9 milyard manata çatdırılıb. Hazırda bu xərclər ümumi büdcənin 41 faizini təşkil edir. Prezident İlham Əliyev bildirib: “Son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir”.
Prezidentin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" qarşıdan gələn illərdə də sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. Milli prioritetlər sırasında yer alan vacib istiqamətlərdən biri də məhz dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır. Təsadüfi deyil ki, bu il üçün cari xərclərin əsas hissəsi daha dəqiq desək, 68,1 faizi məhz sosial yönümlü xərclərin payına düşəcək. Qeyd edək ki, dünyada qəbul olunmuş qaydaya əsasən, büdcə o zaman sosialyönümlü hesab olunur ki, o büdcədə sosial bölmələr üzrə xərclərin payının əhəmiyyətli çəkisi olur. Belə ki, dünya praktikasında sosial xərclərin büdcədə payı 40 faizdən az deyil. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsasən sosial xərclərə təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və bu kimi sosial əhəmiyyətli sahələrdə xərclənən vəsaitlər daxil edilir. Son on illik müddəti götürsək, dünya praktikasına əsaslanan sosial xərclərin həcminin kəskin artdığını görmək olar. Belə ki, Hesablama Palatasının 2016-cı il dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, “Sosial müdafiə və sosial təminat” bölməsindən bilavasitə sosial müdafiə və təminat tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan xərcləri, təhsil və səhiyyə bölmələri üzrə faktiki icra edilmiş xərcləri nəzərə alsaq, 2016-cı ildə dövlət büdcəsinin sosial xərclərinin ümumi xərclərdə payı 25.7 faiz (4 milyard 559 milyon 7968 manat) təşkil edib. Əvvəlki ilə nisbətən 2016-cı ildə sosial müdafiə və təminatı xərcləri 250 milyon manat və ya 13.3 faiz, təhsil xərcləri 149.3 milyon manat və ya 9.3 faiz artıb. 2026-cı il üçün dövlət büdcəsinin xərcləri 41 milyard 703,6 milyon manat məbləğində gözlənilir. Bu isə o deməkdir ki, on ildə büdcə xərcləri 2,5 dəfə, sosial xərclər isə 3,7 dəfə artıb. Yəni, büdcənin sosial xərcləri onun ümumi xərclərindən daha sürətlə artıb.
Əhalinin məşğulluğunun təminatı da Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bunun nəticəsi olaraq ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramlarından biri də “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramıdır. Həmin proqram çərçivəsində 2025-ci ildə 468 işəgötürənlə əməkdaşlıq əsasında daha 1763 şəxs işlə təmin olunub. 2021-ci ildə icrasına başlanan birgə maliyyələşmə proqramı üzrə məşğulluğu təmin olunmuş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilib. Ümumilikdə həmin proqram çərçivəsində 4 min 800-ə yaxın şəxs işlə təmin edilib. Dövlət başçısının sözlərinə görə, bu günə qədər 100 mindən çox insan özünüməşğulluq proqramı ilə əhatə olunub: “Yəni cəmiyyətdə ələbaxımlılıq olmamalıdır. Bunu tam aradan qaldırmışıq? Yox, yenə də var. İş yerləri yaradılır, o cümlədən Qarabağ və Şərqi Zəngəzur da böyük tikinti meydançasıdır. Yəni işləmək istəyən Azərbaycanda özü üçün iş tapa bilər, ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə. İşsizlik aşağı səviyyədədir, ancaq işsizlər var və bu, hər bir ölkədə var. …Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər”.
2025-ci ildə də şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı davam edib. Bu, sosial dəstək proqramları, təqaüdlər (məsələn, Prezident təqaüdünün artırılması) və fərdi dəstək formalarını əhatə edib. Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur: “Mən bilmirəm hansı ölkədə şəhid olanlara dövlət tərəfindən mənzillər verilir, bəlkə verilir, amma mən bilmirəm, eşitməmişəm. Minik avtomobilləri verilir. Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur”.
Göründüyü kimi, Prezident İlham Əliyevin sosialyönümlü siyasəti Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılacağına təminat verir.
Sevinc Azadi, “İki sahil”
Daxili və xarici siyasətimizin aydın təsəvvür tablosu: Ölkə başçısı son müsahibəsində hansı nüanslara toxundu?
Strateji İşçi Qrupu və Strateji Tərəfdaşlıq Xartiyası: Azərbaycan–ABŞ münasibətlərinin yeni institusional mərhələsi