07 yanvar 2026 01:02
256

Ermənistan ciddi qarşıdurma və toqquşmalar ərəfəsində

İkinci Qarabağ müharibəsindən sonra bütün ermənilərin katolikosu II Qaregin tərəfindən səsləndirilən bəyanatlar bir daha onun rəhbərlik etdiyi qurumun iç üzünü açıb göstərdi. O, müharibədəki uğursuzluğa görə baş nazir Nikol Paşinyanı açıq şəkildə ittiham etməyə, onun kursunu milli maraqlara xəyanət kimi qiymətləndirməyə, cəmiyyəti müqavimətə, revanşa səsləməyə başladı. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbinə də “Qarabağ klanı”na bağlı çevrələrin təsiri altında siyasi oyunlar oynayan II Qaregin özünəməxsus tərzdə reaksiya verdi. Şübhəsiz, bu, kilsənin öz statusunu aşaraq siyasi aktora çevrildiyinin göstəricisi idi. Elə bu kimi səbəblərdən hakimiyyət yaranmış vəziyyəti dövlətçiliyə təhdid kimi qiymətləndirdi və kilsəyə, o cümlədən subaylıq andını pozmuş II Qareginə qarşı sərt mövqe nümayiş etdirdi. Hətta Paşinyan onun kimi düşünənləri həbs etməklə yanaşı, müharibə tərəfdarı olan, revanşistlərlə əməkdaşlıq edən, hələ də "dənizdən-dənizə böyük Ermənistan" xülyasından qurtulmayan II Qaregini vəzifəsindən uzaqlaşdırmaq planını açıqladı və katolikosu devirmək hərəkatına şəxsən rəhbərlik etmək niyyətində olduğunu bildirdi. Bununla da Ermənistanda hakimiyyət-kilsə münasibətləri siyasi qarşıdurma mərhələsinə keçdi.

Son günlər baş verənlər göstərir ki, bu qarşıdurma daha da şiddətlənir.  Yeni ilin ilk günlərində Ermənistanın baş naziri Nikol Paşinyan katolikosun istefasını tələb edən bir qrup yepiskopun iştirakı ilə hazırlanmış Erməni Apostol Kilsəsinin “bərpası və nizamlanması”na dair yol xəritəsi sənədini qəbul edib. Bu sənədə əsasən, sözügedən proqram çərçivəsində ilk mərhələdə kilsənin “bərpası proqramı”nın ictimaiyyətə açıq şəkildə elan edilməsi nəzərdə tutulur. Növbəti addım kimi isə katolikosun vəzifədən uzaqlaşdırılması planlaşdırılır. Sənəddə daha sonra katolikosun səlahiyyətlərini müvəqqəti icra edəcək şəxslə bağlı seçkilərin keçirilməsi və yeni kilsə nizamnaməsinin qəbul edilməsi nəzərdə tutulur. Bütün bunlar göstərir ki, Paşinyan bu yolla 2026-cı ildə keçiriləcək seçkilərdə onun məğlubiyyəti üçün dəridən-qabıqdan çıxan II Qaregini vəzifəsindn kənarlaşdırmaq, onun yerinə cəmiyyətə daha yaxın, dövlətlə əməkdaşlığa açıq olan bir din xadimini gətirmək planını bu ilin ilk yarısında reallaşdırmaq niyyətindədir. Elə Paşinyan hakimiyyəti və erməni kilsəsi arasında savaşın artıq arıq kulminasiya nöqtəsinə çatması da bundan xəbər verir. Bir sözlə, bu məsələnin həlli hazırda Ermənistanda artıq zərurətə çevrilib.

Şübhəsiz, belə bir məsələnin bir qrup yepiskop tərəfindən irəli sürülməsi də çox mətləblərdən xəbər verir. Amma onların bu təşəbbüsü Ermənistanda və onun xaricində birmənalı qarşılanmayıb. Məsələn, Erməni Apostol Kilsəsinin İsveçrə Yeparxiyasının başçıs Qusan Alçanyan  bir qrup kilsə iyerarxının yol xəritəsini alqışlayıb və hətta bu məsələdə onlar ilə həmrəy olduğunu bildirib. Politoloq Hakob Badalyan özünün “Telegram” kanalında bunu Paşinyanın diqqətəlayiq taktikası kimi qələmə verib.

Ermənistanın sabiq xüsusi tapşırıqlar üzrə səfiri, müxalif siyasətçi Edmon Marukyan isə baş nazir Nikol Paşinyanın son addımlarını kəskin tənqid edib. O, baş naziri səlahiyyətlərindən istifadə edərək Erməni Apostol Kilsəsinin daxili işlərinə birbaşa müdaxilədə, həmçinin konstitusiyanı pozmaqda günahlandırıb. Marukyanın fikrincə, baş verənlər dövlət-kilsə münasibətlərində təhlükəli gərginlik yaratmaqla, cəmiyyətdəki həssas tarazlığı ciddi şəkildə sarsıtmaqla ciddi qarşıdurma və toqquşmalara yol aça bilər. Onu da qeyd edə ki, kilsənin bu məsələ ilə bağlı bəyanatında da belə bir fikir vurğulanıb: “Bu cür ehtiyatsız addımlar ağrılı nəticələrə səbəb olan parçalanmaya səbəb ola bilər".  

Yeri gəlmişkən, yanvarın 6-da Paşinyan bildirib ki, heç bir hərəkət kilsəyə qarşı yönəlməyib: “Hökumət kilsəyə qarşı hərəkət etməyib, etmir və heç vaxt edə bilməz”. Onun sözlərinə görə, hədəf sadəcə, erməni xalqının milli maraqlarına zidd addımlar atanlar, kilsədən dövlətə qarşı dayaq kimi istifadə etməyə çalışanlardır.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, bu vəziyyət ölkədə hakimiyyət–kilsə münasibətlərini daha da sərtləşdirəcək və siyasi qarşıdurmanın növbəti mərhələsinə  keçid  üçün stimul olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”