Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin müasir siyasi tarixinin ən mürəkkəb və ziddiyyətli dövrlərindən biri olan AXC–Müsavat hakimiyyəti illərinə toxunması təsadüfi deyildir. Bu dövr təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, eyni zamanda dövlətçilik ənənələrinin ciddi təhlükə altına düşməsi, idarəetmədə xaos və peşəkarlıq çatışmazlığı ilə yadda qalmışdır. Prezidentin müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, 1992–1993-cü illərdə Azərbaycana rəhbərlik edən qüvvələr nə dövlət idarəçiliyi təcrübəsinə, nə də milli məsuliyyət hissinə malik idilər.
Təsadüfi insanların hakimiyyətə gəlməsi
İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri AXC–Müsavat hakimiyyətinin peşəkar kadr potensialına malik olmaması idi. Həmin dövrdə dövlətin ən mühüm postlarına gətirilən şəxslər çox zaman idarəetmə təcrübəsi olmayan, emosional qərarlar verən, populist şüarlarla çıxış edən insanlardan ibarət idi. Dövlət idarəçiliyi isə eksperiment meydanı deyil; burada səhvlərin bədəli xalqın taleyi ilə ölçülür.
Peşəkarlıqdan uzaq yanaşma nəticəsində dövlət institutları zəiflədildi,ordu quruculuğu iflic vəziyyətinə düşdü,diplomatik fəaliyyət qeyri-ciddi səviyyəyə endi,iqtisadiyyat dərin böhran yaşadı.Prezidentin müsahibədə işarə etdiyi kimi, bu, sadəcə idarəetmə səhvi deyil, dövlətçiliyə qarşı məsuliyyətsizlik idi.
Qarabağ müharibəsində səriştəsizliyin ağır nəticələri
AXC–Müsavat hakimiyyətinin ən böyük tarixi məsuliyyəti Qarabağ müharibəsi dövründə yol verdiyi səhvlərlə bağlıdır. Müsahibədə də vurğulandığı kimi, həmin illərdə vahid komandanlıq yox idi beləliklə ordu daxilində özbaşınalıq hökm sürürdü.Nəticədə Azərbaycanın strateji əhəmiyyətli əraziləri işğal olundu, minlərlə insan şəhid oldu, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu itkilər yalnız hərbi üstünlüyün yoxluğu ilə deyil, idarəetmə bacarığının olmaması ilə də bağlı idi.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer ayırdığı məsələlərdən biri də AXC–Müsavat hakimiyyəti dövründə ölkədə hökm sürən daxili siyasi qarşıdurma idi. Müxtəlif silahlı qruplar, bir-biri ilə mübarizə aparan siyasi fraksiyalar, regionlarda mərkəzi hakimiyyətə tabe olmayan qüvvələr faktiki olaraq Azərbaycanı vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı.
Bu dövrdə qanun işləmirdi,dövlət orqanları arasında koordinasiya yox idi,hüquq-mühafizə sistemi iflic olmuşdu.
Belə bir şəraitdə dövlətin məhvə doğru getməsi real təhlükə idi və Prezidentin müsahibədə bu dövrü “Azərbaycan üçün ağır sınaq” kimi xarakterizə etməsi tam əsaslıdır.
Xalqın ümidlərinin puça çıxması
AXC–Müsavat hakimiyyəti böyük ümidlərlə hakimiyyətə gəlmişdi. Lakin bu ümidlər çox qısa müddətdə məyusluqla əvəz olundu. İlham Əliyevin də dolayısı ilə qeyd etdiyi kimi, populizm, reallıqdan uzaq vədlər və məsuliyyətsiz qərarlar cəmiyyətdə dərin inamsızlıq yaratdı.
Xalq başa düşdü ki dövlət emosiyalarla idarə oluna bilməz,şüarçılıq real siyasəti əvəz etmir,peşəkarlıq olmadan müstəqilliyi qorumaq mümkün deyil.
Heydər Əliyevin qayıdışı və dövlətçiliyin xilas edilməsi
Prezidentin müsahibəsindəki əsas məntiqi xətt AXC–Müsavat dövrü ilə sonrakı mərhələnin müqayisəsinə əsaslanır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçilik yolunda dönüş nöqtəsi yaşadı. Sabitlik bərpa olundu, dövlət institutları quruldu, ordu formalaşdırıldı, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş imici yaradıldı.Bu fakt bir daha sübut edir ki, AXC–Müsavat hakimiyyətinin uğursuzluğu şəraitin yox, idarə edənlərin səriştəsizliyinin nəticəsi idi.
Tarixi dərs və bugünkü reallıq
İlham Əliyevin müsahibəsi təkcə keçmişə baxış deyil, həm də gələcək üçün dərs xarakteri daşıyır. Bu gün Azərbaycan güclü dövlət, qalib ölkədir. Bunun təməlində isə:
peşəkar kadr siyasəti;
milli maraqlara əsaslanan qərarlar;
güclü dövlət idarəçiliyi dayanır.
AXC–Müsavat dövrünün təhlili göstərir ki, dövlətçilik təsadüfi insanların əlinə keçdikdə, nəticə fəlakət olur. Prezidentin müsahibədə verdiyi mesaj aydındır: Azərbaycan bir daha belə bir xaosa qayıtmayacaq.AXC–Müsavat hakimiyyəti Azərbaycan tarixində səriştəsizlik, məsuliyyətsizlik və dövlətçiliyə təhlükə nümunəsi kimi qalır. İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə bu dövrə toxunması tarixi həqiqətlərin unudulmaması baxımından mühüm əhəmiyyət daşıyır. Güclü dövlət yalnız peşəkar idarəetmə, milli məsuliyyət və sabitlik üzərində qurula bilər. Azərbaycan bu dərsi ağır bədəllə öyrənib və artıq bu yoldan geri dönüş yoxdur.
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı