Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirilir. Dövlət başçısı hər ilin əvvəlində jurnalistlərlə görüşərək ötən ilin yekunları və qarşıda duran prioritetlər barədə Azərbaycan ictimaiyyətinə ətraflı məlumat verir, baş verən proseslərə strateji baxışını bölüşür.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2025-ci il Azərbaycan tarixində xüsusi yer tutan, taleyüklü hadisələrlə yadda qalan bir il olmuşdur. Məhz bu il Ermənistan–Azərbaycan münaqişəsinə siyasi nöqteyi-nəzərdən tam və qəti şəkildə son qoyulmuş, Azərbaycan özünün döyüş meydanında qazandığı parlaq Qələbəni beynəlxalq siyasi müstəvidə də rəsmiləşdirmişdir. Dövlət başçısının vurğuladığı kimi, bu Qələbəyə dünyanın bir nömrəli siyasi platformasında siyasi möhür vurulmuşdur ki, bu da müstəqillik tariximizin ən yaddaqalan və əlamətdar hadisələrindən biri kimi tarixə düşəcəkdir.
Prezident İlham Əliyev müsahibəsində diqqətə çatdırmışdır ki, Azərbaycan xalqı müstəqillik dövrünün böyük hissəsini müharibə şəraitində yaşamışdır. Münaqişənin müxtəlif mərhələləri – aktiv hərbi əməliyyatlar, atəşkəs dövrü, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatları və nəhayət, 2025-ci ilin avqustunda bu proseslərin tam başa çatması ölkəmiz üçün yeni bir mərhələnin başlanğıcı olmuşdur. Artıq Azərbaycan cəmi bir neçə aydır sülh şəraitində yaşasa da, bu dövrün müsbət nəticələri həm siyasi, həm də iqtisadi sahədə aydın şəkildə hiss olunur. Cəmiyyətdə sabitliyə və təhlükəsizliyə inamın artması, müsbət əhvali-ruhiyyənin formalaşması ölkənin qarşısında duran vəzifələrin daha uğurla icra olunmasına əlverişli zəmin yaradır.
Müsahibədə toxunulan mühüm məsələlərdən biri də Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətləri olmuşdur. Prezident İlham Əliyev bildirmişdir ki, 2025-ci il bu münasibətlər baxımından da dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Uzun illər Azərbaycan–ABŞ əlaqələrinin inkişafına ciddi maneə yaradan və erməni lobbisinin təsiri altında qəbul edilən məşhur 907-ci düzəliş faktiki olaraq aradan qaldırılmışdır. Ermənistan–Azərbaycan müharibəsinin başa çatması və ABŞ-da Prezident Donald Tramp administrasiyasının hakimiyyətdə olması bu prosesə mühüm təsir göstərmişdir.
Dövlət başçısının qeyd etdiyi kimi, Prezident Tramp administrasiyası praqmatik və peşəkar yanaşması, milli maraqlara əsaslanan siyasəti ilə seçilir. Bu kontekstdə regionda güclü siyasi, iqtisadi və geosiyasi potensiala malik Azərbaycanla əməkdaşlıq ABŞ üçün də strateji əhəmiyyət daşıyır. Ağ Evdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasimdə 907-ci düzəlişə son qoyulması, hərçənd Konqres tərəfindən hələ rəsmən təsdiqlənməli olsa da, mühüm siyasi və rəmzi məna kəsb edir.
Müsahibədə vurğulanmışdır ki, Azərbaycan və ABŞ arasında strateji işçi qrupunun yaradılması barədə sənəd imzalanmışdır. Bu işçi qrupunun əsas məqsədi iki ölkə arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanmasıdır və artıq bu istiqamətdə fəal iş aparılır. Eyni zamanda, Azərbaycan üçün həyati əhəmiyyət daşıyan əsas məsələlərdən biri – ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında coğrafi bağlantının yaradılması da real mərhələyə qədəm qoymuşdur. Zəngəzur dəhlizinin açılması artıq ABŞ Prezidenti tərəfindən də təsdiqlənmişdir.
Prezident İlham Əliyev əminliklə bildirmişdir ki, bu gün Azərbaycan cəmiyyətində Zəngəzur dəhlizinin açılacağına dair heç bir şübhə yoxdur. Dəhlizin adı fərqli ola bilər, lakin mahiyyəti dəyişmir. Beləliklə, Ermənistanla normallaşma prosesi çərçivəsində Azərbaycan üçün vacib olan bütün əsas məsələlər ölkəmizin milli maraqlarına uyğun şəkildə öz həllini tapmışdır. Paraflanmış sülh sazişi, imzalanmış birgə Bəyannamə və bu sənəddə Prezident Trampın şahid qismində iştirakı Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini göstərir.Prezident İlham Əliyevin müsahibəsi bir daha təsdiq edir ki, 2025-ci il Azərbaycan üçün sülhün, siyasi Qələbənin, beynəlxalq nüfuzun artmasının və yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. Bu tarixi nailiyyətlər ölkəmizin gələcəkdə daha güclü, daha təhlükəsiz və daha firavan olmasına möhkəm zəmin yaradır.
Ülvi Abbasov,
YAP-Xətai rayon təşkilatının əməkdaşı