Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə, təkcə media ilə növbəti görüş deyil, dövlət idarəçiliyində yeni ilin başlanğıcına uyğun olaraq milli gündəmi formalaşdıran bir siyasi platformadır.
Prezident İlham Əliyevin sözlərinə görə, bu görüşlər ənənəvi xarakter daşıyır və hər ilin əvvəlində keçirilərək Azərbaycan ictimaiyyətinə ilin yekunları haqqında həm məlumat verilir, həm də Prezidentin fikirlərini bölüşmək üçün imkan yaranır. Burada iki əsas məqsəd diqqət çəkir: birincisi, ictimai məlumatlandırma; ikincisi isə strateji baxışın toplumla paylaşılması. Bir ölkənin idarəçiliyində şəffaflıq və ictimai etimadın qorunması üçün bu cür açıq formatların rolu danılmazdır. Prezident İlham Əliyev bu ənənəni davam etdirməklə həm ictimai rəyin dövlət siyasətinə yaxınlaşmasını təmin edir, həm də yeni ilin siyasi-ictimai gündəmini formalaşdırır.
Müsahibədə xüsusilə diqqət çəkən məqamlardan biri, Prezident İlham Əliyevin 2025-ci ili tarixi il kimi qiymətləndirməsidir. Dövlət başçısı qeyd edir ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulub və bir neçə aydır sülh şəraitində yaşanılır. Burada diqqətçəkən məqam odur ki, Prezident İlham Əliyev sülhü sadəcə diplomatik sənəd və ya bəyanat kimi təqdim etmir, əksinə, onu yeni həyat tərzi kimi xarakterizə edir. “Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik” ifadəsi, müharibədən çıxmış bir ölkənin psixoloji, siyasi və iqtisadi transformasiya dövrünü yaşadığını göstərir.
Bu ənənəvi görüşlər həm də bir idarəçilik modeli kimi diqqət çəkir: dövlət rəhbərliyi cəmiyyətə hesabat verir, daxili və xarici siyasətdə atılan addımların xronologiyasını, səbəblərini və nəticələrini izah edir. Məsələn, Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərində baş verən dönüşü xronoloji şəkildə izah edir, 907-ci düzəlişin tarixindən başlayaraq bugünkü situasiyaya qədər səbəb-nəticə əlaqəsi qurur. Eyni yanaşma Çinlə əməkdaşlıqda da görünür: iki siyasi sənədin imzalanması, iqtisadi əlaqələrin genişlənməsi, investisiyaların artması, əmtəə dövriyyəsinin rekord həddə çatması ardıcıl şəkildə təqdim edilir.
Bu görüşlər, eyni zamanda, dövlət başçısının ictimai auditoriyaya birbaşa müraciət edərək milli birlik və strateji düşüncə formalaşdırdığı siyasi platformadır. Prezident İlham Əliyev çıxışında təkcə faktları sadalamır, həm də mövqelərini ideoloji çərçivədə əsaslandırır. Məsələn, o, sülh dövrünü “uğurlu və tarixi il” kimi təqdim etməklə cəmiyyətdə inamı artırır və gələcək üçün pozitiv gözlənti yaradır. Cəmiyyətin sabitliyə və təhlükəsizliyə olan inamının artması isə dövlətin davamlı inkişafının əsas sosial bazası kimi göstərilir.
Beləliklə, Prezident İlham Əliyevin hər ilin əvvəlində yerli televiziya kanalları ilə keçirdiyi bu ənənəvi görüşlər, dövlət idarəçiliyinin şəffaflıq və hesabatlılıq modelini ortaya qoyur. Bu format ictimaiyyət üçün informasiya qaynağı olmaqla yanaşı, dövlətin strateji gündəmini formalaşdırmaq və cəmiyyətin prioritetləri ilə dövlət siyasətinin uzlaşmasını təmin etmək baxımından da mühüm rol oynayır. Prezident İlham Əliyevin bu görüşləri davam etdirməsi, Azərbaycanın ictimai-siyasi həyatında dialoqun və dövlət-cəmiyyət əlaqələrinin gücləndirilməsi istiqamətində atılmış sistemli addım kimi qiymətləndirilə bilər.
Nəzrin Əskərzadə,
191 nömrəli tam orta məktəbin müəllimi