10 yanvar 2026 01:39
156

Bu cihaz epilepsiya tutmalarını əvvəlcədən xəbər verəcək

Alimlər süni intellekt texnologiyasının köməyi ilə epilepsiya xəstələri üçün tutmadan əvvəl xəbərdarlıq edən innovativ başlıq hazırlayıblar. 95 %-ə qədər dəqiqlik göstərən bu cihaz tutma zamanı baş verə biləcək xəsarətlərin qarşısını almağa da kömək edir.

Şotlandiyanın Qlazqo Kaledoniya Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış, analoqu olmayan bu qulaqlıq epilepsiya tutmalarını baş verməzdən əvvəl proqnozlaşdıra bilir.

“Independent” nəşrinin məlumatına görə, alimlər bu texnologiyanın xəstələrə vaxtında reaksiya vermək imkanı yaradaraq epilepsiyanın idarə olunmasında mühüm dönüş nöqtəsi ola biləcəyini bildiriblər.

Layihənin rəhbəri, professor Hadi Laricani cihazın beyin dalğalarını və ürək fəaliyyətini təhlil edərək tutmaları müəyyən etdiyini bildirib. Onun sözlərinə görə, bu texnologiya epilepsiya xəstələrinə gündəlik həyatlarında daha təhlükəsiz şəkildə hərəkət etmələri üçün şərait yaradır: “Tutmadan cəmi bir neçə dəqiqə əvvəl edilən xəbərdarlıq belə insanların həyatında ciddi fərq yarada bilər. Məqsədimiz xəstələrə və onların ailələrinə təhlükəsizlik tədbirləri üçün vaxt qazandırmaq və onların daha müstəqil yaşamalarına şərait yaratmaqdır”.

Epilepsiya Birləşmiş Krallıqda təxminən 630 min insana təsir edən ciddi nevroloji xəstəlikdir. “Epilepsy Action” (Epilepsiya ilə Mübarizə Mərkəzi) təşkilatının məlumatına görə, epilepsiya beyində təsirlənən sahədən asılı olaraq təxminən 60 fərqli növ tutmaya səbəb ola bilər.

Professor Laricani bu son dərəcə unikal başlığın gələcəkdə adi papaq kimi taxıla bilən, yüngül, simsiz və gözə çarpmayan bir məhsul kimi bazara çıxarılmasının planlaşdırıldığını deyib. Onun sözlərinə görə, cihaz hazırda mövcud olan digər tibbi qurğularda olmayan bir sıra funksional xüsusiyyətlərə malikdir.

Tədqiqatçılar sistemi öyrətmək üçün minlərlə saatlıq elektroensefaloqrafiya (EEQ) və elektrokardioqrafiya (EKQ) qeydlərindən istifadə ediblər. Süni intellekt alqoritmi tutmadan əvvəl ortaya çıxan elektrik və fizioloji dəyişiklikləri tanımağı öyrənib. Bu dəyişikliklər aşkarlandıqda sistem vaxtında xəbərdarlıq edərək xəstələrə və onların ailə üzvlərinə tədbir görməyə hazırlaşmaq üçün müəyyən qədər vaxt qazandırır.

Başlıq 95 %-ə qədər dəqiqliklə işləyir və süni intellekt sistemi xəbərdarlığın etibarlılıq səviyyəsini də göstərir. Professor Laricani bildirir ki, qısamüddətli xəbərdarlıq belə xəsarətlərin qarşısını ala və ailələrin yaşadığı qorxunu azalda bilər.

Layihə Böyük Britaniyanın Tədqiqat və İnnovasiya Agentliyinin “Proof of Concept (Konsepsiyanın Sübutu)” proqramı çərçivəsində 9 milyon funt sterlinq dəyərində maliyyə dəstəyi alıb. Bu tədqiqat, əvvəllər radioloqların diqqətindən yayınan epilepsiya ilə əlaqəli beyin anomaliyalarını aşkarlaya bilən süni intellekt proqramlarının hazırlanması istiqamətində aparılan işlərin davamıdır.

Alimlər dizayn üzərində işi davam etdirərək cihazın gələcəkdə uşaqlar tərəfindən də istifadə olunmasını hədəfləyirlər. Lakin tibbi cihazlar üçün tələb olunan hüquqi və klinik təsdiqlər səbəbindən başlığın geniş istifadəyə verilməsi üçün hələ bir neçə il vaxt lazım olacağı bildirilir.

Şahnigar Əhmədova, “İki sahil”