13 yanvar 2026 22:37
80

Plastiklərdən yayılan gizli təhlükə

Yeni elmi araşdırmaya görə, gündəlik həyatda tez-tez istifadə olunan plastik su şüşələri kimi mənbələrdən yayılan mikroplastiklər mədəaltı vəzi (pankreas) birbaşa zədələyə bilir.

Əvvəlki tədqiqatlarda ölçüləri təxminən millimetrin mində birindən 5 millimetrədək dəyişən mikroplastiklər hormonal pozuntular, diabet, insult və müxtəlif xərçəng növləri də daxil olmaqla bir sıra sağlamlıq problemlərinin yaranması ilə əlaqələndirilsə də, əksər hallarda birbaşa səbəb-nəticə əlaqəsi qurulmamışdı. Yeni araşdırma isə plastik şüşələrin əsas tərkib hissəsi olan polietilen-tereftalatın (PET) xırda hissəciklərinin mədəaltı vəzi üzərində zəhərli təsirlərə malik olduğunu təsdiqləyir.

Polşa və İspaniyadan olan alimlər PET mikroplastiklərinin donuzlarda mədəaltı vəzi hüceyrələrinə birbaşa zəhərli təsir göstərdiyini və bunun potensial olaraq diabet və piylənməyə yol aça biləcəyini müəyyən ediblər. Tədqiqatda donuz modelindən istifadə olunmasının səbəbi mədəaltı vəzi funksiyası və maddələr mübadiləsi baxımından bu heyvanların insanlarla fizioloji cəhətdən oxşarlıq təşkil etməsidir.

Araşdırma çərçivəsində donuzun mədəaltı vəzi müxtəlif konsentrasiyalarda PET mikroplastiklərinə məruz qoyulub. Alimlər hüceyrə səviyyəsində yağ yığılması və toksiklikdə dəyişiklikləri, həmçinin orqanın ümumi metabolik fəaliyyətini izləyiblər. “BMC Genomics” adlı elmi jurnalda dərc olunan araşdırmada bildirilib ki, donuzlar 4 həftə ərzində aşağı və ya yüksək dozada PET mikroplastiklərə məruz qalıb. Aşağı doza gündə 0,1 qram, yüksək doza isə 1 qram təşkil edib. Tədqiqatın nəticələrinə əsasən, PET mikroplastikləri donuzların mədəaltı vəzində əhəmiyyətli hüceyrə ölümünə səbəb ola və orqanın funksiyasında ciddi pozuntular yarada bilər. Bu hissəciklərin mədəaltı vəzin əsas funksiyalarında iştirak edən zülallara birbaşa təsir göstərdiyi müəyyən edilib.

Araşdırmada qeyd olunub ki, PET mikroplastikləri zülal bolluğuna dozadan asılı şəkildə təsir edir. Belə ki, aşağı doza 7 zülalın, yüksək doza isə 17 zülalın səviyyəsinin dəyişməsinə səbəb olub. Alimlər PET mikroplastiklərinə məruz qaldıqdan sonra donuzların mədəaltı vəzində yağ damcılarının anormal dərəcədə artdığını da müşahidə ediblər. Yağ damcılarının yığılması insulin ifrazının və qlükoza mübadiləsinin pozulması ilə birbaşa əlaqəlidir. Bundan əlavə, PET hissəciklərinin donuzların mədəaltı vəzində hüceyrə səviyyəsində iltihabi proseslərin yaranmasına səbəb ola biləcəyi bildirilib.

Bütün nəticələr ümumiləşdirildikdə, araşdırma mikroplastiklərin maddələr mübadiləsi pozuntularına səbəb ola biləcəyi yeni bir mexanizmə işarə edir. Tədqiqatçılar bu nəticələrin insanlarda da oxşar təsirlər göstərə biləcəyini vurğulayaraq, siyasətçiləri və tənzimləyici qurumları artan mikroplastik çirklənməsinin sağlamlıq üzərindəki təsirlərini nəzərə almağa çağırıblar. Eyni zamanda, mikroplastiklərin qida zəncirində necə toplandığını anlamaq üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.

Şahnigar Əhmədova, “İki sahil”