15 yanvar 2026 08:25
130

Masa arxasında işləyirsinizsə, diqqətli olun…

Günlük həyatının böyük hissəsini masa arxasında keçirən milyonlarla insanlar fərqində olmadan formalaşan yanlış duruş vərdişləri səbəbindən təkcə boyun və bel ağrıları ilə deyil, tənəffüsdən tutmuş enerji səviyyəsinə qədər uzanan müxtəlif sağlamlıq problemləri ilə üzləşə bilərlər. Mütəxəssislər bildirirlər ki, uzun müddət ekran qarşısında önə əyilərək işləmək bədənin təbii tarazlığını pozur və həyati sistemlərin səmərəli fəaliyyətinə mənfi təsir göstərir.

Həkim Özlem Erodabaşı qeyd edib ki, uzun müddət masa arxasında və ekran qarşısında çalışan şəxslərdə yanlış duruş təkcə dayaq-hərəkət sisteminə deyil, eyni zamanda, tənəffüs və enerji mübadiləsi kimi həyati funksiyalara da ciddi zərər verə bilər. Onun sözlərinə görə, insan bədənində 600-dən çox əzələ və 200-dən artıq oynaq mövcuddur və dayaq-hərəkət sistemi yalnız hərəkəti təmin etmir, həm də daxili orqanları və beyni qoruyur.

Erodabaşı vurğulayıb ki, düzgün duruş bədəndəki bütün sistemlərin səmərəli işləməsi üçün həlledici əhəmiyyət daşıyır: “Elmi araşdırmalar göstərir ki, tənəffüs, qan dövranı, həzm və sinir sisteminin optimal işləməsi üçün onurğa dik vəziyyətdə olmalı, baş onurğanın davamı kimi yerləşməli, əzələlər isə tarazlıqda saxlanılmalıdır. Bu duruş eyni zamanda, əsas tənəffüs əzələsi olan diafraqmanın da effektiv işləməsini təmin edir.”

Uzun müddət önə əyilərək işləməyin bədəndə qalıcı uyğunlaşmalara səbəb ola biləcəyini bildirən mütəxəssis əlavə edib ki, gündə 8-10 saat bu vəziyyətdə çalışan insanlarda zamanla onurğa əyriliyi, boyun nahiyəsində sıxılma və çənənin önə çıxması kimi hallar müşahidə olunur: “Bədən bu vəziyyətə ən az enerji sərf etməklə uyğunlaşmağa çalışır. Bu hal qalıcı olduqda isə ağrılar başlayır. Ağrı bədənin bəzi düzəlişlər etməli olduğunuzla bağlı xəbərdarlığıdır”

Əzələ gücü, genetik xüsusiyyətlər və müntəzəm fiziki aktivliyin bu prosesi ləngidə bildiyini deyən Erodabaşı stress və emosional gərginliyin isə duruş pozğunluğunun mənfi təsirlərini daha da sürətləndirdiyini qeyd edib. Duruş pozğunluğunun fəsadlarını azaltmaq üçün qısa və müntəzəm fasilələrin vacibliyinə diqqət çəkən mütəxəssis hər 20-30 dəqiqədən bir yüngül dartınma hərəkətləri etməyi, gözləri uzaq nöqtəyə baxaraq dincəltməyi, çiyinləri geriyə doğru çevirməyi və dərin nəfəs məşqlərini tövsiyə edib. Onun sözlərinə görə, hər 40-60 dəqiqədən bir ayağa qalxaraq bir neçə addım gəzmək, göz məşqləri etmək və bol su içmək bel əzələlərinə qan axının bərpasına kömək edir.

Erodabaşı iş mühitinin erqonomik (insan orqanizminə uyğunlaşdırılmış) şəkildə tənzimlənməsinin də önəmli olduğunu vurğulayaraq, monitorun göz səviyyəsində yerləşdirilməsinin, masa hündürlüyünün vaxtaşırı dəyişdirilməsinin və oturarkən gövdə ilə bud arasındakı bucağın 90 dərəcədə saxlanılmasının bel nahiyəsinə düşən yükü azaltdığını bildirib.

Sonda uzun müddət masa arxasında çalışanlara stresin idarə olunmasını gündəlik həyatın bir hissəsinə çevirməyi və bədənləri ilə şüurlu şəkildə davranmağı tövsiyə edən Erodabaşı qeyd edib ki, müntəzəm fiziki aktivlik və ya hərəkətli həyat tərzi sağlamlığın qorunmasında mühüm rol oynayır: “Bu tövsiyələrdən yalnız birini belə həyatınıza daxil etməyiniz və davamlı şəkildə tətbiq etməyiniz daha sağlam və enerjili bir ömrün qapısını aça bilər.”

Şahnigar Əhmədova, “İki sahil”