15 yanvar 2026 22:57
122

Qışda əllərinizin dərisi çatlayır? Elə isə..

Qış aylarında soyuq havaya, küləyə və tez-tez su ilə təmasa məruz qalan əllərdə quruluq və çatlamalar əmələ gəlir. Mütəxəssislər bildirirlər ki, bu problemin qarşısını almaq üçün bahalı və kimyəvi tərkibli vasitələrə üz tutmağa ehtiyac yoxdur. Əllərin bərpası üçün lazım olan ən təsirli üsullardan biri ev şəraitində hazırlanan təbii qarışıqdır.

Xüsusilə qış mövsümündə açıq havada işləyənlər, tez-tez təmizlik işləri görənlər və davamlı olaraq soyuq su ilə təmasda olan şəxslər əllərinin quruluğundan və çatlamadan daha çox əziyyət çəkirlər. Bu zaman yalnız müvəqqəti nəmləndirmə vasitələrinə deyil, dərini qidalandıran və bərpa edən qulluq üsullarına üstünlük verilməsi daha qalıcı nəticə verir.

Mütəxəssislər qeyd edirlər ki, zeytun yağı, bal və limon suyundan ibarət sadə, lakin təsirli qarışıq əllərin dərisini dərin qatlara qədər qidalandıraraq yumşaldır və çatların azalmasına kömək edir.

Təbii qarışımın tərkibi:

         • 1 xörək qaşığı zeytun yağı

         • 1 çay qaşığı bal

         • 1 çay qaşığı limon suyu

Zeytun yağı tərkibindəki təbii yağ turşuları sayəsində dərinin nəm balansını qoruyur, bal dərini yumşaldır və bərpa prosesini sürətləndirir, limon suyu isə ölü hüceyrələrin təmizlənməsinə kömək edir.

Necə tətbiq olunmalıdır?

Bütün inqrediyentlər bir qabda yaxşıca qarışdırılır və alınan məhlul quru əllərə masaj edərək çəkilir. Xüsusilə çatların daha çox olduğu nahiyələrə diqqət yetirilməlidir. Qarışığın daha yaxşı hopması üçün əllərə pambıq əlcək geyinmək və ya streç salafan ilə bükmək tövsiyə olunur. Təxminən 20-30 dəqiqə saxladıqdan sonra əllər ilıq su ilə yuyulur və yüngül nəmləndirici krem çəkilir.

Bu qulluq həftədə 2-3 dəfə tətbiq edildikdə, çatların görünüşündə azalma və dərinin soyuğa qarşı davamlılığında artım müşahidə olunur. Dəriləri çox quru olanlar ilk həftələrdə bu proseduru daha tez-tez, sonrakı mərhələdə isə həftəlik qulluq kimi davam etdirə bilərlər.

Vacib xəbərdarlıq:

Əllərdə açıq yara, qanama və ya ciddi qıcıqlanma varsa, bu cür qarışıqların tətbiqi məsləhət görülmür. Həssas dərili şəxslərdə limon suyu qıcıqlanma yaradacağından, onlar onu qarışığın tərkibindən çıxara bilərlər. Bununla yanaşı, mümkün allergik reaksiyaların qarşısını almaq üçün əvvəlcədən həkimlə məsləhətləşmək tövsiyə olunur.

Şahnigar Əhmədova, “İki sahil”