28 noyabr 2016 23:14
15728

Torpağın təyinatı hansı hallarda dəyişdirilə bilər?

Zəbt olunmuş torpaqların dövriyyəyə qaytarılması bəzi hallarda anlaşılmazlıq yaradır

Kənd təsərrüfatı torpaqların qanunsuz istifadəsi və zəbt olunmasının qarşısının alınması ilə bağlı aparılan monitorinqlər nəticəsində yüz hektarlarla əkin sahələri yenidən dövriyyəyə qaytarılıb. Əmlak Məsələləri Dövlət Komitəsinin müfəttişləri tərəfindən Bakı və regionlarda aparılan monitorinqlər zamanı ortaya çıxan qanunsuzluqlar müvafiq qaydada aktlaşdırılaraq cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Məqsəd torpaq ehtiyatlarından əsassız istifadə və ya torpaqların vətəndaşlar, hüquqi şəxslər tərəfindən uzunmüddətli istifadəsiz saxlanması hallarının qarşısını almaq, ondan səmərəli, məqsədli və qənaətli istifadəni təmin etməkdir.

Monitoriqlər zamanı məlum olub ki, bəzi hallarda vətəndaşlar yerli bələdiyyənin razılığı əsasında uzunmüddətli icarəyə götürdüyü torpaq sahəsində kənd təsərrüfatı məqsədilə istifadə edir. Amma meşə zolaqlarının kənarında yerləşən torpaq sahəsində həm də heyvandarlıq məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz tikinti aparılması halları da qeydə alınır. Məsələn, həmin torpaq sahələrində tövlələr, kənd təsərrüfatı ilə məşğul olan ailənin yaşaması üçün fərdi evlər tikilib. Bu isə zəbt olunmuş torpaqların dövriyyəyə qaytarılması məqsədilə monitorinqlər aparan qurumlarla torpaq mülkiyyətçiləri arasında anlaşılmazlıq yaradır. Belə ki, yerli icra hakimiyyəti orqanları analoji hallarla rastlaşdıqda torpaq mülkiyyətçisindən kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa etdirdiyi tövlələrin və çobanların yaşaması üçün tikilmiş evin sökülməsini tələb edirlər. Səbəb kimi mülkiyyətçinin istifadəsində olan torpaq sahəsinin təyinatının guya, qanunsuz olaraq dəyişdirilməsi göstərilir. Halbuki həmin torpaq sahəsi sənəddə kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilir və hazırda burada həm kənd təsərrüfatı məhsulları əkilir, həm də heyvandarlıqla məşğul olurlar.

Bəs, kənd təsərrüfatı təyinatlı torpaqlarda heyvanların saxlanması üçün tövlələrin, yaxud çobanlar ailələrinin müvəqqəti məskunlaşmasından ötrü fərdi evlərin tikilməsinə yol verilirmi? Bu hal kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi kimi təsbit oluna bilərmi? Ümumiyyətlə,  torpaqların öz təyinatına uyğun istifadə olunub-olunmadığı necə müəyyən edilir? Torpaqların təyinatı hansı hallarda dəyişdirilə bilər və bu dəyişiklik hansı formada həyata keçirilir?

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycanda bütün torpaqlar mülkiyyət növündən asılı olmayaraq, təyinat üzrə təsnifatlaşdırılır. Belə ki, hazırda Azərbaycan Respublikasında torpaq fondu 7 kateqoriyaya bölünüb. Bunlar kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları və ehtiyat fondu torpaqlarıdır.

Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyalı torpaqlar özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır.

Torpaqların təyinatının hansı hallarda dəyişdiriləcəyinə gəlincə, Dövlət Agentliyindən bildiriblər ki, bu şərtlər konkret amillərlə əsaslandırılmalıdır. Belə ki, torpaqların təyinatını dəyişmək ehtiyacı hər hansı dövlət əhəmiyyətli layihələr və ya sifarişlər həyata keçirilərkən, torpağın təyinatı üzrə istifadəsi səmərəsiz olduğu hallarda, subasma, çökmə, sürüşmə, şoranlaşma və digər təbiət hadisələri nəticəsində torpağın strukturu, habelə keyfiyyət göstəriciləri dəyişdikdə və ya yararsız hala düşdükdə yarana bilər. Bu halda torpağın qanuni istifadəçisi olan fiziki və hüquqi şəxslər, yerli icra hakimiyyəti orqanları həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı aidiyyəti üzrə vəsatət qaldıra bilər. Rəsmi qaydada müraciət daxil olduqdan sonra yuxarıda göstərilən tələblər əsasında torpağın təyinatının dəyişdirilməsi posesinə başlanıla bilər.  Yəni bütün hallarda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Dövlət və ictimai ehtiyaclar üçün torpaqların məqsədli təyinatı və kateqoriyasının dəyişdirilməsi zərurəti yarandıqda torpağın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti Nazirlər Kabineti qarşısında  vəsatət qaldırır. Nazirlər Kabinetinin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının  məsələyə rəyi verildikdən sonra, sifarişçi tərəfindən sənədlər  Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi  tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əgər sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa , torpağın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı sərəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökumətin qərarı veriləndən sonra torpaq sahəsindən  qərarda qeyd olunan  təyinat üzrə istifadəyə icazə verilir.

Elxan Salahov, “İki sahil”