Amerikalı tibb mütəxəssisləri xəstələrin tibbi məlumatları və klinikalara müraciət tarixçələri əsasında demensiyanın inkişafının ilkin əlamətlərini çox yüksək dəqiqliklə aşkar etməyə qadir olan neyroşəbəkələrdən ibarət sistem hazırlayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Massaçusets xəstəxanalar şəbəkəsinin (MGB) mətbuat xidməti məlumat yayıb.
Bu süni intellekt agenti ilk praktiki sınaqlar zamanı zehni və yaddaş zəifləməsinin real hallarının 62 faizini müəyyən edə bilib.
“Biz tək bir süni intellekt sistemi deyil, bütöv bir klinik neyroşəbəkə komandası yaratmışıq. Bu sistem beş ixtisaslaşmış agentdən ibarətdir. Hər biri digər komponentlərin nəticələrini kritik şəkildə təhlil edir və onların daha dəqiq və dolğun nəticələrə gəlməsinə kömək edir. Bu, həkim konsiliumunun iş prinsipi ilə oxşardır,” – deyə Massaçusets Ümumi Xəstəxanasının (ABŞ) dosenti Hüseyn Estiri bildirib.
Həkimlərin qeyd etdiyinə görə, demensiya adətən xəstələrdə orta və ya gec mərhələlərdə aşkarlanır. Bu mərhələdə beyin toxumalarında baş verən patoloji proseslərin müxtəlif terapiyalar və ya həyat tərzinin dəyişdirilməsi ilə qarşısını almaq olduqca çətin olur. Bunun səbəblərindən biri də demensiyanın diaqnostikası üçün istifadə olunan əmək tutumlu və uzunmüddətli koqnitiv testlərin həm çətin, həm də baha başa gəlməsidir.