Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb. Belə ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara təchiz edilir. İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.
İlham Şaban: Azərbaycan Avropanın qaz bazarında aktiv oyunçulardan birinə çevrilir

Enerji məsələləri üzrə ekspert İlham Şaban mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycanın təbii qaz ixracı son illərdə ardıcıl artım nümayiş etdirir: “İlk öncə onu bildirim ki, Azərbaycan qazının Avropada ixrac coğrafiyası genişlənir. İndiyənə qədər Cənubi Avropa, Balkanlar, Şərqi Avropa ölkələrinin qaz təchizatında yaxından aktiv sürətdə iştirak edirdiksə, 2026-cı ilin yanvarından Avstriya və Almaniyaya qaz ixracının tədarükünə başlanması, həmçinin Mərkəzi Avropa ölkələrinə Azərbaycan qazının “ayaq açması”, ölkəmizin Avropa ölkələrində mövqelərinin möhkəmlənməsi deməkdir. Azərbaycanın həmin ölkələrin qaz təchizatında aktiv oyunçulardan birinə çevrilməsi deməkdir.”
10 illik müqavilə: İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq təxminən 1,5 milyard kubmetrə çatdırılacaq
İlham Şaban vurğulayıb ki, nəzərə almaq lazımdır ki, Avropa Komissiyasının ötən ilin sonunda qəbul etdiyi qərarlar, onların fokuslandığı 2027-ci ilin sonuna qədər Rusiya qazından tamamilə imtina etmək istəyi ona gətirib çıxarır ki, artıq alternativ mənbələrdən qaz idxalını həyata keçirsinlər: “Azərbaycana da mövcud boru kəməri üzrə alternativ mənbələrdən Avropaya qaz tədarükündə iştirak edən ölkə qismində baxılır. Digər tərəfdən xatırlatmaq yerinə düşər ki, 2025-ci ilin iyun ayında SOCAR ilə Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanmışdı. Sənədə əsasən, qaz həcmləri SOCAR tərəfindən Avropada SEFE-yə təchiz ediləcək. İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 15 TWh-a (terevatt–saat), yəni təxminən 1,5 milyard kubmetrə (bcm) çatdırılacaq. Bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə, Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək. Onu da vurğulayım ki, “Şahdəniz”dən Cənubi Qafqaz Boru Kəməri Trans-Adriatik Boru Kəməri vasitəsilə nəql olunan Azərbaycan qazını Almaniyanın “Uniper” şirkəti İtaliya üzərindən Avropaya nəql edir. Xatırladım ki, SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə “Uniper SE”nin baş kommersiya direktoru, “Uniper Global Commodities SE”nin baş icraçı direktoru Karsten Poppinga ilə görüşdə şirkətlərin strateji inkişaf hədəflərindən və əldə olunan nailiyyətlərdən bəhs edilib. Həmin görüşdə də “Uniper” şirkətinin Azərbaycan qazını alıb Avropa bazarına çıxaran əsas tərəfdaşlardan biri olduğu vurğulanıb, SOCAR-dan potensial əlavə qaz həcmlərinin alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.”
Bütün sadalanan onu deməyə əsas verir ki, SOCAR Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış qaz strategiyasına uyğun olaraq, Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini davamlı şəkildə genişləndirir, müxtəlif ölkələrdən olan alıcılarla əməkdaşlıq portfelini artırır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir.
Orxan Vahidoğlu, “İki sahil”
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təqsdiqlənib
Balıqçılıq və akvakultura sahəsində VAHİD İDARƏETMƏ MEXANİZMİ FORMALAŞIR - MÜSAHİBƏ