KÖŞƏ

Taleh Turqut

Mələk donuna girmiş “Qərb şeytanlığı”

29 noyabr 2016 14:27
707

Bir sıra Qərb dövlətlərində islamofobiya və antimüsəlman tendensiya getdikcə artmaqdadır. Amerika Birləşmiş Ştatlarının Respublikaçılar Partiyasının təmsilçisi Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra bu ölkədə də antiislam çağırışları artmağa başlayıb. Ölkədə fəaliyyət göstərən Amerika-İslam Əlaqələri Şurası bildirib ki, yaxın günlərdə təkcə Kaliforniya əyalətində üç məscidə islamofobik və irqi məzmunlu məktublar göndərilib. Məktublarda D.Trampa təriflər yağdırmaqla yanaşı, müsəlmanlara qarşı ağır təhqir və hədə-qorxu dolu ifadələr yer alıb. Son günlər ABŞ-da bu tipli hadisələrə tez-tez rast gəlinir.

Qeyd edək ki, Avropanın bir sıra ölkələrində irqçilik və qeyri-millətlərə qarşı aqressiya son illərdə artmaqda davam edir. Amerikada isə bu proses D.Trampın seçki kampaniyasına başladığı dövrdən müsəlmanlar əleyhinə verdiyi açıqlamalardan sonra daha geniş vüsət almağa başladı. Ekspertlər hesab edirlər ki, bu gün Qərb dünyasının sərgilədiyi radikal düşüncə tərzi yaxın gələcəkdə dünyada ciddi kataklizmlərin yaranmasına səbəb ola bilər. Bəs bu prosesin D.Trampın ABŞ prezidenti seçilməsi ilə nə əlaqəsi var?

Siyasi müşahidəçilər hesab edirlər ki, son illərdə Avropada güclənməkdə olan radikalizm Trampın qələbəsindən təsirlənərək daha da artmağa başlayıb. Onun prezident seçilməsi təkcə bu ölkədə deyil, dünyanın bir çox yerlərində radikalların hakimiyyətə gələcəyi tendensiyasının artacağı fikirlərini çoxaldıb. Bəzi siyasi mərkəzlər bu halın dünyada böyük kataklizmlərə zəmin yaratdığını bildirirlər.

Müşahidələr göstərir ki, bu iddialar heç də yersiz deyil. Trampın qələbəsi Avropada da bir sıra sağ təmayüllü siyasi qüvvələri həvəsləndirib və onların hakimiyyətə gəlmək ümidlərini artırıb. Avropa İttifaqı ölkələrinin siyasi həyatında baş verən bəzi proseslərin təhlili bunu söyləməyə əsas verir.

D.Tramp seçkidən sonrakı açıqlamalarının birində bildirib ki, Böyük Britaniyanın Müstəqillik Partiyasının sədri Naycl Faracı ABŞ-da səfir görmək arzusundadır. Tramp hesab edir ki, o, böyük işlərə imza ata bilər.

Xatırladaq ki, N.Farac Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına nail olan və AB-nin dayaqlarını sarsıdan siyasətçi kimi tarixə düşüb.

Qeyd edək ki, Avropanın digər üzv dövlətlərində də bu proses geniş vüsət almaqdadır və onun önündə Almaniya və Fransa kimi “demokratik” dövlətlər gedir. Almaniyada antiislam təmayülü ilə tanınan “Almaniya üçün alternativ” Partiyası və PEGİDA təşkilatının fəallaşması bu ölkənin də AB-dən uzaqlaşmağa hazırlaşdığını söyləməyə imkan verir. PEGİDA-nın rəhbəri Luts Baxman bildirib ki, adı çəkilən partiyanı seçkilərdə dəstəkləyəcəkdir. PEGİDA rəhbərliyi siyasi səhnəyə atılmaq və hakimiyyətə gəlmək iddialarını da gizlətmir. Fransadakı seçkilərdə də antiavropa və antiislam düşüncə ilə tanınan “Milli cəbhə” fəallığı ilə diqqəti cəlb edir. Partiyanın sədri Mari Le Pen müsəlmanlara qarşı çağırışları ilə “məşhurdur”. Onun reytinqi heç də zəif hesab edilə bilməz. Xanım Le Pen də hakimiyyətə gələcəyi təqdirdə Fransanın AB-də qalıb-qalmaması məsələsinə baxılacağını bildirir. Niderland Azadlıq Partiyasının sədri Gield Vilders də parlament seçkilərində qalib gələcəkləri təqdirdə “Müsəlmanlarsız Niderland” quracaqlarını bildirib. O, “Quran”ı müsəlmanların “Mayn kampf”ı adlandırıb və ölkəsinin AB-də qalmasının əleyhinədir.

Digər Avropa ölkələrində də vəziyyət eynidir. Məsələn, Finlandiyada “Finlər”, İsveçin “Demokratlar”, Danimarkanın “Xalq”, Macarıstanın “Yobbik”, Avstriyanın “Azadlıq”, İtaliyanın “Beş ulduz”, Yunanıstanın “Qızıl şəfəq” partiyaları da eyni siyasi platforma ilə çıxış edirlər və cəmiyyətdə mövqeləri getdikcə möhkəmlənməkdədir.

Son dövrlərdə bu dövlətlərin bəzi müsəlman ölkələrinə qarşı sərgilədikləri münasibət deyilənlərin reallıqdan o qədər də uzaq olmadığını göstərir. 50 ildən artıq bir dövrdə Türkiyəni Avropa Birliyinin qapısında gözlədən Avropa bu ölkənin Birliyə qəbul edilməsi ilə bağlı müzakirələrin dayandırılması haqqında qərar qəbul edib. Bəhanələri isə guya Türkiyənin qarşısına qoyulan demokratik şərtləri yerinə yetirməməsi olub. Vaxtaşırı Qərbin müəyyən dairələrində Azərbaycana qarşı sərgilənən qərəzli və ikili standartlara söykənən münasibətlərə də az rast gəlinmir. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Qərbin göstərdiyi mövqe onların demokratiya, insan haqları və siyasi plüralizm məsələsində nə qədər “səmimi” olduqlarını ortaya qoyur. Dünyaya demokratiya və insan haqlarından “dərs keçməyə” çalışan Qərb cəmiyyəti özü radikal çağırışlar poliqonuna çevrilib və dünyanı böyük fəlakətlərə sürükləyən təhlükə mənbəyi olub.